Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, əməkdar artist Elza Seyidcahanın efirdə səsləndirdiyi “Tüpürüm sizin ağzınıza” adlı şeiri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, Elza Seyidcahan Teleqraf.com-a açıqlamasında qalmaqallı şeiri haqqında bu sözləri deyib:
“Əvvəllər şeirlərimə özüm də “cızma-qara”lar deyirdim, amma AYB üzvü olduqdan sonra bu ifadəni işlətmirəm. Öz ağılıma hörmətlə yanaşıram. Şairə xanım kimi mənim də öz tərzim var. Şeirlərimi hər dəfə oxuyanda insanlar başqa cür başa düşürlər. Bu gün şeirlərimə gülənlər sabah sözün yaxşı mənasında ağlayırlar. İllər öncə məni kəskin tənqid edənlər bu gün tərifləyirlər. Hətta deyirlər ki, Elza Seyidcahanın bir şeirindən üç kitab yazmaq olar.
Bilirsiniz ki, bəstəkar olaraq mənim üç-dörd mahnım var, digərləri klassik şairlərimizin əsərlərindən ibarətdir. Mən bəstəkar olaraq o şeirləri axtaranda, mahnı bəstələyəndə özüm də öyrənirəm, kitablar oxuyuram. Məsələn, “Tüpürcəyim baldır, mənim. Alın bunu ağzınıza” şeirimdə “Tüpürüm sizin ağzınıza” misrası yoxdur.
Mən AYB-nin sədri Anardan, AYB-nin sədr müavini Rəşad Məciddən və xalq yazıçısı Çingiz Abdullayevdən üzr istəyirəm ki, mənə görə onları narahat edirlər. Onların yaradıcılıqılarının gözəl çağında boş-boş sözlərə görə onları narahat edilirlər. Halbuki mən icazə vermərəm nə Bəstəkarlar İttifaqına, nə də AYB-nin adına toz qonmağa… Öz əməlimlə, öz danışığımla, öz oxumağımla, yazmağımla.
“Tüpürcəyim baldır, mənim. Alın bunu ağzınıza” misram Qurani-Kərimə əsaslanır. Arılar bal çəkir güllərdən, çiçəklərdən. Elə insanlar var ki, bizim üçün onun tüpürcəyi də baldır. Anamın, babamın, övladımın, dahilərimizin tüpürcəyi də mənim üçün baldır. Mən misranı o mənada işlətmişəm. Sadəcə bəzi insanlar paxıllıq etmək üçün bilmirlər nə etsinlər. Bu isə savadsızlıq və cahillikdən irəli gəlir.