Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gündən sonra kəndin yaxınlığındakı dərə yatağında çuvalın içərisində cəsədi tapılan 8 yaşlı Narin Güranın işi çərçivəsində istintaq davam edir.
Narinin ölümü ilə bağlı Ədliyyə Tibb Qurumunun hesabatı tamamlanıb. Uşağın hansı tarixdə və necə öldürüldüyü məlum olub.
Titul.az xəbər verir ki, bu barədə Oxu.Az Sondakika.com-a istinadən xəbər verir.
Hesabata görə, Narin ağız-burnunun qapadılması və boynuna təzyiq edilərək sıxılması nəticəsində oksigen çatışmazlığından dünyasını dəyişib. Diyarbəkir Respublika Baş Prokurorluğuna göndərilən hesabatda Narin Güranın yoxa çıxdığı gün, yəni avqustun 21-də öldüyü bildirilib.
Hesabatda mövcud məlumatlar əsasında uşağın cinsi təcavüzə məruz qalıb-qalmaması ilə bağlı tibbi qiymətləndirmənin aparılmasının mümkün olmadığı qeyd edilib.
Həmçinin ayağının sol dizindən aşağı qopmasına səbəb olan travmanın ölümdən sonra heyvanlar tərəfindən törədildiyi vurğulanıb.
"Uşağın ölümünün ağız-burnunun bağlanması və boynuna təzyiq nəticəsində oksigen çatışmazlığı səbəbindən baş verdiyi yekdilliklə təsdiqlənib", - deyə hesabatda bildirilib.
Narin Güranın qardaşı Enes Güranın qolundakı diş izlərinin araşdırılması isə davam edir və bu barədə tibbi rəyin sentyabrın 21-də açıqlanması gözlənilir.