Qarabağda sülhməramlıların ölümü ilə bağlı Rusiya və Azərbaycanda cinayət işi açılıb və yaxın vaxtlarda məhkəmə prosesi başlayacaq.
Bakupost.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya sülhməramlılarının həlak olması ilə bağlı araşdırmanın hansı mərhələdə olduğu barədə sualı cavablandırarkən deyib.
Zaxarovanın sözlərinə görə, bu məsələ ilə bağlı Azərbaycan və Rusiyanın baş prokurorluqları və istintaq orqanları sıx əlaqədədir, istintaq cinayət işləri çərçivəsində aparılır, ətraflı məlumat bir müddət sonra dərc olunacaq.
Xatırladaq ki, Azərbaycanın Qarabağ bölgəsində ötən il sentyabrın 20-də Rusiya Sülhməramlı Kontingentinin bir neçə hərbçisi həlak olub.
O zaman hadisə ilə bağlı Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatında deyilirdi:
"Sentyabrın 20-də Azərbaycanın Tərtər rayonunun Canyataq kəndi ərazisində lokal xarakterli anti-terror tədbirlərində iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu tərəfindən mürəkkəb relyef və dumanlı-yağışlı hava şəraiti səbəbindən qanunsuz erməni silahlı birləşmələrinə məxsus olduğu zənn edilərək Rusiya Sülhməramlı Kontingentinin (RSK) həmin əraziyə dislokasiya olunmuş hərbi qulluqçularının olduğu avtomobil odlu silahlarla atəşə tutulub. Hadisə nəticəsində RSK-nın 5 nəfər hərbi qulluqçusu həlak olub".
Baş Prokurorluq həmçinin bildirmişdi ki, həmin gün qeyd olunan yaşayış məntəqəsinin ərazisində Rusiya Sülhməramlı Kontingenrinə (RSK) məxsus "Kamaz" markalı avtomobil qanunsuz erməni silahlı birləşmələrinin naməlum üzvləri tərəfindən odlu silahlarla atəşə tutulub
"Hadisə nəticəsində RSK-nın 1 əsgəri ölüb, 1 nəfər hərbi qulluqçu yaralanıb. Hər iki faktla bağlı Azərbaycan Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub".
Zaur
BakuPost