AZ

"Neftçi"nin nəticələri heç birimiz üçün xoş deyil" - Qurban Qurbanov

"Dövlət suverenliyi münasibətilə xalqımızı təbrik edirəm. Bizim üçün əlamətdar gündür. Oyuna gəldikdə, vacib qələbə oldu. Çox yaxşı komandaya qarşı oynayırdıq. "Neftçi"nin son nəticələrinə baxdıqda, bilirdik ki, çox ciddi hazırlaşacaqlar. Bunu meydanda hiss etdik. İlk hissədə üç qol vursaq da, fasiləyə yaxın daha çox hücumda olan tərəf idilər. İkinci yarıda riskə getdilər. Xeyli çətinlik çəkdik. Nəticə çox vacib idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Çox mədəni formada azarkeşlik oldu. "Neftçi"yə və Roman Qriqorçuka uğurlar arzu edirəm".

Prosport.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının VII turunun "Neftçi" ilə oyunundan (4:0) sonra keçirilmiş mətbuat konfransında deyib.

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Qarşıda "Tottenhem"lə matç var. Bu oyunda o görüş üçün nəyisə sınaqdan keçirdiniz?

- Bəli, bu, bəzi elementlərlə bağlı idi. Amma çox az alındı. Bu da oyunun gedişatına görə idi. Oyunun sonlarına yaxın daha çox alınmağa başladı.

- Ötən mövsüm "Qarabağ" daha həvəsli görünürdü, bu mövsüm eyni tempdə gedirsiniz. Bu motivasiya ilə "Tottenhem"ə qarşı yaxşı çıxış etmək mümkün olacaq?

- Oyundan əvvəl motivasiya veriləcək. Amma bu və oradakı oyunun tempi eyni olmayacaq. Rəqib məcbur edir ki, daha sürətli oynayaq. Bu və o oyunları yan-yana qoymaq olmaz. Əfsuslar olsun ki, tez-tez ritm dəyişir. Ən vacib elementlərdən biri odur ki, rəqibin tempinə hazır olaq.

- Ağdamda yeni "İmarət" stadionunun təməli atıldı. Bununla bağlı fikriniz necədir? 

- Maraqlandım. Şəkillərə də baxdım. Layihədən əvvəlcədən də xəbərim var idi. Deyəsən, əvvəlcə daha böyük tutumlu nəzərdə tutulmuşdu. Sırf futbol stadionudur. Azarkeşlər meydançaya tam yaxındır. Tutum az görünə bilər, amma rayon bölgəsi üçün öz çempionatımızda problem olmayacaq. Avrokubok oyunları üçün böyük olsaydı, yaxşı olardı. Amma bunula başlamaq da pis deyil. Sevindim buna. Özü də 2028-ci ilin axırlarına tamamlamaq istəyirlər. Aktiv iş rejimi olacaq.

- Bu gün beşinci qola vaxt çatmadı?

- "Neftçi"yə uğurlar arzulayıram. "Neftçi" rəqibimiz olsa da, özüm bu komandanın azarkeşi olmuşam. Orada oynamışam, baş məşqçi olmuşam. Bu nəticələr heç birimiz üçün xoş deyil. Səbirli olmaq lazımdır. Futboldur, hamımızın işində belə nəticələr ola bilər. Heç kim təminat verə bilməz ki, "Qarabağ" çempion olacaq. Heç bir komanda üçün belə uğursuzluq istəmərəm. Hər biri öz komandalarımızdır. Avrokuboklarda hamımız bir oluruq. Məncə, səbirlə gözləmək lazımdır. Belə hallar olanda deyirəm ki, yəqin, xeyirlisi budur. "Neftçi" böyük tarixə malik klubdur. Əvvəl-axır yaxşı nəticələrini geri qaytaracaq.

- Qara Qarayev "Neftçi"dən ayrıldıqdan sonra azarkeşlər onun karyerasını "Qarabağ"da bitirməsini istəyir. Onun geri qayıtması realdır?

- Bu gün komandada belə fikir yoxdur. Amma Qaranın indi çempionatda iştirak etməməsi məni üzür. Təcrübəli futbolçudur, ağıllı insandır. Ən doğrusunu düşünəcək. Bizim komanda olaraq, planımızda belə şey yoxdur.

- Onunla təmasınız olub? Əvvəl millidən, indi isə "Neftçi"dən uzaqlaşdırıldı. Bu məsələlər haqda onunla danışmısınız?

- "Qarabağ"da olanda da millidə oynamırdı. Söhbətimiz olurdu. Belə hallarla bağlı çox dərinliklərə getmirəm. Futbolçunun yaşı elədir ki, təcrübəlidir, işin içindədir, hər şeyi daha düzgün görür. Bütün futbolçulara tövsiyyəm o olub ki, darıxmayın, səbr edin. Baş məşqçi rəhbərdir. İntizamını qoruyub-saxlasın, məşqlərdə ən yaxşılardan olmağa çalışsın. Get-gedə çox futbolçuda belə hallar olur. Qara güclü xarakterə malik biridir. Oynamadığı halda belə, məşqlərdə ən yaxşılardan olub. Konkret nəsə deməmişəm. Bir onu bilirəm ki, Qara özünü həmişə günahlandırıb. Burada oynamayanda da günahı heç vaxt məşqçinin üzərinə atmayıb. Onda peşəkarlıq var. Kiminsə dalınca danışdığını görməmişəm. İnanmıram ki, desin, oynatmadılar.

- "Tottenhem"i izləmək üçün Londona getmişdiniz?

- Xeyr, getməmişdik. Heç kimi də göndərməmişdik.

Seçilən
28
18
prosport.az

10Mənbələr