II MƏQALƏ
Məndə sığar iki cahan, mən bu cahana sığmazam.
NƏSİMİ
Təşkilatlanmanın iki bəndi
Nəhayət, əlifba da daxil olmaqla, türk dövlətlərinin mədəni əlaqələrinin inkişafı baxımından son dərəcə əhəmiyyətli olan təşkilatlanma prosesi 2009-cu ildə Naxçıvanda yeni səviyyəyə keçdi. "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi"nin 29 və 30-cu bəndlərində yazılmışdır: “TÜRKSOY-un Türk dünyasının ümumi dəyərlərinin müəyyən edilməsi, inkişafı, beynəlxalq səviyyədə yayılması və populyarlaşdırılmasında vacib rol oynadığını vurğuladılar, eləcə də onun türkdilli ölkələr arasında mədəni əlaqələrin dərinləşməsinə töhfəsini qiymətləndirdilər. Bununla əlaqədar, onlar türkdilli ölkələrin xalqlarının dil, mədəniyyət və mənəvi dəyərlərinin ümumiliyinə əsaslanan əlaqələrin və əməkdaşlığın daha da möhkəmləndirilməsində TÜRKSOY-un əhəmiyyətini qeyd etdilər”; “Dünya sivilizasiyasının inkişafına əhəmiyyətli töhfə vermiş zəngin türk mədəni irsinin qorunması və dəstəklənməsi üzrə TÜRKSOY Fondunun yaradılması barədə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsünü yekdilliklə dəstəklədilər. TÜRKSOY Fondunun yaradılması və fəaliyyəti ilə bağlı təşkilati məsələlərin həlli tərəflərin hökumətlərinə həvalə olunur”.
Bu, olduqca əhəmiyyətli bir addım idi. Çünki türk dövlətləri tarixində ilk dəfə olaraq dil, əlifba, mədəniyyət məsələlərində təşkilati formada əməkdaşlığa qərar verirdilər. Bu o demək idi ki, etnik eyniliyi və mədəni ortaqlığın ümumi soydan gələn ortaq dəyərlərini sivil müstəvidə konkret nəticəverici əməkdaşlıq səviyyəsinə transfer etməkdə qərarlıdırlar. Təbii ki, burada fərqli fikirlər ola bilər, qarşıya həlli asan olmayan məsələlər çıxar. Lakin ana xətt kimi türk xalqlarının müasir tələblərə uyğun olan ortaq mənəvi, mədəni, əxlaqi və digər dəyərləri məqsədyönlü şəkildə müəyyən etməyə feili olaraq başlamaları çox əlamətdardır.
Burada Naxçıvan ortaq türk sinerjisinin strateji mənasını da vurğulamaq lazımdır.
Birincisi, türk xalqlarının ortaq fəaliyyəti yollarını tamamilə mədəni, mənəvi, əxlaqi, ideoloji və demokratik dövlətçilik kontekstinə yerləşdirmək istiqamətində vacib addım atılırdı.
İkincisi, prosesin düşünülmüş və mərhələli aparılması yanaşmanın məntiqindən aydın görünürdü. Bu da “emosional qardaşlığa” deyil, çağdaş dövrün mədəni, mənəvi, siyasi, geosiyasi, ideoloji və hüquqi şərtlərinə uyğun birləşməyi təşviq edir.
Üçüncüsü, bu cür yanaşma Türk xalqlarının təşkilatlanmasını “böyük qardaş-kiçik qardaş” dixotomiyası çərçivəsindən çıxarır. Yəni türklərin birləşməsi geniş dünyəvi kriteriyalar əsasında hüquqi müstəvidə bərabərlik təməlində baş verir.
Əlbəttə, Naxçıvan sənədinin Ortaq Türk Əlifbası kontekstində təhlilini daha da genişlndirmək olar. Ancaq burada həmin konteksdə Ortaq əlifbadan ortaq ali təhsilə keçidin fəlsəfi məqamları üzərində dayanaq.
Ortaq əlifbanın öyrədilməsi
Mədəniyyət elə bir sahədir ki, onun nəzəri olaraq qalmasının faydası yoxdur. Mədəniyyət yalnız həyata keçəndə mədəniyyət olur, öz funksiyasını yerinə yetirə bilir. Ortaq əlifba bir ideya, məqsəd, qrafika sistemi kimi rəmz statusunda, əlbəttə, çox əhəmiyyətlidir! Ancaq, məncə, əsas iş bundan sonra başlayır. O cümlədən, bu əlifbanı nə zaman, necə və hansı səviyyədə öyrətməklə konkret tətbiqi zamanının uyğunluğu çox vacibdir. Şübhə yoxdur ki, bununla bağlı müzakirələr aparılacaq, həmin prosesə aidiyyatı olan çox dəyərli ziyalılarımız düzgün yol müəyyən edəcəklər (bəlkə də artıq müəyyən edilmişdir, lakin cəmiyyətin informasiyası yoxdur).
Əgər tədrisin fəlsəfəsi prizmasında məsələyə baxsaq, yeni əlifbanın yalnız qrafika sistemi deyil, həm də məzmun, məna, məqsəd və strateji proqnoz obyekti olaraq izah edilməsi vacibdir. İndi dünyada tədrisin səmərəli təşkili məsələsi ən aktual sosial-mədəni, elmi və təhsil faktoru kimi diqqətdədir. Çünki təhsilin nəticə baxımından səmərəli olmasının təməlində tədris dayanır. Yen əlifbanı necə öyrətmək olar ki, insanlar onu öz daxili mənəvi, mədəni, intellektual və feili tələbatları kimi qəbul etsinlər. Bu prosesi ardıcıl olaraq kiçik yaşlı məktəblilərdən başlamaqla aparmaq səmərə verərmi? Və ya səmərə verməsi üçün hansı pedaqoji, metodiki, elmi-nəzəri və elmi-tətbiqi yanaşmadan istifadə etmək olar?
Düşünmək olar ki, məsələni bu dərəcədə qəlizləşdirməyə bəlkə ehtiyac yoxdur? Türk dövlətlərinin təhsil işçiləri yığışıb müzakirə etsinlər və konkret vaxt təyin edərək tədrisə başlasınlar (əlifbanı öyrətmək mənasında). Məncə, bu, yarımçıq iş və özlüyündə bir sıra gizli ziddiyyətləri gələcəyə “aparmaq istəyənlərə” töhfə olardı. Çünki perspektivli və qalıcı birliyin mədəni-mənəvi, sosial-psixoloji təfəkkür və zəkavi təməli tam aydın pirnisplər üzrə, məsələni dərk etməyə dayanmalıdır. Dərk edilməyən proses nə qədər müsbət ruhlu olsa da, bir yerdə neqativ rol oynaya bilər. Əlifba isə insanın daxili dünyasını, mənəvi keyfiyyətlərini, psixoloji kimliyini, mədəni mənsubluğunu, dünyaduyumu və özünüdərkini dəyişir. Bu dəyişikliklərin insanın ruhuna hopması lazımdır. Onun yolu isə məhz özünüdərkdən keçir.
Deməli, əlifbanın öyrədilməsi özlüyündə iki məqamı gözləməlidir.
Birincisi, hər bir türk xalqının mədəni avtonomluğuna zərər verirməməlidir.
İkincisi, ortaq türk mədəniyyətinin “kod”ları və ya (“kültür memləri”) həmin avtonomluqların ortaq qarşılıqlı əlaqələr ritmi sahəsində yenidən mənalandırma əsasında formalaşmalıdır.
Kifayət qədər mürəkkəb nəzəri və metodoloji situasiyadır. Əslində, bütövlükdə, mədəniyyət və dövlətçilik kontekstində məsələyə bu cür yanaşmanın ciddi fəlsəfi-elmi nümunəsi vardır. Onların Ortaq Türk Əlifbası kontekstində Ortaq Təhsil Sisteminin formalaşdırılmasına təbiqi imkanları üzərində düşünək.
Mədəniyyətin tarixi kaskad ritmləri və təhsil
“Tarixin kaskad ritmləri” anlayışını rusiyalı filosof və riyaziyyatçı Vladimir Budanov daxil etmişdir. Kaskadritmlər tarixi zamanda sosial-mədəni və psixoloji kodların (arxetiplərin) pilləvari təkamülünü nəzərdə tutur. Əgər proses müsbət inkişaf istiqamətində gedirsə, hər yeni mərhələdə (yeni pillədə) formalaşan yeni mənalar öncəki mərhələdən ikiqat güclü və səmərəli ola bilir.
V.Budanova görə, hər bir xalqın, toplumun və dövlətin tarixi təkamülündə bu qayda işləyir. O cümlədən. mədəniyyət, təhsil, elm və başqa sferalarda təkamül dinamikası kaskad ritmlər formasında olur.
Bunu mədəniyyətə aid etsək, əmin olarıq ki, xalqın tarixi təkamülündə düzgün seçim əsasında yeni mərhələdə birliyə və inteqrasiyaya doğru öncəki mərhələdən iki dəfə artıq güclə keçid etmək olar. Burada, əlbəttə, şüurda, təfəkkürdə, zəkada, intellektdə gözlənən tərəqqiyə də ümid etmək olar. Əlifbanın yuxarıda M.Maklüyen tərəfindən təhlil edilən özəlliklərini nəzərə alsaq, bu prosesi dərin fəlsəfi və elmi-tədrisi aspektinin olduğuna şübhə yeri qoymaz.
Konkret desək, V.Budanovun “sosial-mədəni və tarixi proseslərin kaskadritm” formasında inkişaf nəzəriyyəsi göstərir ki, Ortaq Türk Əlifbası bütövlükdə təhsil sisteminin səmərəli yeniləşməsi ilə sıx bağlı hadisədir. Bu sistemdə işləri elə qurmaq olar ki, kiçik yaşlarından uşaqlar ortaq əlifbanı özlərinin daxili tələbatı, ehtiyacı kimi qəbul etsinlər. V.Budanov yazır ki, “sosial arxetipin aktivləşdirilməsi məqamı cəmiyyətə yeni keyfiyyətlər gətirir, yeniləşmiş arxetipin kaskadritmlərinin ağacvari artması prosesini motivə edir”. Bu, həm də sosial-mədəni mühitin güclü parlaması kimi də təsəvvür edilə bilər. Məsələn, mədəni və mənəvi-əxlaqi passionarlığa güclü təkan verər.
V.Budanov fikirlərinə davam edir: “Bu, minlərlə insanın, ictimai şüurun və ya təfəkkür durumunun (intellektual vəziyyətin – F.Q.) parlaq ahəngdar yüksəlişi kimi təzahür edə bilər”. Bu, güclü “transformasiya zonası”nın yaranması deməkdir.
Əlifba ritmkasadın faktoru kimi təcrid olunmuş halda güclü transformasiya zonası yarada bilməz. Çünki, o, ayrıca proses deyildir, bütövlükdə, xalqın intellektual, mədəni, mənəvi. əxlaqi, dünyadumuyu təkamülünün tərkib hissəsi, çox vacib xarakteridir. Əlifba isə bu keyffiyyətdə ilk növbədə təhsil sistemində “yuvalanır”.
Deməli, əlifbanın real, qalıcı və konstruktiv reallaşması, bütövlükdə, təhsilin təşkili kontekstində predmetləşə bilər. Əlifba bu anlamda təhsilin ibtidai mərhələsindən başlayaraq ali təhsil miqyasına qədər bütün mərhələlərdə ciddi rol oynayır.
Maraqli nəzəri problemdir. Bir tərəfdən, əlifbanı mücərrəd məqsədlərə tabe etməmək lazımdır, çünki o, həmişə praktiki-tətbiqi kontekstə malikdir. Digər tərəfdən, təhsilin bütün pillələrində onun özünəməxsus funksiyası mövcuddur. Bu iki aspektin optimal münasibətlərində yeni əlifbanın tədrisi çox vacibdir.
Əlifbanın birləşdirici rolu
Vurğuladığımız yanaşma əlifbanın mədəni müstəvidə birləşdirici rolunu da dərk etməyə imkan verir. Onun iki aspektini ayıra bilərik.
Birincisi, əlifba, bütövlükdə, müasir cəmiyyətlərdə yaradıcılıq, yaddaş, informasiyanın saxlanması və ötürüməsi, bütün kommunikativ proseslərin mexanizmi kimi əvəzedilməz funksiya yerinə yetirir.
İkincisi, təhsilin müxtəlif pillələri arasında məzmun və kommunikativ vəhdəti təmin edir. İbtidai təhsil başlanğıc, ali təhsil isə son deyildir. İbtidai təhsilə qədər də uşaqların əlifbanı öyrənməsi mümkündür. Ali təhsildən sonra isə elmi fəaliyyətdə əlifba əsas kommunikativ və dərkedici mexanizm rolunu oynaya bilər. Bu o deməkdir ki, hansı sahədə çalışmasından asılı olmayaraq əlifba müasir insanın həyatının bütün mərhələlərini avtomatik olaraq intellektual aspektdə birləşdirən mühüm faktordur.
Bir qədər də açıq ifadə etsək, əlifba insanın beyninin intellektual sferasının qurulmsının təməlidir. İnsan əlifbanı məzmun, mahiyyət və formasına uyğun olan intellektə sahib ola bilər. M.Maklüyen və həmfikirləri əlifbanın məhz bu yaradıcı, qurucu, birləşdirici və kommunikativ özəlliklərini nəzərə alaraq onu, ümumiyyətlə, kimliyinin əsas faktorlarından biri kimi qəbul etmişlər.
Bu kontekstdə əlifbanın ali təhsil səviyyəsində oynadığı rol ayrıca əhəmiyyət daşıyır. O mənada ki, Ortaq Türk Əlifbasından Ortaq Türk Universitetinə keçidin daxili məntiqi və məqsədləri olmalıdır. Cəmiyyətlərin ortaq əlifbadan ortaq universitetin təşkilinə zehni transformasiyası sadə proses deyildir. Burada bir-biri ilə sıx əlaqəsi olan iki istiqamətin vəhdəti vacibdir.
Birincisi, Ortaq əlifbanı bilən gənclərin vahid mədəni, mənəvi, əxlaqi və vətənpərvər məcraya yönəldirilmələri. Onlarda ortaq “türk dövləti vətəndaşlığı” təsəvvürünün və duyğusunun formalaşdırılması.
İkincisi, bu təməldə yüksək səviyyəli və müasir düşüncəli peşəkar kimi formalaşması.
Məhz bu kimi kadrları nəzərdə tutaraq Azərbaycan Prezidenti “gələcəyin kadrlarını hazırlamaq lazımdır” tezisini rəli sürmüşdür. Bu tezisin tarixi və strateji dərinliyini anlamaq üçün topluma vaxt lazım olacaqdır.
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru