Çin-Mərkəzi Asiya-Xəzər-Avropa vahid nəqliyyat sistemi formalaşır
“Trans-Xəzər” Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə daşınmaların həcmi sürətlə artmaqdadır. Yeni İpək Yolunun müəllifi olan Çin Orta Dəhliz vasitəsilə Avropaya 200 konteyner qatar göndərib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 30 dəfə çoxdur. Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısında Çin Dəmir Yolu Konteyner Daşımaları Korporasiyasının prezidenti Yang Bin bildirib ki, yükdaşımaların həcminin artması bir sıra məsələlərin həllini aktuallaşdırıb. Xüsusilə də Mərkəzi Asiya-Xəzər-Avropa regionu ölkələrinin müasir iqtisadi-ticari vizyonu və ticari daşınmaların strukturu vahid nəqliyyat zəncirinin - “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının yaradılmasını labüdləşdirir.
Bakı Beynəlxalq Limanı - “Trans-Xəzər” nəqliyyat zənciri...
“Avrasiya Nəqliyyat Marşrutu” Xəzərin Şərq tərəfində Orta Dəhlizin daha bir qolu hesab edilir və Çin, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək dəmir, avtomobil və dəniz yollarını və yol infrastrukturu komponentlərini əhatə edir.
Tərəflər Orta Dəhlizlə daşınan yükləri artırmaq üçün ilk növbədə, infrastrukturu daha da inkişaf etdirməyi vacib hesab edir. Bu plana uyğun olaraq, son aylarda dəhlizin digər istiqamətlərində də əsaslı yenidənqurma işləri aparılıb, Mərkəzi Asiya bölgəsində dəmir yolu və liman infrastrukturları müasirləşdirilib, digər nəqliyyat xətləri ilə birləşdirilib. Qazaxıstan “Trans-Xəzər”də zəruri nəqliyyat infrastrukturlarını yeniləşdirib. Məngistay vilayətində uzunluğu 64 kilometr olan Kurık və Jetıbay kəndlərini birləşdirən respublika əhəmiyyətli yolun əsaslı təmirini başa çatdırıb. Bu nəqliyyat qovşağı Kurık dəniz limanını Orta Dəhlizə birləşdirməklə Qazaxıstanın beynəlxalq nəqliyyat marşrutlarında imkanlarını artırmağa xidmət edir. Belə ki, Kurık-Jetibay yolu ən rentabelli və axıcı nəqliyyat xətti kimi beynəlxalq yük və daşınmaların birbaşa Kurık limanına yönləndirilməsində qısa və nəqliyyat sərfəliliyi baxımından ən rahat infrastruktur şəbəkəsi hesab edilir. Əgər əvvəllər sürücülər Aktauda dayanmalı olurdusa, indi onlar Jetıbay kəndi vasitəsilə dəniz limanına daha tez və rahat çatacaqlar.
Kurik limanı Azərbaycanın Qazaxıstan və dünya ilə liman bağlantısında da mühüm rol oynayır. Bakı Beynəlxalq Dəniz Limanı ilə Kurık Limanı arasında memorandum imzalanıb və yeni nəqliyyat zənciri formalaşıb. Aktau ilə yanaşı, həmin limandan daşınan beynəlxalq yüklər Xəzər dənizi vasitəsilə Bakı Beynəlxalq Limanına, oradan isə Gürcüstan,Türkiyə və Avropa ölkələrinə göndərilir. Son 2 ildə Ələt-Kurık-Ələt istiqamətində yükdaşımaların intensivləşməsi də bunu təsdiqləyir.
“Trans-Əfqan” xətti Orta Dəhlizə birləşir...
Orta Dəhliz ailəsinin digər üzvü Özbəkistan da öz nəqliyyat infrastrukturlarını yeniləyərək şaxələndirmədə fəal rol alır. Rəsmi Daşkənd son dövrlərdə dəmir yollarının inşası və modernləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atıb, dəhlizə inteqrasiya edilmiş logistika mərkəzləri yaratmaqda davam edir, həmçinin daşınmalarda daha səmərəli rüsumların tətbiqi üçün hüquqi-normativ bazanı təkmilləşdirməkdədir. Bir müddət əvvəl Özbəkistan-Qırğızıstan-Çin yeni dəmir yolunun inşası razılaşdırılıb və bu layihənin icrası “Avrasiya Marşrutu”nun rolunun artırılmasına hesablanıb.
Eləcə də “Tacikistan Dəmir Yolları” nəqliyyatın səmərəli işləməsi üçün infrastrukturu inkişaf etdirmək, təkmilləşdirmək, optimal nəqliyyat marşrutları, kommunikasiyalar qurmaq yönündə tədbirlər həyata keçirməkdədir. Tacikistan hökuməti nəqliyyat dəhlizlərinin, dəmir yolu infrastrukturunun inkişafına və ölkənin tranzit zonaya çevrilməsinə böyük diqqət yetirir və bütün bu layihələri icra etməkdə Orta Dəhlizə inteqrasiyanı gücləndirmək məqsədi güdür.
Türkiyə Dövlət Dəmir Yolları da Orta Dəhlizdə yükdaşımaları artırmaq üçün öz səylərini gücləndirəcək. “TCDD Taşımacılık” şirkətinin baş direktoru Ufuk Yalçın bildirib ki, Türkiyənin coğrafi mövqeyinin verdiyi imkanlardan maksimum yararlanmaq və faydaları artırmaq üçün bütün tərəflərlə optimal əlaqələr qurulacaq.
Beləliklə, “Avrasiya Nəqliyyat Marşrutu” dəmir yolu xətlərini vahid bir coğrafi çərçivədə birləşdirməklə regionda yerləşən digər ölkələrin də dəhlizə qoşulmasını asanlaşdıracaq. Bu, həm də Əfqanıstan və Pakistan üçün də yeni imkanlar açır və hər iki ölkə Tacikistanla nəqliyyat sistemlərini əlaqələndirməklə, eləcə də “Trans-Əfqan” xəttini Orta Dəhlizlə birləşdirməklə Çinlə daha da yaxın bağlantı qurmuş olur.
“Maneəsiz Rəqəmsal Dəhliz” asan keçidi təmin edəcək
Ancaq infrastrukturları yenidən qurmaq və əlavə nəqliyyat xətlərini dəhlizə inteqrasiya etməklə iş bitmiş hesab olunmur. Çin Dəmir Yolu Konteyner Daşımaları Korporasiyasının prezidenti Yang Binin fikrincə, “Bir kəmər, bir yol” layihəsinin bütün kompenetləri üzrə işlər öz axarı ilə davam etsə də bir sıra institusional addımların atılması, o cümlədən tarif və logistika məsələlərinin həlli açıq qalmaqdadır. Əsas həllini gözləyən məsələlər güzəştli gömrük və tarif siyasəti, vahid məlumat sistemi və rəqəmsal dövriyyələrin bir platformada birləşdirilməsidir. “Trans-Xəzər” ailəsinin qənaətinə görə, vahid rəqəmsal platformanın olmaması daşınmalar zamanı sənədləşmə, məlumat mübadiləsi və yüklərin izlənilməsi, logistika xəritəsi, sürətli keçid və s. məsələləri ləngidir, ölkələr arasında koordinasiyanı çətinləşdirir. Ona görə də, vahid platforma çərçivəsində bütün ölkələrin rəqəmsal sistemlərinin inteqrasiyası əsas prioritetlərdən biridir və layihədə iştirak edən ölkələrin hər biri rəqəmsallaşma ilə bağlı öz siyasətlərini birləşdirməyə çalışacaq. Bu strateji hədəfə əsasən, “Maneəsiz Rəqəmsal Dəhliz” qurulacaq. Bir müddət əvvəl həmin ekosistemin altmodeli olan vahid multimodal xidmət - Rəqəmsal Ticarət Koridoru (Digital Trade Corridor) yaradılıb ki, Azərbaycan və Qazaxıstanın dəmir yollarının informasiya sistemləri gömrük modullu bu sistemə inteqrasiya olunub, Gürcüstan dəmir yollarının da sistemə qoşulması planlaşdırılır. Digər ölkələrin də növbəti ilə qədər bu rəqəmsal sistemə inteqrasiyasının başa çatdırılması və 2025-ci ildə “Maneəsiz Rəqəmsal Dəhliz” platformasının işə salınması nəzərdə tutulur. Nəticədə dəhliz boyunca sənəd dövriyyəsini, gömrük rəsmiləşdirilməsi və yüklərin izlənməsi vahid ekosistemə birləşdiriləcək və Orta Dəhlizin rəqabət qabiliyyəti artırılacaq.
Orta Dəhliz rifah və iqtisadi fürsətlər deməkdir
“Avrasiya Nəqliyyat Marşrutu” böyük bir nəqliyyat arteriyası olduğundan Avropa İttifaqı (Aİ) da bu ideyanı dəstəkləyir. Avropa Komissiyasının beynəlxalq əməkdaşlıq üzrə baş direktoru Henrik Holole Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın Orta Dəhlizin müasir arxitekturasının formalaşdırılması istiqamətində səylərini müsbət dəyərləndirib, onların bu iradəsi sayəsində vahidi Asiya-Avropa nəqliyyat blokunun tam rentabelli işinin təmin ediləcəyini vurğulayıb.
Avstriya Federal Dəmir Yollarının Avrasiya-Mərkəzi Asiya üzrə əlaqələr rəhbəri Eniko Györfl Dəmir İpək Yolunu bütün Avrasiya üçün əməkdaşlıq və ümumi məqsədlərin simvolu kimi xarakterizə edib. Onun fikrincə, bu, həm də dostluq və iqtisadi imkanlar dəhlizidir, dəmir yolu Çin, Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Avropanın iqtisadiyyatlarının inkişafı üçün fürsətlər deməkdir.
Beləliklə, Bakı toplantısı “Bir kəmər, bir yol” koalisiyasını vahid bir platformada birləşdiən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulması üçün hüquqi çərçivə yaratdı. Məşvərət toplantısında Azərbaycan, Türkiyə, Tacikistan, Özbəkistan, Çin, Qırğızıstan və Avstriya tərəfindən imzalanmış yekun protokola əsasən, tərəflər marşrut üzrə rəqəmsallaşma, kommersiya məsələləri, marketinq və kommunikasiya, logistika xidmətləri, normativ-hüquqi aktlar və infrastruktur üzrə zəruri məsələləri həll edəcək. Bununla da “Avrasiya Nəqliyyat Marşrutu” Assosiasiyasının qurulması və fəaliyyətə başlaması mümkün olacaq.
E.CƏFƏRLİ