AZ

Qarabağda “ağıllı” su sistemləri qurulur

Azərbaycan şirin su ehtiyatları­nın az olduğu ölkələrdən biridir. Bu azmış kimi son illərdə müşahidə olu­nan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalmasına səbəb olur. Əhalinin sürətli artımı, həyat standartlarının yüksəlməsi, ölkə iqti­sadiyyatının, o cümlədən kənd təsər­rüfatının inkişafı isə ona tələbatı artı­rır, su təchizatı ilə bağlı problemlərin yaranmasına səbəb olur. 

Bu problemin aradan qaldırılması yeni innovasiyaların – “Ağıllı su sistemləri”nin tətbiqini gündəmə gətirir. O, şirin su anba­rından başlayaraq tullantı sularının toplan­masına və təmizlənməsinə qədər bütün su təchizatı zəncirinə nəzarət edir. Su və Me­liorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunun idarə heyətinin sədr müavini Vüqar Mirzəyevlə söhbətimiz də bu möv­zuda oldu:

– İnstitut Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarix­li 2356 nömrəli Fərmanına əsasən Azər­baycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Azdövsutəslayihə” və “Suka­nal” Elmi-Tədqiqat və Layihə İnstitutları­nın birləşməsi yolu ilə yaradılıb. Hazırda su təsərrüfatı və meliorasiya obyektlərinin, su təchizatı, tullantı sularının emalı və axı­dılması sistemlərinin layihələndirilməsi ilə məşğul oluruq. Bir ay bundan əvvəl quruma Xankəndi şəhərinin (Kərkicahan qəsəbəsi daxil olmaqla) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı müraciət daxil oldu. Xəlfəli çayı üzərindəki mövcud suqəbuledici qurğuya və gələcəkdə Xankəndi və Şuşa şəhərlərinin dayanıqlı su təminatının həyata keçirilməsi məqsədilə yaradılacaq anbara baxış keçirildi. 

Məlum oldu ki, sistem pərakəndədir və müasir standartlara cavab vermir. Şəhərdə yaşayan və işləyən insanlar üçün gündəlik həyatı asanlaşdırmaq və daha da yaxşılaş­dırmaq üçün son model texnologiyalardan istifadə edilməklə infrastruktur yenidən qurulmalıdır. Bu məqsədlə, “Ağıllı şəhər” konsepsiyasına uyğun olaraq konkret ad­dımlar atılır, nəhəng quruculuq və yeni­dənqurma işləri həyata keçirilir. 

Birinci mərhələdə Kərkicahan qəsə­bəsində 35 kilometr, ikinci mərhələdə isə Xankəndi də daxil olmaqla 87 kilometr yol yenidən qurulacaq. Bu yollara paralel olaraq su xətti və kanalizasiya şəbəkəsi çə­kiləcək. Texniki göstəricilərə görə, onların hər birinin uzunluğu 120 kilometrdir. Artıq Xankəndi ilə bağlı bəzi işlərə başlanılıb. Layihə ərazisinə mütəxəssislər əraziyə baxış keçirib və ilkin araşdırma işləri apa­rılıb. Bundan sonra layihənin texniki-iqti­sadi əsaslandırılması həyata keçiriləcək və digər sənədlər hazırlanacaq.

– “Ağıllı” su təchizatı modeli Şuşa və Daşaltı layihələrinizdə necə əksini tapıb?

– Şuşa işğaldan azad olunduqdan sonra su mənbələrinin, magistral xətlərin, payla­yıcı şəbəkələrin və digər hidrotexniki qur­ğuların mövcud vəziyyəti araşdırıldı. Mə­lum oldu ki, şəhəri içməli su ilə təmin edən mənbələr və magistral kəmərlər məqsədli şəkildə dağıdılıb və nəticədə suyun nəqli dayandırılıb. Bundan sonra, şəhərin içməli, tullantı və yağış suları sistemlərinin yara­dılması və yenidən qurulmasının texniki–iqtisadi əsaslandırma və layihə sənədləri­nin hazırlanmasına Niderlandın “Vitteveen bos” məsləhətçi şirkəti cəlb olundu. Layihə hazırlanarkən Şuşa şəhərinin su mənbələri, anbar və paylayıcı şəbəkələri, suyun key­fiyyəti, tullantı sularının idarə olunması və ekoloji məsələlər nəzərə alındı. 3 mərhələ­də həyata keçirilən layihələrin texniki-iq­tisadi əsaslandırılması və ilkin sənədlərin işlənilməsi həyata keçirildi.

Bundan başqa, Şuşa şəhərinin içməli, tullantı və yağış suları sistemlərinin yara­dılması layihəsinin ətraf mühitə təsirinin qiymətləndirilməsi hesabatı hazırlandı. Daşaltı kəndinin yaxınlığında, Zarıslı ça­yının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı bənd və suyun anbarlara nəqli üçün magistral kəmər layihələndiril­di. İnstitutun layihəsi əsasında Kiçik Kirs mənbəyi və Kiçik Kirs–Şuşa magistral su kəmərinin qəzalı hissələri qısa müddətdə təmir olunaraq 2020-ci il noyabrın 25-də Şuşa şəhərinə suyun verilməsi bərpa edil­di. Eyni zamanda, Şuşa şəhərinin digər su mənbəyi – Zarıslı sugötürücü qurğusu, Zarıslı–Şuşa magistral su kəmərinin qəzalı hissələrinin bərpasına başlanıldı və dekab­rın 20-də bu mənbədən şəhərə suyun veril­məsi təmin edildi.

Şəhərin perspektiv inkişafı, həmçinin ilin müəyyən dövrlərində Kiçik Kirs və Zarıslı mənbələrində məhsuldarlığın kəs­kin azalması səbəbindən alternativ su mən­bəyinin yaradılması layihəsinin icrasına başlanıldı. Bu məqsədlə Daşaltı kəndinin yaxınlığında, Zarıslı çayının məcrasında sutoplayıcı anbar, nasos stansiyası və yeni kəmər layihəsi icra edildi. 

2040-cı ilədək Şuşanın perspektiv inki­şafı nəzərə alınmaqla hazırlanan su təchi­zatı, kanalizasiya və yağış suları sisteminin yenidən qurulması layihəsinə əsasən, şəhə­rin orta günlük su tələbatı saniyədə 105 litr təşkil edəcək. İçməli su mövcud Kiçik Kirs, Zarıslı mənbələrindən, həmçinin Za­rıslıçay su anbarından veriləcək. 

Şəhərdə formalaşan tullantı sularının tam təmizlənib zərərsizləşdirilməsi məqsə­dilə məhsuldarlığı sutkada 8 min kubmetr olan qurğu inşa ediləcək. Qurğuda emal edilərək təmizlənən su ətraf mühitə təhlükə yaratmadan Qarqarçay çayına axıdılacaq. Şuşa şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə oluna­caq. Bütün bunların layihələndirilməsi bi­zim İnstitut tərəfindən həyata keçirilir. Onu da deyim ki, suyun mənbədən götürülməsi, nəqli, anbarların səviyyəsi, hidravlik re­jimlər və digər proseslər SCADA sistemlə­ri vasitəsilə onlayn rejimdə tənzimlənəcək.

– Qarabağ və Şərqi Zəngəzurun su təchizatı ilə bağlı daha hansı layihələr üzərində işləyirsiniz?

– 2020–2024-cü illərdə işğaldan azad edilmiş ərazilər üzrə ekspertizaya təqdim edilmiş 28 kənd, qəsəbə və 7 şəhər üzrə la­yihə smeta sənədləri hazırlanıb. Qarabağda infrastruktur quruculuğunun əsas sahələ­rindən olan su təchizatı sferasında mühüm işlər görülüb. Bu istiqamətdə dövlətin bir­başa dəstəyi ilə yeni sututarların yaradıl­ması və şəbəkə infrastrukturunun genişlən­dirilməsi üzrə iri layihələr icra edilib. 

– Birinci Qarabağ savaşının iştirak­çısı kimi azad edilmiş ərazilərin dirçəli­şinə kömək etmək, sübhəsiz, ikiqat se­vindirici və məsuliyyətli missiyadır.

– 1992-ci ildə könüllü olaraq hərbi xidmətə getdim. Bir müddət sonra özü­nümüdafiə batalyonları ləğv olunub niza­mi ordu yaradıldı. İnanırdım ki, Qarabağ uzun müddət düşmən tapdağı altında qala bilməz, bir gün işğaldan azad ediləcək. O günü görmək mənə də nəsib oldu. İndi biz Qarabağa yeni həyat bəxş edirik. İşim­lə bağlı Şuşada olanda Cıdır düzünə get­dim. Sıldırımlı yarğana çatanda tüklərim biz-biz oldu. Yarğanlığı maraqla izləyir və qürur hissi keçirirdim. Burada 2020-ciil noyabrın 6-da ağır döyüşlər getmişdi. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yüngül silah-sursatla təchiz edilmiş, hərəsi 100 nəfərdən ibarət olan 4 qrupa bölünmüş 400 nəfərlik heyəti Şuşanın sıldırımlarına iplərlə dırmaşaraq səhər saatlarında şəhərə 4 tərəfdən daxil olmuş və burada dərhal döyüşlər başlamışdı. Bu döyüşlərlə Azər­baycan xüsusi təyinatlıları regionda ən ha­zırlıqlı komanda qüvvələri olduqlarını bir daha göstərmişdilər. 

Şuşada olarkən şəhidlərimizin qəhrə­manlığına heyran qaldım. Onlar bu şəhəri xilas etdikləri kimi, biz də hamılıqla dir­çəltməliyik.

Qarabağ düşməndən azad olunduqdan sonra hər tərəfdə böyük bərpa və qurucu­luq işləri aparılır. Bunu Ağdam, Xocalı, Xankəndi və Şuşada da gördüm. İnfra-struktur layihələri uğurla reallaşdırılır, sə­naye, aqrar və turizm sektorları yaradılır. Su və kanalizasiya sistemi yenidən quru­lur. Aparılan bərpa və quruculuq işləri iq­tisadi və sosial inkişaf üçün yeni imkanlar açır. Sevindiricidir. Görülən işlər Qaraba­ğın ölkəmizin iqtisadiyyatında önəmli rol oynayacağından xəbər verir.

Pünhan ƏFƏNDİYEV
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
xalqqazeti.az

1Mənbələr