AZ

Britaniyada yeni qan qrupu kəşf edilib

Böyük Britaniyada 50 illik araşdırmalar nəticəsində yeni qan qrupu kəşf edilib.

AZƏRTAC “euronews.com” saytına istinadla xəbər verir ki, tədqiqatçıların “MAL” adlandırdıqları yeni kəşf edilmiş qan qrupuna çox az adamın sahib olduğu düşünülür.

İngiltərədə Bristol Universiteti, NHS Qan və Transplant və NHSBT Beynəlxalq Qan Qrupu Referans Laboratoriyasının tədqiqatçıları 50 illik iş nəticəsində həmin yeni qan qrupu kəşf etdiklərini açıqlayıblar. Bu araşdırma ilə varlığı çoxdan məlum olan, lakin sirr olaraq qalan AnWj qan qrupu antigeninin genetik infrastrukturu tamamlanıb. Tədqiqatın nəticələri bu qan qrupu olan xəstələri müəyyənləşdirmək və müalicə etmək üçün istifadə olunacaq.

NHS Qan və Transplantın üzvü baş tədqiqatçı Luiz Tile bildirib ki, “AnWj”nin genetik fonu 50 ildən çoxdur sirr olaraq qalır və onun həlli uzun bir komanda səyinin nəticəsidir. Nadir qan qrupunun mənfi növü indiyədək yalnız bir neçə insanda aşkarlanıb. Lakin son kəşf sayəsində artıq bu qan qrupuna malik olan digər insanları tapmaq daha asan olacağı bildirilir. Tədqiqat göstərir ki, bir çox insan ABO və RH qan qrupu sistemləri ilə tanış olsa da, başqa qan qrupları da mövcuddur. “AnWj” mənfi və “AnWj” müsbət qan qrupları arasında qanköçürmənin müxtəlif reaksiyalara səbəb ola biləcəyi və hətta ölümlə nəticələnə biləcəyi barədə xəbərdarlıq edilir.

L.Tilley diqqətə çatdırıb ki, nəhayət, bu yeni qan qrupu sisteminin tətbiqi nadir, lakin vacib xəstələrə ən yaxşı qayğı göstərmək üçün böyük bir nailiyyətdir: “Miyelin və limfosit zülallarında olan və “AnWj” antigenini ehtiva edən 47-ci tanınmış qan qrupu olan “MAL” 1972-ci ildə kəşf edilib. Lakin İngiltərədə araşdırmalar tamamlanana qədər onun genetik mənşəyi məlum deyildi. Tədqiqat qrupumuz “AnWj” antigeninin “MAL” zülalında daşındığını aşkarlayıb. Bu qan qrupu olan insanların 99,9 faizindən çoxu “AnWj” müsbətdir və tam ölçülü “MAL” zülalı bu şəxslərin qırmızı qan hüceyrələrində olur, “AnWj”li fərdlərin hüceyrələrində isə olmur”.

Tədqiqatın nəticələri Amerika Hematologiya Cəmiyyətinin “Qan” jurnalında dərc olunub və həmin məqaləni onlayn oxumaq da mümkündür.

Seçilən
17
17
yeniazerbaycan.com

10Mənbələr