AZ

Xankəndidən dünyaya mesaj: “Gənclərin vətənpərvərlik tərbiyəsi...”

"Xalqımız bütün ərazilərinin inkişafına nail olunmuş və güclü təhlükəsizlik təmin olunmuş ölkədə xoşbəxt yaşayacaqlar".

Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışı olub. Azərbaycan xalqını Dövlət Suverenliyi Günü münasibətilə ürəkdən təbrik edən Prezident İlham Əliyev 20 Sentyabrın bundan sonra Azərbaycanda geniş qeyd ediləcəyini bildirib. 

Ölkə başçısı torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı bir sıra proseslərə toxunub:

"Demək olar ki, bütün böyük güclər, onların hamısı bu işğalı əbədi etmək istəyirdi. Heç biri istəmirdi ki, xalqımız bu işğaldan yaxasını qurtarsın. Yəni, daim bizi təzyiq altında saxlamaq, daim bu işğaldan bir təsir amili kimi istifadə etmək, öz maraqlarını təmin etmək və nəticə etibarilə bizi bu vəziyyətlə barışdırmaq istəyirdilər. 

Bizim müharibəmiz azadlıq müharibəsi idi. Yəni, bunu deyənlər, bizə qarşı ittihamlar irəli sürənlər də bunu yaxşı bilirlər. 

Sadəcə olaraq, ikili standartlar, ikiüzlülük, riyakarlıq, islamofobiya və xalqımıza olan düşmənçilik - biz bunu heç vaxt unutmamalıyıq və gənc nəsil bunu bilməlidir". 

Həmin tarixi hadisələrlə bağlı millət vəkili Azər Badamov "Cebheinfo.az"a bildirib ki, torpaqlarımız işğal altında olduğu illərdə böyük güclər ölkəmizə münaqişənin həllinin ancaq sülh danışıqları yolu ilə həll olunmalı olduğunu bildirirdilər: 

"Qarabağ müharibəsinin nəticələriylə bizi barışdırmaq, xalqımızı bu məğlubiyyətlə razılaşdırmaq istəyirdilər. Hətta Ermənistanla əməkdaşlıq etməyimizə çalışdılar.

Belə ki, xarici dairələrdən idarə olunan satılmış QHT nümayəndələri erməni nümayəndələri arasında dialoq da yaratmağa çalışdılar. Amma düşünmədilər ki, Xocalı, Xocavənd və digər ərazilərmizdə xalqımıza qarşı silsilə soyqırımlar törətmiş, ərazilərimizi işağl edərək milli-mədəni irsimizi darmadağın etmiş, yaşayış məntəqələrimizi viran qoymuş və 750 mindən çox insanı öz doğma yurdunda məcburi qaçqın vəziyyətinə salımış cinayətkarlarla biz necə ünsüyyət qurub əməkdaşlıq edə bilərdik.

Bizim yeganə yolumuz ancaq ərazilərimizi işğaldan azad etmək və düşmənlərimizə layiqli cavabı verməklə ədalətimizi bərpa etmək idi. Cənab Prezidentin rəhbərliyi altında ölkəmizdə bu istiqamətdə hazırlıq işləri görülürdü. Yeni gənc nəsil vətənpərvərlik ruhunda tərbiyə olunurdu.

Dövlət başçımız bütün tribunalardan torpaqlarımızda erməni işğalı ilə heç vaxt razı olmayacağını və münaqişə sülh yolu ilə həll olunmazsa, hərb yolu ilə bizim bunu edəcəyini açıq şəkildə ifadə edirdi.

Amma böyük güclər bizim çağırışlarımızı ciddi qəbul etmədi və düşmənlərimizə dayaq dayanaraq torpaqlarımızın işğalını əbədiləşdirmyə çalışırdı.

Dövlət başçımızın Qarabağ Universitetində bir qrup tələbə və müəllimlə görüşü zamanı qeyd etdiyi kimi, biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik, milli ruhda tərbiyə olunan gənc nəsil olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz.

Məhz ona görə biz qısamüddətli müharibə və antiterror tədbirləri ilə torpaqlarımızı 30 illik erməni işağlından azad etdik və erməni separatçılığının kökünü kəsərək ərazilərin tam suverenliyini bərpa etdik".

Onun sözlərinə görə, bundan sonra da biz gəncləri milli ruhda tərbiyə etməliyik: "Keçdiyimiz keçməkeşli tariximizi gənclərimizə öyrətməliyik:

“Dövlət başçımızın qeyd etdiyi kimi, "bizim müharibəmiz azadlıq müharibəsi idi. İkili standartlar, ikiüzlülük, riyakarlıq, islamofobiya və xalqımıza olan düşmənçilik, biz bunu heç vaxt unutmamalıyıq və gənc nəsil bunu bilməlidir". 

Düşmənlərimiz bu gün də ölkəmizə qarşı çirkin niyyətlərindən əl çəkməyiblər. Ədalətli olduğumuz halda , pozulmuş hüquqlarımızı bərpa etdiyimiz halda yenə də bizə qarşı qarayaxma kampaniyaları davam etdirirlər. 

Amma xalqımızın Vətənə sədaqət ruhu, ölkəmizdəki milli birlik və həmrəylik, milli ruhda tərbiyyə olunmuş gənc nəsillərimiz olan yerdə heç bir xarici güc bir daha bizə qarşı çirkin niyyətlərini həyata keçirə bilməzlər. 

Bu gün Azərbaycan xalqı bütün əzabları və əziyyətləri görərək möhkəmlənmişdir. Biz suverənliyimizi təmin etmişik. Bundan sonra xalqımız işğaldan azad olunmuş ərazilərini yenidən qurub bərpa edərək bütün ərazilərinin inkişafına nail olunmuş və güclü təhlükəsizlik təmin olunmuş ölkədə xoşbəxt yaşayacaqlar".

Seçilən
12
1
cebheinfo.az

2Mənbələr