Son günlər paytaxtın Xətai rayonunda yerləşən 3 saylı uşaq evi ilə bağlı yayılan məlumatlar ölkəmizdəki uşaq müdafiəsi sistemində ciddi problemlərin mövcud olduğunu bir daha gündəmə gətirdi. 13 yaşlı Ramal Rəsulovun bu uşaq evindən qaçması və küçələrdə yaşamağa məcbur qalması, o müəssisədə baş verən xoşagəlməz hadisələrin miqyasını açıq şəkildə göstərir. Ramalın "Səni axtarıram" verilişində irəli sürdüyü iddialar, xüsusilə uşaqların tualet və dəhliz kimi kamera olmayan yerlərdə döyülməsi və təhqir olunması ilə bağlı məlumatlar cəmiyyətdə haqlı narazılıq və qəzəb doğurub. Bu, uşaq evində uşaqlara qarşı tətbiq olunan şiddətin adi hal aldığını göstərir.
Xüsusi diqqətəlayiq məqam isə uşaq evində belə zorakılıq hallarının təkcə tərbiyəçilər tərəfindən deyil, elə oradakı digər uşaqlar vasitəsilə həyata keçirilməsidir. Bu, müəssisədə əxlaq və tərbiyə dəyərlərinin tamamilə pozulduğunu, uşaqların qorunmaq yerinə bir-birinə qarşı zorakılığa təhrik edildiyini sübut edir. Bu kimi hallar uşaqların psixologiyasına ciddi zərbə vurur və gələcəkdə onların cəmiyyətə uyğunlaşmalarını daha da çətinləşdirir.
2023-cü ildə uşaq evinin müdiri Məhbubə Hüseynovanın işdər çıxarılmasından sonra nələr dəyişdi?
Məlumdur ki, 3 saylı uşaq evində bundan əvvəl də bir sıra xoşagəlməz hadisələr yaşanıb. 2023-cü ildə uşaq evinin müdiri Məhbubə Hüseynovanın işdən çıxarılması da təsadüfi deyildi. Lakin onun yerinə təyin olunan Gülnarə Şəmiyevanın dövründə də ciddi dəyişikliklər gözə dəymir. Yenə də eyni problemlər, eyni diqqətsizliklər davam edir. Bu da o deməkdir ki, rəhbərlik dəyişikliyi vəziyyəti düzəltmək üçün kifayət deyil. Problem daha dərindən həll edilməlidir, uşaq evlərindəki şiddət və zorakılıq tamamilə aradan qaldırılmalı, uşaqların hüquqları qorunmalıdır.
Mövzu bu qədər geniş yayıldığı halda aidiyyətı qurumlar niyə tədbir görmür?
Məsələnin bu qədər ciddi olduğu halda, aidiyyəti qurumların kifayət qədər diqqət göstərməməsi isə təəssüf doğurur. Uşaq evləri cəmiyyətin ən həssas və müdafiəsiz üzvlərinə qayğı göstərməli olan məkanlar olmalıdır. Amma bu kimi hallar göstərir ki, nəzarətsizlik, məsuliyyətsizlik və şiddət həmin müəssisələrdə daha çox hökm sürür. Belə şikayətlər gələcəkdə daha çox uşaq üçün travmaların və çarəsizliyin mənbəyi ola bilər. Buna görə də cəmiyyət olaraq biz bu məsələyə laqeyd qala bilmərik.
Uşaq evləri nəzarətə götürülməli, uşaq hüquqlarının pozulmasına imkan verən hər bir şəxs ciddi şəkildə cəzalandırılmalıdır. Uşaqlar bu cür müəssisələrdə qorunmalı və sevgi ilə böyüdülməli olduğu halda, şiddət və təhqirlərə məruz qalmamalıdırlar. Bu tip hadisələr ölkəmizin uşaq hüquqları sahəsindəki mövcud boşluqlarını açıq şəkildə göstərir və bu boşluqların dərhal doldurulması üçün təcili tədbirlər görülməlidir.
Aqil Qarayev
News24.az