AZ

“Sabah” qəzeti: Azərbaycan BRICS-in Qərbə “pəncərəsi” ola bilər

“Azərbaycanın BRICS-ə qoşulmaq üçün müraciət etmək qərarı rəsmi Bakının kursunun dəyişməsinin göstəricisi deyil. Bu məsələdə Azərbaycan hakimiyyətinin mövqeyi respublikanın xarici siyasətinin ənənəvi balanslaşdırılmış vektoru prizmasından nəzərdən keçirilməlidir”.

QAZÌLER.AZ  AZƏRTAC-a istinaden xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” nəşrində dərc olunan “Azərbaycanın BRICS-ə ərizəsi” adlı analitik məqalədə deyilir.

Nəşrin müəllifi Mehmet Yüce Azərbaycanın xarici siyasətinin əsaslarının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirildiyinə oxucuların diqqətini cəlb edir.

“Xarici siyasətdə tarazlıq, Azərbaycanın regionda çəkisini artıraraq və bir çox problemlərin həllinə töhfə verərək, artıq müsbət nəticələrə gətirib çıxarıb. Azərbaycan torpaqlarının işğalı dövründə Qərbin qərəzli ermənipərəst siyasətindən fərqli olaraq, rəsmi Bakı balanslaşdırılmış kursu rəhbər tutaraq bir çox dövlətləri, o cümlədən Qoşulmama Hərəkatına üzv olan ölkələri öz tərəfinə çəkə bilib”, - deyə nəşrdə deyilir.

Müəllif qeyd edir ki, Bakının BRICS-ə qoşulmaqla bağlı qərarı heç də emosional amillərlə diktə olunmayıb: “Burada siyasi iradənin yaxşı düşünülmüş təzahürü var. Azərbaycan BRICS-də iştirakını respublikanın regionda təsirini artıracaq addım kimi qəbul edir”.

Bundan əlavə, Mehmet Yüce qeyd edib ki, BRICS-də iştirak Azərbaycanın regional əlaqələri üçün dividendlər vəd edir.

Məqalədə Azərbaycanın BRICS üçün strateji əhəmiyyətinə də diqqət yetirilir: “Azərbaycan Cənubi Qafqazda ən sabit, güclü və enerji ilə zəngin ölkədir. Respublika Çini Avropa ilə birləşdirən mühüm yolların kəsişməsində yerləşir. Zəngəzur dəhlizinin açıldığı təqdirdə, Orta Dəhlizin səmərəliliyi artacaq. Bakı həm də Avropanın enerji təhlükəsizliyi üçün də əsas oyunçudur. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan BRICS-in Qərbə “pəncərəsi” ola bilər”.

Diqqəti Bakının BRICS-in iki “lokomotivi” olan Rusiya və Çinlə müsbət münasibətlərinə yönəldən Mehmet Yüce əlavə edib ki, bu ölkələrlə ticarət dövriyyəsi artmaqda davam edir.

 

“Dəyişən dünya nizamı və qlobal çoxqütblülük tendensiyası şəraitində həm ikitərəfli, həm də çoxtərəfli formatda dialoq və əməkdaşlığa əhəmiyyət verən Azərbaycanın balanslaşdırılmış siyasəti Bakının BRICS sıralarına qoşulması üçün lazımi zəmin yaradır. Onu da unutmaq olmaz ki, BRICS ideyası təkcə geosiyasi deyil, həm də sırf iqtisadi məqsədlərə əsaslanır. Buna görə də təşkilat sıralarına qəbul Bakı üçün həm siyasi üstünlük olacaq, həm də Azərbaycanla iqtisadi qarşılıqlı fəaliyyət üçün yeni imkanlar yaradacaq”, - məqalədə deyilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
4
qaziler.az

5Mənbələr