Gündəlikdəki 9 məsələ müzakirə olunub, bir sıra qərarlar qəbul edilib
Sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib.
İclasın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev iclasda nitq söyləyib.
Daha sonra Milli Məclisin ən qocaman deputatı kimi iclasa sədrlik edən Ziyad Səmədzadə Yeddinci çağırış Milli Məclisin ilk iclasını açıq elan edib. O, Prezident İlham Əliyevin Milli Məclisin ilk iclasında iştirakını, dəyərli fikirlərini bölüşməsini və proqram xarakterli tövsiyələrini verməsini parlamentin tarixinə yazılan ən mühüm hadisələrdən biri kimi dəyərləndirib. Z.Səmədzadə ulu öndər Heydər Əliyevin yolunu layiqincə davam etdirərək Azərbaycanı zirvələrə yüksəltdiyinə, dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevirdiyinə görə deputatlar adından Prezident İlham Əliyevə təşəkkürünü bildirib və ona gələcək işlərində yeni böyük uğurlar arzulayıb.
Sonra iclasda Milli Məclisin Hesablayıcı komissiyasının yaradılması barədə məsələyə baxılıb. Deputatlar Naqif Həmzəyev, Sevinc Hüseynova, Eldar Quliyev, Soltan Məmmədov, Rövşən Muradov, Səbinə Salmanova, Mixail Zabelin komissiyanın üzvləri seçiliblər.
Ziyad Səmədzadə diqqətə çatdırıb ki, ikinci məsələ - Milli Məclis sədrinin seçilməsi məsələsidir. O, qeyd edib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 33-cü maddəsinə görə, Milli Məclisin sədri vəzifəsinə namizədliyi parlamentin deputatları irəli sürə bilərlər. Bildirilib ki, parlament çoxluğunu təşkil edən Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri bu gün yığıncaq keçirərək, Milli Məclisin sədri vəzifəsinə öz namizədlərini müəyyən ediblər.
Sonra deputat Eldar İbrahimov YAP-ın 68 deputat mandatı qazanaraq parlament çoxluğuna sahib olduğunu xatırladaraq diqqətə çatdırıb ki, Partiyadan Milli Məclisə seçilmiş deputatlar parlamentdə çoxluq hüququndan istifadə edərək və partiya sədrinin tövsiyəsini nəzərə alaraq, Milli Məclisin sədri vəzifəsinə deputat Sahibə Qafarovanın namizədliyini irəli sürür.
İclasda çıxış edən Milli Məclisin deputatı Sahibə Qafarova Milli Məclisin sədri vəzifəsinə onun namizədliyinin irəli sürülməsinə görə Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə və partiya həmfikirlərinə dərin minnətdarlığını bildirib.
Ziyad Səmədzadə bildirib ki, deputat Eldar Quliyev Hesablayıcı komissiyanın sədri, deputat Mixail Zabelin isə komissiyanın katibi seçiliblər.
Sonra Sahibə Əli qızı Qafarova gizli səsvermə nəticəsində Milli Məclisin sədri vəzifəsinə seçilib.
Parlamentin sədri kimi öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bütün bilik və bacarığını sərf edəcəyini söyləyən S.Qafarova YAP-ı Milli Məclisin rəhbərliyində təmsil edərkən güclü və nüfuzlu qanunvericilik orqanı barədə partiyanın ideyalarını reallaşdırmağa çalışacağını vurğulayıb. Deyib ki, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətimizin siyasi inkişafında, dövlətimizin strateji hədəflərinin əldə edilməsində, sosial həmrəyliyin möhkəmləndirilməsində önəmli rol oynayır. 2024-cü ilin parlament seçkilərinin ölkəmizin demokratik inkişafı yolunda irəliyə doğru mühüm addım olduğunu, ölkəmizin siyasi sisteminin yetkinliyini və cəmiyyətimizdə cərəyan edən demokratik proseslərin sabit, davamlı olduğunu göstərdiyini diqqətə çatdıran S.Qafarova seçkilərin ən yüksək standartlara uyğun şəkildə azad, ədalətli və şəffaf şəraitdə keçirilməsinin xalqımızın iradəsinin dəqiq ifadə olunmasını təmin etdiyini deyib.
Sonra gündəliyin üçüncü məsələsinə - Milli Məclis sədrinin birinci müavininin seçilməsi məsələsinə baxılıb və açıq səsvermə yolu ilə Əli Cavad oğlu Əhmədov parlament sədrinin birinci müavini seçilib.
Növbəti 3 məsələ Milli Məclis sədrinin müavinlərinin seçlməsi məsələsi olub. Ziyafət Abbas oğlu Əsgərov, Musa Cəfər oğlu Qasımlı və Rafael Baba oğlu Hüseynov Milli Məclis sədrinin müavinləri seçiliblər.
Parlamentin sədri Sahibə Qafarova gündəliyin yeddinci məsələsinin Milli Məclisin İntizam Komissiyasının yaradılması olduğunu bildirib. İntizam komissiyasının tərkibinə deputatlar Kamal Cəfərov, Afət Həsənova, Məlahət İbrahimqızı, Eldar İbrahimov, Kamaləddin Qafarov, Nəsib Məhəməliyev, Hikmət Məmmədov, Məşhur Məmmədov, Asim Mollazadə, Səttar Möhbalıyev və Nizami Səfərovun namizədlikləri təklif edilib. Komissiyanın tərkibi səsə qoyularaq qəbul olunub.
Sədr gündəliyin səkkizinci məsələsinin Milli Məclisin komitələrinin sədrlərinin seçilməsi olduğunu diqqətə çatdırıb.
İclasda deputat Əli Hüseynli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Arzu Nağıyev Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Zahid Oruc İnsan hüquqları komitəsinin, Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Azər Əmiraslanov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Tahir Rzayev Aqrar siyasət komitəsinin, Musa Quliyev Əmək və sosial siyasət komitəsinin, Əhliman Əmiraslanov Səhiyyə komitəsinin, Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin, Şahin İsmayılov Gənclər və idman komitəsinin, Fazil Mustafa İctimai birliklər və dini qurumlar komitəsinin, Siyavuş Novruzov Regional məsələlər komitəsinin, Anar İsgəndərov Elm və təhsil komitəsinin, Polad Bülbüloğlu Mədəniyyət komitəsinin, Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədrləri təsdiq ediliblər.
Sahibə Qafarova gündəliyin sonuncu – doqquzuncu məsələsinin Milli Məclisin komitələrinin sədr müavinlərinin seçilməsi haqqında olduğunu söyləyib.
Sonra Deputat Elşən Musayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Qüdrət Həsənquliyev Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Arzuxan Əlizadə İnsan hüquqları komitəsinin, Fatma Yıldırım Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Azər Badamov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Razi Nurullayev Aqrar siyasət komitəsinin, Elşad Musayev Əmək və sosial siyasət komitəsinin, Rəşad Mahmudov Səhiyyə komitəsinin, Jalə Əliyeva Ailə, qadın və uşaq məsələləri komitəsinin, Könül Nurullayeva Gənclər və idman komitəsinin, Sahib Alıyev İctimai birliklər və dini qurumlar komitəsinin, Nurlan Həsənov Regional məsələlər komitəsinin, Fariz İsmayılzadə Elm və təhsil komitəsinin, Günay Əfəndiyeva Mədəniyyət komitəsinin, Nigar Arpadarai Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavinləri təsdiq olunublar.
Prezident İlham Əliyevin Milli Məclisin işi ilə bağlı tövsiyələrini birlikdə yerinə yetirmək üçün deputatların var güclərini səfərbər edəcəklərinə əminliyini bildirən S.Qafarova onları bir daha təbrik edib, işlərində uğurlar arzulayıb.
Bununla da yeddinci çağırış Milli Məclisin bugünkü iclası başa çatıb.
XQ