AZ

Heyvanlara qarşı zorakılıq psixoloji sağlamlığa necə təsir edir? - Uşaqların gələcəyi əldən gedir...

Son vaxtlar tez-tez sahibsiz heyvanlara, küçə itlərinə və digər canlılara qarşı qəddar davranışı, işgəncə və zorakılıq xarakterli hərəkətləri əks etdirən görüntülər sosial mediada və mətbuat səhifələrində yayılır. Bununla bağlı bir sıra tədbirlər - məsələn, inzibati qaydada cərimələr - nəzərdə tutulsa da, təəssüf ki, tendensiya davam edir.

 

Modern.az məsələnin aktuallığını nəzərə alaraq heyvanlara qarşı zorakılıq hallarının insan psixologiyasına, ələlxüsus da uşaqların mental sağlamlığına təsirini araşdırıb.

 

Qeyd etmək lazımdır ki, küçə heyvanlarına qarşı zorakılıq, insan psixologiyası, xüsusilə də uşaqların inkişafı üçün ciddi təsirlər yarada bilər. Belə zorakılıq halları bir neçə cəhətdən zərərlidir. Məsələn psixoloji təsirlərdən biri empatiyanın azalmasıdır. Uşaqlar heyvanlara qarşı zorakılıq müşahidə etdikdə, onlarda başqalarına qarşı empatiya hissi azalır.

 

 

Bu, onların sosial münasibətlərini və başqalarının hisslərinə qarşı duyarlılığını zədələyə bilər. Bundan başqa, küçədəki sahibsiz heyvanlara qarşı pis rəftarın şahidi olan azyaşlılarda aqressiv davranışlar müşahidə oluna bilər. Uşaqlar zorakılığı beyinlərində normallaşdırdıqları təqdirdə gələcəkdə özlərinə və ya başqalarına qarşı da eyni cür davranışlar sərgiləyə bilərlər. Bu, sosial problemlərin yaranmasına səbəb ola bilər.

 

Emosional narahatlıq və psixoloji sarsıntı da "dilsiz qonşularımıza" qarşı əzazilliyin nəticələrindən biri kimi çıxış edir. Küçə heyvanlarına qarşı zorakılıq uşaqlarda qorxu, təşviş və depresiya hallarının yaranmasına səbəb ola bilər. Bu, onların gündəlik həyatlarına və sosial münasibətlərinə mənfi təsir edə bilər. Uşaqların şəxsiyyət kimi formalaşmasında bu münasibətlərin rolu həlledicidir.

 

Moral və etik anlayışların formalaşması, dəyərlər seçimi mərhələsində olan azyaşlıların itlərə, pişiklərə və digər heyvanlara qarşı qəddarlığa şahid olması onlarda zorakılıqla bağlı yanlış anlayışlar yarada bilər və bu, onların etik anlayışlarını deformasiya edə bilər. Bu anlayışlar da insanın həyatı boyunca etdiyi seçimlərdə, uğurlu həyat qurmasında xüsusi önəm daşıyır.

 

 

Çıxış yolu nədir?

 

Klassik və şablon üsul hesab olunsa da, maarifləndirmə əksər hallarda effektivdir. Uşaqlarda heyvanlara qarşı sevgi və qayğı hissinin aşılanması, onların empatiya qabiliyyətinin yüksəldilməsi çıxış yollarından biridir. Məktəblərdə və icmalarda heyvan hüquqları haqqında təlimlər keçirilə bilər.

 

Zorakılığın pislənməsi ilə bağlı diskussiyaların təşkili də müəyyən nəticələr verə bilər. Uşaqlarla zorakılığın nə demək olduğunu, onun nəticələrini və başqalarının hisslərini müzakirə etmək onların dünyagörüşünü bu istiqamətdə genişləndirə bilər.

 

İctimai layihələrin gerçəkləşdirilməsi, uşaqların iştirak edə biləcəyi heyvanları qoruma tədbirlərinin təşkil edilməsi də azyaşlıların bu məsələyə daha ciddi yanaşmasını və məsuliyyətli olmasını təmin edə bilər. Heyvanlara qarşı zorakılığın ictimai qınaq vasitəsilə tənqid hədəfinə çevirmək də metodlardan biridir.

 

 

Zorakılıq halları ilə qarşılaşan və bu halları öz gözləri ilə görən uşaqlar üçün psixoloji dəstək qrupları yaradaraq onların hisslərini və düşüncələrini açıq şəkildə ifadə etmələrinə imkan tanımaq da əhəmiyyətlidir. Bu, zərərin minimallaşdırılmasına kömək edə bilər.

 

Hər zaman effektiv olmasa da, vacib işlərdən biri də hüquqi tədbirlərin sərtləşdirilməsidir. Küçə heyvanlarına qarşı zorakılığı azaltmaq üçün qanunvericiliyin gücləndirilməsi və zorakılıq halları ilə bağlı cəzaların artırılması prosesə müsbət təsir göstərə bilər.

 

Qeyd olunmalıdır ki, küçə heyvanlarına qarşı zorakılığın qarşısını almaq cəmiyyətin bütün üzvlərinin birgə səylərini tələb edir. Uşaqları düzgün şəkildə yönləndirmək, onların gələcəkdə daha mərhəmətli və məsuliyyətli fərdlər olmalarına kömək edə bilər.

 

 

Modern Təhlil və Araşdırma Qrupu

Seçilən
11
8
modern.az

9Mənbələr