Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, Göyçay Rayon İcra Hakimiyyəti, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci və “Məhsəti” Şairlər Məclisi İctimai Birliyinin birgə təşkilatçılığı ilə 25 sentyabr 2024-cü il tarixində “Ana dilimizin saflığı” adlı layihəyə həsr olunmuş tədbir keçirildi.
QHT.az xəbər verir ki, tədbirdə ilk öncə Azərbaycan Dövlət Himni səsləndi. Sonra xalqımızın qəlbində əbədiyaşar şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. "Məhsəti" Şairlər Məclisi İctimai Birliyinin təqdim etdiyi layihə çərçivəsində keçirilən görüşdə mədəniyyət işçiləri, ədəbiyyatçılar və tələbələr iştirak etdilər.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin ana dilimizə tükənməz sevgisindən bəhs edildi, ədəbiyyatçılar dilimizin zənginliyindən və onun qorunmasının vacibliyindən danışdılar. Tədbiri giriş sözü ilə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin Tərbiyə işləri üzrə direktor müavini Səbinə Qurbanova açdı və ana dilimizin saflığının qorunmasının əhəmiyyətindən danışdı. “Məhsəti” Şairlər Məclisi İctimai Birliyinin sədri Cəvahir Qaraqızı qeyd etdi ki, layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kiçik qrant müsabiqəsinin qalibidir. Cəvahir Qaraqızı layihə haqqında tamaşaçılara geniş məlumat verdi və Azərbaycanda ədəbiyyatın, mədəniyyətin inkişafından danışdı. O, özünün "Ana dili", "Şəhidlər" və digər şeirlərini səsləndirdi.
Tədbirdə kollecin müəllimləri Ramilə Əhmədova və Şəfa Mikayılova mövzu ilə bağlı çıxış etdilər. Tələbələrdən Xanım Muradzadə, Ruqeyya Dəmirzadə, Almara Ədilova, Zəhra Əzizova və Nazilə Ədilova ana dili haqqında şeirlər söylədilər. “Məhsəti” Şairlər Məclisi İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, şair Həqiqət Qaralıyeva maraqlı çıxışı ilə tamaşaçıların alqışını qazandı. Tədbir zamanı Ramilə Əhmədova, Şəfa Mikayılova və tələbələrdən Almara Ədilova, Zəhra Əzizova “Heydər Zirvəsi” diplomu ilə təltif olundular. Cəvahir Qaraqızı öz kitablarını - "Əsrin Öndəri", "Turana doğlu" və "Aprel döyüşləri"ni Göyçay Mərkəzi Kitabxanasına hədiyyə etdi.
Tədbirdə istedadlı həvəskar müğənni Röyal Sadıqov “Sənsiz”, “Gəl ey səhər” və “Əziz dostum” mahnılarını böyük coşqu ilə ifa etdi. Onun məlahətli səsi hər kəsi duyğulandırdı və o da “Heydər Zirvəsi” diplomu ilə təltif olundu. Sonda Cəvahir Qaraqızı Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevə, İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zivər Zeynalovaya, baş məsləhətçi Qaraş İsmayılova, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Ramil Vəliyevə, kollecin Tərbiyə işləri üzrə direktor müavini Səbinə Qurbanovaya və tədbirdə əməyi keçən hər kəsə dərin minnətdarlığını bildirdi.