AZ

SEPAH generalı da öldürülüb

İsrailin Livana qarşı həyata keçirdiyi genişmiqyaslı hava hücumları zamanı İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli generallarından biri Abbas Nilforuşan öldürülüb. Yaxın Şərq mənbələrinin məlumatına görə, hücum zamanı general “Hizbullah” qərargahında olub.

Nilforuşanın ölümü barədə məlumatlar İsrailin Livandakı “Hizbullah”a məxsus strateji obyektlərə endirdiyi zərbələrdən sonra yayılıb. Təsdiqlənməmiş məlumatlara əsasən, Abbas Nilforuşan regiondakı İran tərəfdarı qüvvələrin fəaliyyətini əlaqələndirirdi və Tehran rejiminin “Hizbullah”a dəstək strategiyasında əsas fiqurlardan biri hesab olunurdu. Onun qərargahda olması hərbi dairələrdə və Yaxın Şərqdəki münaqişələri izləyən analitiklər arasında ciddi rezonans doğurub.

SEPAH-ın Əməliyyat Komandanlığının komandir müavini, general Sərdar Abbas Nilforuşan 2021-ci ilin oktyabr ayında Araz çayı sahillərində keçirilən genişmiqyaslı hərbi təlimlər zamanı Azərbaycana qarşı hədə-qorxu gəlmişdi. O zaman o, Azərbaycanın adını çəkməsə də, İsrailin “bəzi qonşu ölkələrdə iqtisadi fəaliyyət adı altında İrana qarşı kəşfiyyat məlumatları toplamağa çalışdığını” bəyan etmişdi.

Generalın sözlərinə görə, “İsrail bölgədəki xalqlar arasında kök salmış İslam inqilabının qüdrətini anlamadan, qonşu ölkələr vasitəsilə İrana qarşı məlumat toplama cəhdləri göstərir”.

Nilforuşan həmçinin qeyd etmişdi ki, İran təhdidlərə dinc yolla cavab verir, lakin Azərbaycanla sərhəddə yeni hərbi strategiya hazırlayır: “Biz qonşu ölkələrdə düşmənlərimizin mövcudluğunu qəbul edə bilmərik. Bu, bizim üçün qəbuledilməzdir və öz təhlükəsizliyimizi təmin etməliyik. Bu baxımdan, SEPAH-ın quru qoşunları İranın şimal-qərbində yeni bir strategiya tətbiq edib. Biz düşmənlərimizlə harada lazımdırsa, orada mübarizə aparacağıq”.

Seçilən
204
22
vaxt.az

10Mənbələr