AZ

Qurban Qurbanov: "Hakim qəhrəmanlıq göstərdi"

"Azarkeşlər üçün gərgin, maraqlı oyun oldu. Vacib qələbə qazandıq. Yaxşı, istəkli komandaya qarşı oynayırdıq. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Sayları az olsa da, sanki stadion dolu idi".

İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis sarı vərəqə ilə cəzalandırıldığı məqama aydınlıq gətiib: "Hakim hər epizod dayanırdı. Bəlkə kənardan başqa cür görürdüm. Hakimə heç nəyi sübut edə bilmərik. Sonda oyunun tempi qalxdı. Epizodlar var idi, saxlaya bilərdi, saxlamadı. Oyunun tempini aşağı salırdılar, etirazımı bildirdim. O da sağolsun, durmadan sarı vərəqə verdi, qəhrəmanlıq göstərdi. Futbol emosional oyundur. Azarkeş futbola istirahətə gəlir. Biri məşqçinin, biri hakimin hərəkətinə baxır. Hərə bir şeydən ləzzət alır. Səsimizi çıxaran kimi yanımızdadırlar. Hamısının xətrini çox istəyirəm. Daha da böyüsünlər, yaxşı hakimlik etsinlər. Fərqi yoxdur, Qurban ya başqası. Bu cür epizodlara sarı, qırmızı verəcəksənsə, Qurban Qurbanov olaraq tərəfdarı deyiləm. Bizə qarşı sərt oynayırlar. Bəzən buraxmaq da olar, kompramisə getmək olar. İrad bildirdim. İnanın ki, epizod oldu qarşımda, cərimə zərbəsi var idi, biz etmişdik, amma vermədi. Daha da maraqlı oldu. Cəzamı verdi. Hakimlərə qarşı həmişə pozitiv olmuşam. Sadəcə istəyirəm ki, meydandakı oyun daha dinamik olsun. Biz Avropa futbolundan danışırıqsa, o sürətə dözmək istəyiriksə, burada oyun durmalı deyil. Daha da aktiv olmaq lazımdır. Görsək ki, çox futbolçuya xəsarət yetiriləsi epizoddur, heç nə demərəm. Bəzən məşqçilər emosiyalarını saxlaya bilmir".

Qurban Qurbanov komandanın Avropa Liqasındakı oyunu ilə bağlı da danışıb: "Bizim azarkeşlər üçün fərqi yoxdur rəqib "Tottenhem"dir, yoxsa "Malmö", qələbə istəyirlər. Bu, bizə həm motivasiya verir, həm də həyəcan. İstər-istəməz bizdən daha böyük nəticələr gözləyirlər. Futbolçularda həyəcan olur. Belə sıx qrafikdə onları optimal formada saxlamaq çox çətindir. Mən oynamıram, amma hələ özümə tam gəlməmişəm. Çox uzun, yorğun səfərimiz oldu. İnsan nə qədər yolda olar? 20 saat yolda olmuşuq. Bu da idmançının normal performansda qalması üçün böyük zərbədir. Motivasiya edəcəyik. Bəlkə başqa çatışmazlıqlarımız ola bilər. Böyük nəticə üçün çətinliklərə dözməliyik. Çalışacağıq ki, komandanı "Malmö" ilə oyuna hazırlayaq. Yaxşı oyunla yaxşı nəticə istəyirik".

Qeyd edək ki, "Qarabağ" 18 xalla turni cədvəlinə başçılıq edir.

İdman.biz

Seçilən
16
9
idman.biz

10Mənbələr