Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Bununla əlaqədar 31 il əvvəl 1993-cü il 3 oktyabr tarixində keçirilən seçkilərdə ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.
XX əsrin sonunda Azərbaycan xalqının əldə etdiyi ən böyük nailiyyəti, heç şübhəsiz, dövlət müstəqilliyinin bərpası və müasir Azərbaycan dövlətinin yaradılmasıdır. Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqın milli dövlətçilik tarixində əsaslı dönüş yaratdı. Qısa vaxt ərzində həm hərbi-siyasi, həm də iqtisadi böhrandan çıxış yolları tapıldı. 1993-cü ildən başlayaraq Azərbaycan Respublikasının demokratik, hüquqi və dünyəvi dövlət kimi möhkəm təməllər üzərində inkişaf etməsi, sosial-iqtisadi həyatın bütün sahələrini əhatə edən köklü dəyişikliklər və dərin islahatların həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1993-2003-cü illər də ölkə üçün həlledici illər oldu. Məhz həmin illərdə milli dövlətçiliyin möhkəm təməli qoyuldu, Azərbaycanı Respublikasının istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edildi.
Ulu Öndərin siyasi hakimiyyətdə olduğu dövrdə Azərbaycan xalqının taleyində, onun ictimai, siyasi, mənəvi həyatında misilsiz xidmətlər göstərdiyini qeyd edən millət vəkili bildirdi ki, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz Ulu Öndərin adı ilə bağlıdır. Məhz bu dövrdə Azərbaycan dövlətinin qadın siyasəti yeni mərhələyə qədəm qoydu. Heydər Əliyev Azərbaycan qadınlarının inkişafına, hüquqlarının qorunmasına və onların dövlət vəzifələrinə irəli çəkilməsinə diqqət və qayğı göstərmiş, Azərbaycan qadınının mərdliyini, fədakarlığını, sədaqətini, ismətini ən ali dəyərlər kimi qiymətləndirmişdir.
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratmışdır və onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir. O, dünya siyasətinə təsir etmək gücündə olan və qlobal miqyasda təhlillər aparmağı bacaran siyasətçi idi. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləridir;
Qərbə inteqrasiya yolunu tutan Ulu Öndər Heydər Əliyev ən çətin anlarda belə yenilməz siyasi iradə nümayiş etdirdi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi oldu. Sonradan Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. Dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan qadınlarına verdiyi qiymət hər zaman diqqət çəkmişdir. Ulu Öndər qadınların idarəetmə, qərar qəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib bilmişdir və Onun qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı mühüm fərman və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoymuşdur. Dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı öncül dövlətlər sırasına gətirib. Ölkəmizdə qadın problemləri daim dövlət qayğısındadır və gender proqramı ardıcıl surətdə həyata keçirilməkdədir. Ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycanda yeni siyasi və iqtisadi sistem qurulmuş, ölkəmiz sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmişdir. Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atmışdır.
Millətin məhəbbətini qazanmış ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası