Son günlər ölkə ərazisində insanlar arasında kəskin mədə ağrısı, ürək bulanma kimi əlamətlərlə özünü göstərən infeksiya yayılıb.
Sürətlə yayılan bu virus əsasən uşaq və yaşlılarda özünü göstərir.
Bu əlamətlərlə özünü göstərən virus nədir? Bundan necə qorunmaq olar?
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, mədə ağrısı və ürəkbulanma, bəzi hallarda qusma və ishalın da qoşulması ilə müşayiət olunan infeksiyalar müxtəlifdir:
"Bunlar həm virus, həm də bakterial mənşəli ola bilər. Viruslardan rotaviruslar, enteroviruslar, adenoviruslar bu halı törədə bilər. Bu cür infeksiyalar əsasən yüngül gedişli olur və yoluxan adam tez sağalır. Bakterial infeksiyalardan qida toksikoinfeksiasına səbəb olan stafilakok, klostridium və s. qeyd etmək olar. Yoluxma bütün bu hallarda ümumən hava-damcı, təmas yolu, infeksiyalarla çirklənən su və qida maddələrinin qəbulu ilə realizə olunur. Beləliklə, bu tip infeksiyalardan qoruma tədbirlərinə maskanın geyilməsi, sosial məsafənin gözlənilməsi, qaynanmamış sudan istifadə etməmək, qidaların düzgün hazırlanması və saxlanması qaydalarına əməl etmək və s. aiddir".