AZ

Azərbaycanın hərtərəfli inkişafının təməlində güclü iqtisadiyyatı dayanır

Bu gün Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlətdir. İqtisadiyyat bütün dövlətlərin inkişafının özəyidir və dövlətin inkişafı onun iqtisadi inkişafından bilavasitə asılıdır.

Hər bir inkişafın əsasında iqtisadi tərəqqi dayanır. Prezident  İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi gündən neft gəlirlərindən səmərəli istifadə etməklə ölkədə iqtisadiyyatın şaxələndirilməsinə nail olmağı, ağırlıq mərkəzini tədricən neftdənkənar sahələrə yönəltməyi və beləliklə də, iqtisadi artımın qeyri-neft sektorunun hesabına baş verməsini qarşıya mühüm vəzifə kimi qoyaraq bu strateji hədəfə çatmaq üçün mühüm qərarlar qəbul edib.

Azərbaycan iqtisadi resurslarla zəngin ölkədir, bu geniş imkanlar güclü iqtisadi baza rolunu oynayır. Prezident İlham Əliyev ölkəmizin mövcud potensialını iqtisadi reallığa çevirərək yeni hədəfləri müəyyənləşdirib. Azərbaycanı yüksək inkişaf səviyyəsinə çıxaran əsas amillər siyasi sabitlik, çevik idarəetmə, ardıcıl iqtisadi islahatlar, irihəcmli investisiyalar və insan kapitalıdır. Dövlətimizin başçısı ölkəmizə rəhbərlik etdiyi dövrdən hal-hazıradək  məhz bu amilləri özündə ehtiva edən çoxsaylı islahatlar paketi həyata keçirib. Bu müddətdə Azərbaycan iqtisadiyyatı həm kəmiyyət, həm də keyfiyyət baxımdan inkişaf edib. Günü-gündən daha da güclənən iqtisadiyyatımız ötən dövrdə hər sahədə milli hədəflərə nail olmaq üçün əsas dəstəkverici qüvvə kimi çıxış edib. Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin başlıca hədəfi və nəticəsi ölkəmizin azad iqtisadi bazaya malik olmasıdır. Dünyada çox az ölkə var ki, iqtisadi cəhətdən müstəqildir. Bu iqtisadi müstəqillik Azərbaycana milli maraqlara xidmət edən siyasət yürütməyə imkan verib. Məhz bunun hesabına Azərbaycan nəhəng regional layihələri reallığa çevirərək siyasi-iqtisadi cəhətdən dünyanın ən öndə gedən ölkələrindən birinə çevrilib. 

Prezident İlham Əliyevin sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki çıxışı, ölkəmizin iqtisadi siyasət istiqamətlərini daha da aydınladan və qarşıdakı illərdə əsas prioritetləri müəyyənləşdirən mühüm bir tədbir oldu. 

Ölkə başçısı  müşavirədə bir daha bildirdi ki, əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. Prezident İlham Əliyev yeni dövrün yeni hədəflərini açıqlayarkən bu mühüm məqamı xüsusi qeyd edir ki, bunlara nail olmaq üçün iqtisadiyyatımız inkişaf etməlidir. Suverenliyimizin bərpası ilə Azərbaycanın qarşısında yeni imkanlar, üfüqlər açıldı. Dövlətimizin siyasətində ölkəmizin hərtərəfli inkişafının prioritetliyi və bunun üçün kompleks tədbirlərin həyata keçirilməsi bu imkanların bütün sahələrdə yaranmasını şərtləndirdi.

Müşavirədə dövlət başçısı İlham Əliyev bir daha diqqəti əsas hədəfimiz olan dayanıqlı inkişaf modelinin təkmilləşdirilməsinə yönəltdi. Bildirdi ki, ilin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir. “ İlin əvvəlində mən bu ilin iqtisadi sahədə uğurlu olub-olmaması haqqında danışanda qeyd etmişdim ki, tam əminəm, bu il iqtisadiyyatımız üçün uğurlu olacaq. İlin əvvəlindən əldə edilmiş nəticələr və iqtisadi göstəricilər mənim sözlərimi təsdiqləyir” söyləyən cənab İlham Əliyev diqqəti cari ilin ötən dövrünün əsas iqtisadi göstəricilərinə yönəltdi. Belə ki, iqtisadi artım 4,3 faiz təşkil edib.

Ölkənin iqtisadi inkişaf strategiyalarından olan sənayeləşmə prosesinin gücləndirilməsi və yeni sənaye parklarının yaradılması vacib məsələlərdəndir. Azərbaycanın suverenliyinin tam bərpasından sonra işğaldan azad ərazilərdə - Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parklarının yaradılmasının iqtisadiyyatımız üçün çox müsbət nəticələr doğurub.Eyni zamanda bu sənaye parkları daxili bazarın ehtiyaclarını təmin etməklə yanaşı, həm də xarici bazarlara ixracyönümlü məhsulların istehsalını təmin etməyə imkan verir. Yeni sənaye sahələrinin yaradılması işğaldan azad edilmiş ərazilərin bərpası prosesində mühüm rol oynayır və həmin bölgələrin iqtisadiyyatına yeni nəfəs verir.

Prezident İlham Əliyev çıxışında ölkə qarşısında hərbi, hərbi sənaye kompleksinin inkişafı, Qarabağ və Şərqi Zəngəzurun bərpası kimi böyük maliyyə vəsaiti tələb edən vəzifələrin durmasına baxmayaraq, gələn il minimum əməkhaqqı və minimum pensiyanın artıralacağından da bəhs etmişdir. Bu qərar həssas təbəqə sayılan vətəndaşlarımızın rifahının yaxşılaşdırılmasına xidmət edəcək. Şübhəsiz ki, ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpa edilməsi nəticəsində Azərbaycan dövlətinin gücünü daha da artırması xarici investorların bizə qarşı münasibətinə müsbətyönümlü təsir edib.

Azərbaycanın son illərdə həyata keçirdiyi iqtisadi islahatlar ölkəni regionda lider dövlətlərdən birinə çevirib. Prezident İlham Əliyevin yaratdığı iqtisadi inkişafın müasir Azərbaycan modeli ölkəmizin tərəqqisinə,hərbi qüdrətimizin gücləndirilməsinə, dünya ölkələri arasında mövqeyinin daha da möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər arasında yer almasına xidmət edir.

Rövlan Heydərov,

YAP Naftalan şəhər təşkilatının sədri 

Seçilən
72
yeniazerbaycan.com

1Mənbələr