AZ

Tarixi Zəfərlə nəticələnən Milli Strategiyada Ali Baş Komandan faktoru

Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən, yeni məzmun və ideyalarla zənginləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində dərin islahatlar, genişmiqyaslı təlimlər həyata keçirildi və hərbi qulluqçuların peşəkarlığının artırılması, Azərbaycan Ordusunun şəxsi heyətin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Eyni zamanda, xidmət və sosial məişət şəraitinin yaxşılaşdırılması da diqqətdən kənar qalmadı, bu istiqamətdə mütəmadi olaraq tapşırıqlar verildi, Sərəncam və fərmanlar imzalandı.

Bu sətirlər ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist İsa İsmayılovun və publisist, tərcüməçi, Yazıçılar Birliyinin üzvü Nadiyə Qafarovanın “Tarixi Zəfərlə nəticələnən Milli Strategiyada Ali Baş Komandan faktoru” sərlövhəli məqaləsində yer alıb. 

“İki sahil” məqaləni təqdim edir.

Prezident İlham Əliyevin ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Heç şübhəsiz ki, ölkəmizdə ordu quruculuğu növbəti illərdə də prioritet sahələrdən biri olacaq.

Müasir silahlara, yüksək texnologiyalara, ən qabaqcıl hərbi-texniki vasitələrə, güclü sosial bazaya, mükəmməl döyüş hazırlığına və ruh yüksəkliyinə malik Azərbaycan Ordusu torpaqlarımızı azadlığa qovuşdurdu, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Zəfərlə nəticələnən Vətən müharibəsindən, eləcə də antiterror tədbirləri də daxil olmaqla, postmüharibə dövründə aparılan əməliyyatlardan illər keçsə də, bu mövzuya maraq səngiməyəcək, qazandığımız qələbələr və nail olduğumuz uğurlar öz tarixi əhəmiyyətini itirməyəcək. Silahlı Qüvvələrimizin döyüş əməliyyatları bu gün də dünyanın bir çox hərbi elmi mərkəzləri, hərbi ekspertlər və analitiklər tərəfindən təhlil edilməkdədir.

Bu uğurların əsasında təməli Ulu Öndər tərəfindən qoyulan və Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında dövlətimizin bütün istiqamətlərdə uğurla, inamla yürütdüyü düzgün strategiya dayanır. Milli müdafiə strategiyasının ana qolu isə ordu quruculuğudur. Düzgün hesablanmış diplomatik gedişlər, aparılan uğurlu daxili və xarici siyasət, dayanıqlı iqtisadi inkişafa nail olunması, ordu quruculuğu prosesində taleyüklü islahatların həyata keçirilməsi, ən nəhayət, xalq-dövlət-ordu birliyi bu strategiyanın təməl prinsipləridir. Milli müdafiə strategiyasının həyata keçirilməsi nəticəsində iqtisadi imkanlarımız artdıqca Ordumuzun arsenalına ən müasir silah və hərbi avadanlıqların daxil edilməsi təmin olundu. Hərbçilərimizin peşəkarlığının yüksəldilməsi məqsədilə keçirilən döyüş hazırlığı məşqləri, irimiqyaslı təlimlər, hərbi qulluqçularımızın beynəlxalq kurslara cəlb edilməsi və ən müasir hərbi təhsil sisteminin qurulması da iqtisadi qüdrətimizin məhsuludur.

Möhtəşəm “Dəmir yumruq” əməliyyatından sonra Azərbaycan Ordusu yeni keyfiyyət mərhələsinə yüksəldi, qoşunlar ən müasir silah və hərbi texnika, bütün təminat növləri ilə təchiz edildi. Azərbaycanda hərbi-sənaye kompleksinə aid onlarla müəssisə uğurla fəaliyyət göstərir, ordumuz keyfiyyətli məhsullarla təmin edilir. Azərbaycanın hərbi sənaye zavodlarında bütün növ patronlar, tapança, avtomat, pulemyot, qumbaraatan, minaatan, aviasiya bombası, zirehli maşın, snayper tüfəngi, pilotsuz uçuş aparatı da daxil olmaqla, mindən çox çeşiddə müdafiə təyinatlı məhsullar istehsal edilir.

Qətiyyətli Ali Baş Komandanın rəhbərliyi altında yenilənən, inkişaf edən, qüdrətlənən müasir Azərbaycan Ordusu regionun ən güclü hərbi strukturu, dünya orduları sırasında layiqli və yüksək yer tutan, vahid komandanlıq altında mərkəzdən idarə olunan, Vətənimizin müdafiəsində ayıq-sayıq dayanan peşəkar ordudur. Bu gün əminliklə deyə bilərik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunmuş Ordumuz xalqımıza qarşı yönəlmiş istənilən təcavüzün dəf olunmasını və ərazi bütövlüyümüzün müdafiəsini əzmlə təmin etməyə tam qadirdir.

Ordu quruculuğu sahəsində aparılan islahatlar uğurla davam edir. Mövcud hüquqi baza təkmilləşdirilir, beynəlxalq qanunlara, hüquqi normativlərə inteqrasiya təmin olunur. Dövrün tələblərinə cavab verməyən qərarlar, sərəncamlar, sənədlər təftiş-təhlil edildi, hüquqi sənədlər, əsasnamələr yenidən işlənilərək hazırlandı. Şəxsi heyətin döyüş ruhunun, qələbə əzminin əhəmiyyəti nəzərə alınaraq, mənəvi-psixoloji təminata, nizam-intizama, milli-mənəvi dəyərlərə əsaslanan vətənpərvərlik tərbiyəsinə daha böyük və xüsusi önəm verildi, hərbi psixoloqlar fəaliyyətə başladı. Bu müsbət addımların nəticəsini Vətən müharibəsi və postmüharibə dövründə keçirilən əməliyyatlarda bütün ölkə gördü. Döyüş hazırlığına cavabdeh qurumların rolu və əhəmiyyəti yüksəldildi, bölmələrin əməliyyat imkanları xeyli artırıldı. Hərbi kadrların hazırlanması sistemi mərkəzləşdirildi və hərbi təhsildə ciddi islahatlar aparıldı, keyfiyyət göstəriciləri əhəmiyyətli dərəcədə yüksəldi. Bu gün ordumuzda kadr təyinatları zamanı yeni düşüncə tərzinə malik, peşəkar, döyüş təcrübəsi və ordumuza yenilik gətirmək bacarığı olan, çətin vəziyyətlərdə operativ, qətiyyətli qərarlar qəbul etməyi, qarşıya qoyulan tapşırıqları daha səmərəli icra etməyi bacaran, səriştəli, hazırlıqlı hərbçilərin seçilərək təyin edilməsinə üstünlük verilir. Kadrların təyin edilməsində rotasiya prinsipi tətbiq edilir, bu da hərbi hissələrdə sosial ədalət prinsipinin qorunmasına münasibətin müsbət təzahürüdür. Şəxsi heyətin yalnız döyüş hazırlığı ilə məşğul olmasını təmin etmək üçün təminat-təchizat və bir çox digər işlərə yalnız mülki şəxslər cəlb olunur. Bağlaşma-müqavilə əsasında xidmətə keçid təmin olunub və bölmələrin döyüş hazırlığına birbaşa təsir edəcək vəzifələrə ixtisaslı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların cəlb edilməsi prosesi ordunun tələbatına uyğun olaraq planlı şəkildə davam edir. Quru Qoşunları, əməliyyat (komando) birləşmələri və Milli Müdafiə Universitetinin yaradılması, həmçinin Xüsusi Təyinatlı Qüvvələr və Hərbi Dəniz Qüvvələrinin gücləndirilməsi də islahatların nəticəsidir. Səfərbərlik və qoşunların komplektləşdirilməsi sisteminin maksimal dərəcədə asanlaşdırılması nəticəsində ehtiyat qüvvələrin hazırlanması və təlimlərə cəlb edilməsi işi tamamilə yenidən qurulub. Artıq neçə ildir ki, fəaliyyət planına uyğun olaraq il ərzində hərbi vəzifəlilərlə mütəmadi olaraq təlim toplanışları keçirilir.

Ali Baş Komandanın göstərişinə əsasən, ordumuzun hərbi potensialının və dövlətimizin müdafiə qüdrətinin artması məqsədilə alınan müasir silah və texnika dərindən öyrənilməsi və praktikada effektiv tətbiqi və səmərəli istifadəsinin təmin olunması üçün birbaşa qoşunların sərəncamına verilir. Bunun sayəsində istənilən hərbi texnikanın silahlanmaya qəbul edildiyi gündən praktiki öyrənilməsi təmin olunur. Bir faktı da qeyd etmək yerinə düşər ki, hərbi hissələrdə quraşdırılmış trenajorlar və simulyatorlar vasitəsilə daha az resurs sərf etməklə şəxsi heyət tərəfindən döyüş texnikaları öyrənilir, sonra isə döyüş hazırlığı məşğələlərində və təlimlərdə həmin texnikaların praktiki tətbiqi həyata keçirilir. Yuxarıda qeyd etdiyimiz kimi, arsenala daxil olan silahları idarə edənlər əsasən bağlaşma yolu ilə xidmət edən şəxsi heyətdir, öz işinin peşəkarlarıdır.

Ordunun döyüş hazırlığının yüksəldilməsi və hərbi qulluqçuların peşəkarlığının artırılması məqsədilə yüksək dəqiqliyə malik silahlardan maksimum istifadə etməklə baş tutacaq təmassız, hibrid savaşlar, lazer texnologiyaları, süni intellekt və digər texnoloji yeniliklərlə zəngin döyüş əməliyyatlarının öyrənilməsi istiqamətində də ordumuzda uğurlu işlərin bünövrəsi qoyulub və bu sahədə də planlı işlər icra olunur.

Döyüş əməliyyatlarında hərbi aviasiyanın əhəmiyyəti və rolu nəzərə alınaraq, son illər Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə bölmələrimizin müasirləşdirilməsi istiqamətində də nəhəng işlər görülüb. Ordumuz hərb elminin son nailiyyətlərindən geniş istifadə etmək imkanı qazanıb. Tələbata uyğun müasir təlim-döyüş təyyarələri, pilotsuz uçuş aparatları, avtomatlaşdırılmış idarəetmə sistemləri, yüksək dəqiqlikli silahlar alınaraq Hərbi Hava Qüvvələrimizin arsenalına daxil edilib. Hərbi pilotların uçuş saatları çoxaldılıb, aviasiya silahlarının praktiki istifadəsinə və radiolokasiya sistemlərinin daima yenilənməsinə xüsusi diqqət yetirilir və bu istiqamətdə dünyanın ən qabaqcıl ölkələrində istehsal edilən qurğularının alınması, regionun və ölkəmizin ərazisində istifadəyə, eyni zamanda, onların bir-birinə inteqrasiyası məqsədilə modernləşdirmə prosesi davam edir. Həmçinin Hərbi Dəniz Qüvvələri, raket və artilleriya hissələri, tank və digər zirehli texnika, rabitə və idarəetmə sistemləri yenilənib, həmin sahədə tətbiq edilən texnikaların modernləşdirilməsi ilə bağlı böyük işlər görülüb. Hərbi Dəniz Qüvvələri sahildə deyil, dənizdə döyüş atışlı təlimlər keçirməklə praktiki vərdişləri təkmilləşdirir. Xəzər dənizinin ölkəmizə aid sektorunda infrastrukturların etibarlı mühafizəsini təşkil etmək məqsədilə fasiləsiz döyüş növbətçiliyi həyata keçirilir.

Qoşunlarda yalnız nəzəri dərslərə deyil, həmçinin yeni inşa edilmiş poliqonlarda müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə döyüş atışları yerinə yetirilən, intensiv, aktiv fazalı, döyüş şəraitinə maksimum yaxınlaşdırılmış müxtəlif miqyaslı təlimlərə daha çox üstünlük verilir. Bütün səviyyələrdə, müxtəlif kateqoriyalı hərbi qulluqçuların cəlb edilməsi ilə keçirilən praktiki təlim-məşqlərin və döyüş atışlarının sayı əhəmiyyətli dərəcədə artırılıb. İl ərzində hərbi qulluqçuların təminatı normalara, mövsümə və xidmət şəraitinə uyğun tam həcmdə təmin olunur və bu işdə keyfiyyət daim əsas tələb olaraq qalır. Şəxsi heyətin sağlamlığının qorunması və ixtisaslı tibbi xidmətin göstərilməsi məqsədilə ən müasir tibbi avadanlıqlar, mobil səhra hospitalları, reanimobillər, sanitar helikopterlər alınaraq şəxsi heyətin istifadəsinə verilib.

Vətən müharibəsinin başlamasının dördüncü ildönümündə 2020-ci ilin sentyabr - noyabrında baş verən tarixi proseslərdən danışarkən səmimi olaraq qeyd etmək istəyirik ki, tarixi Zəfərlə nəticələnən Milli Strategiyamızda Ali Baş Komandan faktoru həlledici rol oynayıb. İyirmi illik gərgin və qətiyyətli fəaliyyəti dövründə İlham Əliyev etimadı, inamı doğrultdu, xalqın sevgisini qazandı. Yüksək intellekti, praqmatik düşüncələri, enerjisi, təşəbbüskarlığı, müasir dünya siyasəti, diplomatiya və iqtisadiyyatla bağlı dərin bilikləri sayəsində xalqı dəmir yumruq kimi sıx birləşdirməyə nail olmaqla, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı naminə nəhəng işlər gördü. Dünyaya sübut etdi ki, xalqı ətrafında birləşdirərək, həmrəyliyə nail olub, ölkəsini uğurlara, zəfərlərə, nurlu sabahlara aparmağa qadir Rəhbər, Şəxsiyyət, Lider və Müzəffər Ali Baş Komandandır. Xalqın dəstəyi ilə İlham Əliyev Ulu Öndərin sona çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri uğurla reallaşdırdı, torpaqlarımızın işğaldan azad edilməsinə, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpasına nail oldu.

Vətən müharibəsində Zəfərimiz Ali Baş Komandan İlham Əliyevin şah əsəri, Azərbaycan tarixinin ən möhtəşəm abidəsidir.

Seçilən
31
4
ikisahil.az

5Mənbələr