Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Tural İrfan söyləyib. T.İrfan qeyd edib ki, əsasən, Avropadan bu gün dünyaya eyni cinslərin evliliyi, azad seks, pozğunluq kimi "dəyərlər" aşılanır:
"Ara - sıra ölkəmizdə də müxtəlif adlarla, müxtəlif şüarlarla bəzi qruplar ortaya çıxır, ancaq xalqımız öz dəyərlərini qorumalıdır. Həmçinin dövlət qurumları, ictimai təşkilatlar "Avropa mədəniyyəti" adı altında təbliğ olunan, əslində isə mədəniyyətsizlik olan ənənələrə qarşı təbliğat aparmalıdır. Bu gün baş verən bir çox cinayətlər, narkomaniya, radikalizm və qeyri - ənənəvi əməllərin təbliği birbaşa Qərbin müəyyən dairələri tərəfindən idarə olunur".
Ekspert bildirib ki, ideoloji təcavüz qismində aşılanan mənfi hallara qarşı operativ tərbirlər görülməlidir:
"Gələcək nəslin korlanmasına səbəb olan, "müasirlik" adı altında vüsət alan hər bir ənənəyə, hər bir əmələ qarşı mübarizə vacibdir. Gənc nəslin tərbiyəsi dövlətimiz üçün, xalqımız üçün önəmlidir. Bu kimi məsələlərin nizamlanmasında cəmiyyətin bütün təbəqələri məşğul olmalıdır. Dini maarifləndirmənin də şübhəsiz ki, mənfi ənənələrin aradan qalxmasında rolu var. Ancaq sağlam təbliğat olmalıdır. Nə yazıq ki, bəzən dini təbliğat adı altında da xalqımızın ənənəvi inancına müxalif yönə istiqamət alanlar, xarici təsirə uyanlar olur. Ona görə də dövlət qurumları nəzarəti artırmalıdır".
T.İrfan deyib ki, anti-milli dünyagörüşünü guya "müasir dünya görüşü" adı altında yayırlar:
"Şübhəsiz ki, buna uyanlar da savadsız, təcrübəsiz insanlardır. Odur ki, əxlaqa, milli mənəvi dəyərlərə zidd olan hər bir təbliğatçının fəaliyyəti nəzarətə alınmalıdır.
Bəzi cərəyanlar vardı ki, dini ad altında müharibəni, dövləti müdaifəni, əsgərliyi qəbul etmirdi, əksinə təbliğat aparırdı. Bunu guya ümumdünya sülhü üçün etdiklərini deyirlər. Amma mahiyyətinə varanda məlum olurdu ki, bu dairələr düşmənə xidmət edir, əhalinin düşməndən özünü müdaifə ruhunu öldürməyə xidmət edir. Və yasaqlandı. Ancaq yenə də belə qurumların təsiri özünü göstərir. Ziyanlı, zərərli, milli və dini dəyərlərə zidd olan, radikalizmi, anti - milli düşüncəni aşılayan şəxslərə qarşı hər kəs ayıq olmalıdır. Çünki dövlətin möhkəmliyi və gələcəyi üçün sağlam gənclərin formalaşması vacibdir".
Törə Zeynallı
Demokrat.az