AZ

Pezeşkiandan kritik Azərbaycan anonsu – “Öz hökumətləri olacaq...”

“Ölkədə hər hansı hadisənin baş verəcəyi təqdirdə Kürdüstan, Azərbaycan, Sistan və Bəlucistan, Xuzistan özlərinin hökumətlərini quracaqlar”.

Belə bir açıqlamanı İran Prezidenti Məsud Pezeşkian ABŞ-da iranlılarla görüşündə deyib.

O, ölkə daxilində böhranların davam edəcəyi təqdirdə artıq İran adında ölkənin mövcud olmayacağını bildirib.

Maraqlıdır ki, Pezeşkianın sələfləri bənzər fikirləri heç vaxt söyləməyiblər. Bəs bu, nəyin anonsudur? Azərbaycanlı prezident İranın gələcəyindən yana narahatdır, yoxsa?

Belə fikir var ki, İsrail və ABŞ növbəti mərhələdə İrana qarşı fəaliyyətə hazırlaşır. Pezeşkianın yuxarıdakı açıqlaması da bu xüsusda təsadüfi deyil. Yəni bildirilir ki, ABŞ və İsrail İranda rejim dəyişikliyinə nail ola bilməsə, Pezeşkianın səsləndirdiyi modeli həyata keçirməyə çalışacaq, Azərbaycan da buna hazır olmalıdır.

Sabir

Vətən Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı İran prezidentinin dediklərinin təsadüf olmadığını bildirdi: “İran prezidentinin bu fikirləri hansı kontekstdə dediyini dəqiq bilmirəm. Amma məncə Pezeşkian ilk növbədə, ölkəsinin bütövlüyünü düşünür. Onun vəzifəsi bunu tələb edir. O, bölücülük mövqeyindən danışa bilməz. Əksi olarsa, dövlət onu qəbul etməz. Hər halda İranda oturuşmuş bir dövlət ənənəsi var. Sadəcə Pezeşkian demək istəyir ki, iğtişaşlar olarsa, İran param-parça olacaq. Orada milli azlıqların adını çəkməklə göstərmək istəyir ki, İranda mərkəzdənqaçmaya meylli qüvvələr var və ona görə də, onların bir yerdə olması, bir-birini tamamlamaları təhlükəlidir. Məncə, o belə bir mesaj verir. Onun anonsunu həm də verir ki, İranda hər hansı bir xalq irəli çıxarsa, o tək qalmayacaq. İş təkcə həmin xalqla bitməyəcək və İran bir neçə hissəyə ayrıla bilər. Hər halda cənub qonşumuzda azərbaycanlılar var, xalqın böyük qismi türkdillidir. Orada Azərbaycan türkləri, kürdlər, ərəblər, lordlar və s. var. Farslar əslində azlıq təşkil edirlər. Məncə onun əsas niyyəti bütün bunlara işarə etməkdir”.  

Partiya

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Qərb dairələrinin heç zaman İranın parçalanmasını istəmədiklərini qeyd etdi: “İran özlərinin adlandırdığı İslam inqilabından sonra bəlkə də indi özlərini ən təhlükəli vəziyyətdə hiss edirlər. Çünki azından müttəfiqləri sıradan çıxarılır. Hizbullahın təkcə lideri deyil, bütün rəhbər heyəti sıradan çıxarılmaqdadır. Ondan qabaq Tehranda İsmayıl Haniyə öldürüldü, daha əvvəl də Qasım Süleymani öldürülmüşdü. Bundan əlavə, son illərdə İran daxilində hakimiyyətə qarşı etirazlar, xüsusilə, gənclərin etirazları getdikcə artmaqdadır. İranda artıq qadınlar hicabı simvolik olaraq taxırlar. Açıq şəkildə qadınların saçları görünür. Bəzən ümumiyyətlə, hicabı çıxarırlar. Əslində hicab elə bir geyim formasıdır ki, orada saçın bir teli də görünməməlidir. Orada isə artıq saçın hissələri görünür. İran iqtidarı da bunlarla barışmağa məcbur olur. Daxili və xarici təhlükələri qeyd etsək, İran prezidentinin bu çıxışı başa düşüləndir. Orada təəssüf doğuran məqamlardan biri də odur ki, səhv etmirəmsə, əvvəl Kürdüstanın, sonra Azərbaycanın adını çəkir. Cənub qonşumuzda inqilabların beşiyi Azərbaycan olub, nədənsə Kürdüstanın adını birinci çəkir. Görünür, kürdlərin bir qədər daha fəal olmaları İran tərəfindən onları ilk sıraya qoyub. Azərbaycan türkləri görünür ki, kürdlərlə müqayisədə siyasi fəallıqları nisbətən azdır. İranı ən çox idarə edən, hakimiyyətdə daha çox təmsil olunan Azərbaycan türkləri üçün bu heç də xoş hal deyil. Amma istənilən halda hesab edirəm ki, Qərb İranın bölünməsinin tərəfdarı deyil. Uzaqbaşı orada hakimiyyət dəyişikliyi tərəfdarıdır. Amerika-İran, İran-İsrail müharibəsini gözləmirəm. İran bölünə bilər, amma bunu Amerikamı edəcək, baxın bu fikirlərlə razı deyiləm. Sovetlər birliyi bölündü, amma Amerika bunu istəyirdimi? Xeyr. Sadəcə proseslər o axarla getdi. İndi də İranda qopmalar baş verə bilər. Amma bunu Qərb etməyəcək. Tarix boyu müsəlman şərqində İran Qərbə lazım olub. Sadəcə cənub qonşumuz daim Türkiyəyə qarşı istifadə olunub. Onun üçün İranın parçalanmasını Qərb istəmir. Bu tezisin arxasınca heç vaxt getməmişəm. Bundan sonra da bunun baş verə biləcəyinə heç vaxt inanmaram”.

Azərbaycanın

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadənin sözlərinə görə, Pezeşkianın İranın parçalanması ilə bağlı söylədikləri də əslində proksi güclərə ünvanlanıb: “2003-cü ildə İraqa qarşı birbaşa hərbi müdaxilə ABŞ-a ciddi maddi-hərbi resurs və personal itkisi (təqribən 1,1 trilyon dollardan çox xərc) hesabına başa gəldiyi üçün “Böyük Ortadoğu Planı”nda (BOP) proksi qüvvələrdən faydalanmaq mühüm bir taktiki dəyişiklik sayıla bilərdi. Lakin bu, eyni şəkildə İranın da Yaxın Şərq siyasətində proksi güclərdən istifadəsini artırması ilə nəticələnmişdi. İranın Fələstində (Qəzzada) Həmas, Livanda Hizbullah, Yəməndə Husilər, İraqda kürdlər, Misirdə “Müsəlman Qardaşları” kimi hərəkatlar vasitəsilə İsraili və ABŞ-ın regiondakı maraqlarını təhdid etdiyi məlumdur. Xüsusilə 2023-cü ilin 7 oktyabrdan bəri İsrailin içərisində olduğu müharibə bu təşkilatların nə dərəcədə təhdid yaratdığını açıq şəkildə ortaya qoydu. Odur ki, İsrail bu qüvvələrin axırına çıxmaqda qərarlı görünür. 2020-ci ildən bəri ABŞ və İsrailin “BOP”-a bu baxımdan dəyişlikliklər etdiyi hiss olunur. 2020-ci ildə Qasım Süleymaninin öldürülməsindən sonra İranın bu güclərlə əsas bağlarını təşkil edən lider kadrın boşluğu, yoxluğu görünür. Bu ilin iyulunda Həmas Lideri Haniyə, indi Hizbullah lideri Nəsrullah və ondan dərhal sonra digər Həmas liderlərindən birinin öldürülməsi İran üçün ağır zərbə sayılır. İranda bu zərbələrə necə cavab verilməsi ilə bağlı fərqli səslər ucalır. Eynilə Qasim Süleymani və ya İran konsulluğuna hücum, yaxud Haniyənin ölümü zamanı İsrail-İran müharibə ssenarilərini canlandıranlar, İranı 3-5 yerə parçalayanlar vardı. Lakin İran dövlət ağlı bu ssenarini nəzərə alır, hətta Pezeşkian açıq şəkildə bəyan edir. Parlament spikeri Qalibaf bu günlərdə bəyan etdi ki, Nəsrullahın öldürülməsinə görə cavab Hizbullah tərəfindən veriləcək və İran hər zaman onlara dəstəyini davam etdirəcək. Daha bir maraqlı açıqlama Həmasdan gəldi. Təşkilat rəsmiləri bəyanat yaydılar ki, Hizbullah təşkilat-hərəkat olaraq Nəsrullahın ölümündən sonra zəifləməyəcək, əksinə daha da güclənərək İsrailə sərt cavablar verəcək. Pezeşkianın İranın parçalanması ilə bağlı söylədikləri də əslində proksi güclərə ünvanlanıb. Yəni, bu səbəbə görə birbaşa müharibəyə girməyəcəyik mesajı verilir. Əslində isə İranın parçalanması uzun on illər boyu gündəmdə olsa da, hər zaman ən son anda Qərb buna izn verməyib. 1918-ci ildə Xiyabaninin, 1945-ci ildə Pişəvərinin qurduğu Güney Azərbaycan Milli Hökumətlərini devirən də elə Qərb dəstəkli hakim qüvvələr idi. Odur ki, İranın bütövlüyünün qorunması bu və ya digər səbəblərlə Qərb üçün vacibdir. Həmçinin Pezeşkianın Qərblə, Avropa ilə nüvə danışıqlarını bərpa etməkdə maraqlı olduğunu nəzərə alaraq bunun üçün müəyyən güzəştlərə getməli olduğunu təxmin etmək olar. Odur ki, onun hakimiyyəti altında İranın Qərb sanksiyalarından azad olmaq üçün müəyyən yumşaq keçidlər edəcəyi, bununla yanaşı regional təsirini qorumaq üçün proksi güclərdən istifadəyə davam edəcəyi təxmin oluna bilər. Azərbaycana gəlincə, Azərbaycan hər zaman açıq şəkildə bəyan edib ki, İranın ərazi bütövlüyünə hörmətlə yanaşır. Ölkəmizin regional siyasətini dəyişdirməyə, azərbaycanlıların milli-sentimental hisslərindən istifadə edərək, eyni zamanda İranın Ermənistana yönəlik siyasətinin bəzi detallarından da faydalanaraq, iki ölkə (Azərbaycan-İran) arasında münasibətlərdə gərginlik ocağının artmasında, region ölkələrinin müharibəyə cəlb olunaraq bu bölgədə yeni geosiyasi konfiqurasiya yaratmağa çalışan xarici qüvvələr hər zaman olub, var və olacaqlar. Onlara ən layiqli cavab regional sülh və sabitliyin qorunması istiqamətində atılan addımlardır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Seçilən
54
50
musavat.com

10Mənbələr