AZ

SOCAR COP29-da geotermal enerjinin inkişafı üzrə işlərin nəticələrini açıqlayacaq

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı geotermal enerjinin inkişafı istiqamətində görülən işlərin nəticələrini açıqlayacaq.

İqtisadiyyat.az "Report"a istinadən xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev bu gün Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən panel müzakirələrində deyib.

O qeyd edib ki, SOCAR “yaşıl enerji” sahəsində ixtisaslaşmış “Lightsource BP” şirkəti (BP-nin törəmə şirkəti) ilə birgə işləyir. Bu şirkətlə 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi nəzərdə tutulur.

Xatırladaq ki, 21 sentyabr 2023-cü ildə SOCAR şirkəti və Azərbaycan İnvestisiya Şirkəti arasında Cəbrayıl rayonunda (Şərqi Zəngəzur iqtisadi rayonu) “Şəfəq” günəş elektrik stansiyası layihəsinə Qoşulma Sazişi imzalanıb, iyunun 3-də isə Energetika Nazirliyi və BP arasında layihənin qiymətləndirilməsi və həyata keçirilməsi sahəsində əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb. Layihəyə investisiya qoyuluşu 200 milyon ABŞ dolları məbləğində qiymətləndirilir.

“Şəfəq” günəş enerji stansiyasının (GES) tikintisi Səngəçal terminalınn elektrik enerjisi ilə təmin etməyə və onların istifadə etdiyi qazı Avropaya ixrac etməyə imkan verir. Stansiyada illik 500 milyon kVt/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.

BP şirkəti 2024-cü ildə Azərbaycan hökuməti ilə bu layihə üzrə yekun investisiya qərarını imzalamağa ümid edir.

GES Cəbrayıl şəhərindən 6 km cənubda, Hacılı qəsəbəsi yaxınlığında tikiləcək. Stansiyanın ərazisi 802 hektar olacaq, stansiya 240 MVt generasiya gücünə malik olacaq, pik həddi 288 MVt-a çata bilər.

Layihəyə layihələndirilmə, avadanlıqların tədarükü, tikintisi, montajı, sınaqlar, fotoelektrik günəş elektrik stansiyasının istifadəyə verilməsi və istismarı daxildir.

"Lightsource BP" şirkəti stansiyanın tikintisinə, istifadəsinə və istismarına cavabdeh olacaq.

Layihə çərçivəsində həmçinin 33/330 kV yarımstansiyanın tikintisi planlaşdırılır.

GES-in tikintisi 2024-cü ilin oktyabrından 2025-ci ilin noyabrına qədər aparılacaq, işə salma-tənzimləmə sınaqları 2025-ci ilin noyabrında başlayacaq, stansiyanın kommersiya istismarı 2025-ci ilin dekabrından başlayacaq.

Seçilən
29
4
iqtisadiyyat.az

4Mənbələr