Vüqar Gəncəli oğlu Rəhimzadənin Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının, Samir Əhməd oğlu Vəliyevin isə YAP Nərimanov rayon təşkilatının sədri vəzifəsindən azad olunub.
APA xəbər verir ki, bu barədə məsələyə YAP İdarə Heyətinin bugünkü iclasında baxılıb.
İclasda ilk olaraq Vüqar Gəncəli oğlu Rəhimzadənin YAP Xətai rayon təşkilatının, Samir Əhməd oğlu Vəliyevin isə YAP Nərimanov rayon təşkilatının sədri vəzifəsindən azad olunması məsələsinə baxılıb. YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, bu məsələ partiyanın VII Qurultayında qəbul olunmuş Nizamnamənin tələblərindən irəli gəlir. Hər iki şəxs Milli Məclisin deputatı seçildiyi üçün rayon təşkilatının sədri vəzifəsindən azad olunmalıdırlar. Onların partiya işində xidmətlərini yüksək dəyərləndirən Tahir Budaqov hər iki şəxsə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.