Xəbər verdiyimiz kimi, İsrail ordusu Livanın cənubunda quru əməliyyatlarına başlayıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisələrin miqyası böyüdüyü təqdirdə, bu, İsrail və Livan arasında üçüncü böyük münaqişəyə gətirib çıxaracaq.
Belə ki, iki ölkə arasında siyasi-hərbi gərginliklər artıq uzun illərdir davam edir. Məlumat üçün bildirək ki, 1975-1990-cı illər aralığında Livanda baş verən vətəndaş müharibəsi İsraili hədəf alıb.
1991-ci ilin martında Livan Parlamentinin çıxardığı əfv qanunu ilə bütün siyasi günahkarlar sərbəst buraxılıb. Həmin ilin mayında isə əksəriyyəti “Hizbullah” xadimlərindən ibarət olan silahlı qüvvələrlə Livan ordusu təkrar yaradılıb.
2006-cı ilin iyulun 12-dən avqustun 14-nə kimi davam edən silahlı qarşıdurma isə İkinci Livan müharibəsi kimi tarixə düşüb.
Böhran Livanda yerləşən “Hizbullah” təşkilatının iki İsrail əsgərini qaçırması və səkkizini öldürməsi ilə başlayıb.
Bununla yanaşı Cənubi Livandakı “Hizbullah” xadimlərinin İsrail torpaqlarına “Katyuşa” mərmiləri göndərməsi isə İsrail tərəfindən Livanın döyüş hərəkəti (“act of war”) kimi şərh edilib.
Proseslərin fonunda həmin 2006-cı ildə İsrail Livana hava və quru hücumları etmiş və ölkənin limanlarını dənizdən mühasirəyə alıb.
Bir aydan çox davam edən qarşıdurmaların ardıyca Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi 1701 saylı qərara uyğun olaraq 14 avqustda tərəflər hücumlarını dayandırıb.