“Ən gözəl burun yaxşı nəfəs ala bilən burundur”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Almaniyanın Bad Salzungen Şəhər Xəstəxanasının Qulaq, burun, boğaz və üz plastik cərrahiyyə şöbəsinin müdiri, Yena Universitetinin doktorantı Cavid Hüseynzadə bildirib.
Bakıda “Universal Hospital”da da müayinə və əməliyyatlar həyata keçirən cərrah bunları qeyd edib:
“İstər Almaniyada, istərsə də Azərbaycanda çox gözəl estetik buruna sahib pasiyentlər olur ki, burunla nəfəs ala bilmədikləri üçün özlərini xoşbəxt hiss etmirlər”.
C.Hüseynzadə bir daha vurğulayıb ki, burunun əsas funksiyası nəfəs almaqdır:
“Əgər bu funksiyanı pozuruqsa, burun nə qədər gözəl alınsa da, pasiyentin ona sevgisi qalmır, çünki başa düşür ki, onun həyat keyfiyyətini aşağı salan məhz burundur, nəfəs ala bilmir”.
Şöbə müdiri burunun gözəlliyi ilə bağlı belə bənzətmə aparıb:
“Fərqli rəssamlar var. Hərə mənzərəni bir cür görür, rəsmi bir cür çəkir. Hər rəssamı da sevən auditoriyası və şəkillərini ala biləcək müştəriləri var. Buruna da elə baxmaq lazımdır. Hər bir cərrahın öz əl işi, dəsti-xətti, estetik baxışı və bunları bəyənib onun yanına gələn pasiyentləri var”.
C.Hüseynzadə, eyni zamanda daha bir önəmli məsələyə toxunub:
“Bəzən sual yaranır ki, bəs burun əməliyyatını kim etməlidir: LOR həkimi və ya plastik cərrah. Düşünürəm ki, kimin etdiyi önəmli deyil. Ən önəmli məsələ bunu edən həkimin bu sahədə anatomik, burunun funksionallığı barədə biliklərə sahib olmasıdır. Burunu gözəl etmək naminə anatomik, bizə vacib olan hissələrini dağıdaraq, pozaraq sonrakı dövrlərdə pasiyentə problemlər yaratmaq olmaz”.