AZ

Vətən müharibəsinin beşinci günü - Azərbaycan Ordusu düşmənə zərbələr endirir

2020-ci il oktyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin beşinci günü. Şanlı Azərbaycan Ordusu əzəli torpaqlarımızı işğaldan azad etmək üçün əzmlə irəliləməkdə davam edir. Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin işğal altında olan torpaqlarımızda tutduqları mövqelərinə gecə ərzində sarsıdıcı artilleriya zərbələri endirir.

seher.media xatırladır ki, həmin gün hücumlar nəticəsində düşmən bütün cəbhə boyu ağır itkilər verir. Lakin döyüş meydanında ciddi məğlubiyyətə düçar olan düşmən, ilk dörd gündə olduğu kimi, müharibənin beşinci günündə də qarşıdurmanı cəbhə bölgəsindən kənara daşıyaraq dinc əhalini və mülki infrastrukturu hədəf alır.

Baş Prokurorluq məlumat yayaraq bildirir ki, işğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx olduğu əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Tərtər şəhər avtovağzalına düşən top mərmisinin qəlpələrindən 1982-ci il təvəllüdlü Zabil Məhəmməd oğlu Həsənov həlak olub, avtovağzala ciddi ziyan dəyib. Həmçinin, işğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Ağdam rayonu, Hacıməmmədli kəndində yaşadıqları evə düşən top mərmisinin qəlpələrindən 1966-cı il təvəllüdlü Mürşüd Rəşid oğlu Məmmədov və onun 1996-cı il təvəllüdlü oğlu Samir Məmmədov həlak olublar, yaşadıqları evə külli miqdarda ziyan dəyib. Hər iki faktla bağlı cinayət işi başlanıb.

Fövqəladə Hallar Nazirliyi isə Ermənistan silahlı qüvvələrinin atdığı mərmi nəticəsində Naftalan rayonunun Qaşaltı Qaraqoyunlu kəndində vətəndaşa məxsus evdə yanğın baş verdiyini bildirir. Hadisə yerinə cəlb edilən FHN Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələrinin operativ müdaxiləsi sayəsində evin bir hissəsi yanğından mühafizə olunub. Bundan başqa, Tərtər rayonunun Səhləbad kəndində vətəndaşa məxsus təsərrüfat obyekti yanıb. Ərazi intensiv atəşə tutulduğundan yanğınsöndürmə qüvvələrinin söndürmə əməliyyatını başa çatdırması mümkün olmayıb. Bundan başqa, Tərtər rayonunda qəbiristanlıq ərazisinə mərmi düşməsi nəticəsində başlayan yanğına ərazi atəşə tutulduğundan müdaxilə etmək mümkün olmayıb.

Bununla yanaşı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Füzuli rayonunun Horadiz şəhəri, Goranboy və Ağdam rayonlarının cəbhəboyu kəndləri də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən artilleriya atəşinə məruz qalır.

Lakin düşmənin təxribatları bununla da bitmir. Ermənistan ordusu Gorus rayonu istiqamətindən Azərbaycan ərazisini raket atəşinə tutur. Bu, artıq Ermənistan ərazisindən Azərbaycana qarşı həyata keçirilən ikinci hücum olur. Birinci hücum isə müharibənin dördüncü günündə Basarkeçər rayonu ərazisindən Daşkəsən rayonu ərazisinə həyata keçirilir. Mənfur düşmənin dinc əhaliyə və mülki infrastruktura divan tutmasından fərqli olaraq, Azərbaycan Ordusu dinc sakinlərə zərər vurmadan, müharibəni yalnız döyüş meydanında apararaq irəliyə doğru addımlayır.

Bunun bariz nümunəsi Müdafiə Nazirliyinin günün ikinci yarısında yaydığı növbəti məlumatda öz əksini tapır:

"Bölmələrimiz tərəfindən düşmən işğalı altında olan Hadrut yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 18-ci motoatıcı diviziyasının qərargahına, onun tabeliyində olan 1-ci motoatıcı alayının infrastrukturuna və Xocavənddəki 3-cü motoatıcı alayın qərargahına atəş zərbələri endirilib".

Məğlubiyyətlə barışmayan Ermənistan hərbi-siyasi rəhbərliyi isə təxribat xarakterli dezinformasiyalar yaymaqda davam edirdi. Düşmən xüsusilə də qardaş Türkiyəni münaqişə tərəfi kimi göstərməyə çalışır, beynəlxalq ictimaiyyəti çaşdırmaqla təxribatlarına don geyindirməyə cəhd göstərir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Ermənistanın bu iftirasına Türkiyə Böyük Millət Məclisinin tribunasından cavab verir:

"Türkiyə olaraq, azərbaycanlı qardaşlarımıza bütün imkanlarımız və bütün qəlbimizlə dəstək verməyə davam edəcəyik. Bu bölgədə daimi sülhün yolu ermənilərin işğal etdikləri hər qarış Azərbaycan torpağından geri çəkilmələrindən keçir. Ermənistan rəhbərliyini isə hər şeyi bir kənara qoyub, israrla Türkiyəyə böhtan atmaq cəhdi əsla xilas etməyəcək".

Bir sözlə, düşmən hər nə qədər də mübarizəni namərdcəsinə aparsa da, döyüşlərin beşinci günü də Azərbaycan Ordusunun üstünlüyü ilə sona çatır.

Mərahim Nəsib

Seçilən
69
2
seher.media

3Mənbələr