AZ

Diplomatiya, yoxsa müharibə?

Livan bombalandı...

İsrail Həsən Nəsrullah da daxil olmaqla, “Hizbullah”ın aparıcı simalarına qarşı əməliyyat keçirdi

Son bir neçə gündə Yaxın və Orta Şərqdə baş verənlər “tarixi qarşıdurmalar”ın yeni mərhələsini yaradacaq. “Hizbullah” təşkilatının baş katibi Həsən Nəsrullahın, eləcə də qruplaşmanın daha bir neçə aparıcı simasının öldürülməsi və Beyrutun bombalanması prosesin daha da qızışacağını deməyə əsas verir.

“Hizbullah” komandanları öldürüldü...

Xatırladaq ki, İsrail ordusunun Livanın paytaxtı Beyrut şəhərinin cənub məhəllələrini bombalaması nəticəsində Hizbullah lideri Həsən Nəsrullah ölüb. Türkiyə mətbuatının yazdığına görə, Hizbullahın nəzarətində olan Dahiyə rayonunda çoxmərtəbəli yaşayış binaları və yeraltı sığınacağın bombala?ması nəticəsində Hizbullahın bir sıra tanınmış simaları da həyatını itirib. Bombalanma nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) Qüds Qüvvələrinin komandiri Abbas Nilforuşan da öldürülüb. İranın “Mehr” informasiya agentliyinin yaydığı məlumata görə, Nilforuşan İsrailin Beyruta endirdiyi zərbələr zamanı Həsən Nəsrullahla birlikdə həlak olub.

Hava hücumu zamanı “Hizbullah”ın kəşfiyyat rəisi Həsən Xəlil Yasin də öldürülüb. O, öldürülməmişdən öncə Hizbullah rəhbəri Həsən Nəsrullahın mümkün varisləri arasında ən real namizəd sayılırdı. Onunla yanaşı Cənub Cəbhəsinin komandanı Əli Karaki də öldürülüb. Ardından isə İsrail Ordusu Hizbullahın Preventiv Təhlükəsizlik Bölməsinin komandiri və İcra Şurasının üzvü Nabil Kaukun da öldürüldüyünü açıqlayıb.

Onlardan başqa, hücum nəticəsində ölənlər arasında Həsən Nəsrullahın şəxsi mühafizə xidmətinin rəisi İbrahim Huseyn Cazini, Həsən Nəsrullahın məsləhətçisi Samir Taufik Diab, Hizbullahın qüvvələrinin formalaşdırılmasına məsul şəxs Abd al-Amir Məhəmməd Siblini, Hizbullahın atəş gücünə məsul şəxs Ali Navaf Ayub də olub. 

Bombalanma nəticəsində həyatını itirənlər arasında Hizbullahla yanaşı HƏMAS-ın da tanınmış simaları olub. Şərif Əbu əl-Əmin hava hücum nəticəsində öldürülüb.

Ərəb ölkələri susur...

Baş verənlərlə bağlı açıqlanan fikirlər birmənalı deyil - bəzi mənbələr İsrailin hava hücumlarına artıq bir müddətdir ki, hazırlaşdıqlarını idda etsə də, bir sıra nəşrlər hücumun Təl-Əviv - Vaşinqton razılaşması əsasında ortaya çıxdığını iddia edir. İranın isə Hizbullah hərəkatına kömək etmək üçün qoşun göndərmək planı yoxdur. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib. “Livan və Fələstin də daxil olmaqla Yaxın Şərq regionunun hökumətləri, ölkələri və bütün xalqları sionist rejimin təcavüzündən qorunmaq üçün bütün lazımi imkanlara malikdirlər. Livan bu işğal rejimini məğlub etməyə qadir olduğunu sübut etdi. İran İslam Respublikasının könüllülər və ya yardımçı qüvvələr göndərməsinə ehtiyac yoxdur”, - deyə Kənani bildirib.

Türkiyənin “Milliyyət” qəzeti isə Həsən Nəsrullahın öldürülməsinə müxtəlif ölkələrdən verilən reaksiyalardan yazıb.  Yaxın Şərqin bir çox dövlətləri Nəsrullahın öldürülməsini sükutla qarşılayıblar. Rəsmi Ər-Riyad Livanın suverenliyini və regional təhlükəsizliyini qorumaqla bağlı çağırış edib. Digər Körfəz ölkələri - Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynin baş verənlərlə bağlı açıqlamalarında Hizbullah lideri Nəsrullahın adı çəkilməyib. Xatırladaq ki, Ərəb Liqası 2016-cı ildə Hizbullahı “terror təşkilatı” olaraq tanımışdı. Bu ilin əvvəlində isə bununla bağlı mövqe dəyişmişdi. BƏƏ və Bəhreyn isə 2020-ci ildə ABŞ-ın təşəbbüsü ilə İsraillə münasibətlərini normallaşdırmaq üçün addımlar atmağa qərar vermişdi. Bölgənin ən böyük müsəlman ölkəsi olan Səudiyyə Ərəbistanının da İsraillə müqavilə imzalayacağına dair xəbərlər yayılsa da, Qəzza zolağında baş verənlər bunun qarşısını aldı.

Naim Kasım: Biz hazırıq...

Hizbullahın baş katibinin müavini Şeyx Naim Kasım televiziyada yayımlanan çıxışında peycer partlamalarına və təşkilatın rəhbərlərinin öldürülməsinə baxmayaraq mübarizəni davam etdirəcəklərini bildirib. O bildirib ki, “İsraillilər quru əməliyyatı istəyirlərsə, biz tamamilə hazırıq, müqavimət qüvvələri buna hazırdır. İsrail öz məqsədlərinə çata bilməyəcək”.

ABŞ-ın baş verənlərdə əlinin olduğunu bildirən Kasım Həsən Nəsrullahın əvzedicisini də açıqlayıb. Livan “Hizbullah”ının lideri Həsən Nəsrullahı Seyid Haşim Səfiuddinin əvəz edəcəyi gözlənilir.

Haşim Səfiuddin kimdir?

Haşim Səfiuddin 1964-cü ildə Livanın cənubundakı Deyr Qanun əl-Nahrda nüfuzlu şiə ailəsində anadan olub. “Hizbullah”ın yüksək vəzifəli rəsmisi Həsən Nəsrullahın ana tərəfdən əmisi oğludur. O, hərəkatın İcraiyyə Şurasının rəhbəri, təhlükəli beynəlxalq terrorçu sayılır, “Hizbullah”ın “ikinci nömrəsi” hesab olunur.  2017-ci ildə ABŞ Dövlət Departamenti onu terrorçu kimi tanıyıb. Livana geri çağırılana qədər Haşim Səfiuddin Nəcəf (İraq) və Qumda (İran) Nəsrullahla ilahiyyat təhsili alıb. 1995-ci ildə o, hərəkatın ən yüksək qurumu olan “Məclis əş-Şura”ya (Məşvərət Məclisi) təyin edilib. Haşim Səfiuddin “Cihad Şurası”nın rəhbəri təyin olunub. O, “Hizbullah”ın üç əsas liderindən biridir - digər ikisi İsrail qüvvələri tərəfindən öldürülən Həsən Nəsrullah və Naim Kasımdır. 2006-cı ildə baş katib vəzifəsinə Həsən Nəsrullahın mümkün varisi kimi onun namizədliyi göstərilib. 2020-ci ilin iyun ayında oğlu Seyid Rza Haşim Səfiuddin keçmiş Qüds Qüvvələri komandiri Qasim Süleymaninin qızı Zeynəb Süleymani ilə evlənib.

Netanyahu: İsrailin gücünü göstərir...

İsrail tərəfinin yanaşması isə ədalətin bərpa edilməsi şəklindədir. İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Yəmən və Livandakı zərbələr Yaxın Şərqdə güc balansını dəyişən İsrailin gücünü göstərir. “Biz Qəzzada HƏMAS-ı məğlub etdik, onun komanda zəncirinin böyük hissəsini məhv etdik, Livanda Hizbullaha böyük zərbə vurduq, onun lideri Həsən Nəsrullahı və yüksək səviyyəli komandirlərini məhv etdik. Paralel olaraq bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri Yəməndə husilərə yenidən zərbələr endirib. Hər kəs əhatə dairəsini görür, hər kəs hədəflərə atılan atəşi görür, hamı bizə hücum edənlərin ödədiyi bədəli görür”, - deyə Netanyahu qeyd edib.

İsrail baş nazirinin sözlərinə görə, onun ölkəsi indi “böyük, lakin eyni zamanda çətin günlər yaşayır”, “yeddi cəbhədə müharibə” aparır.

“Əla günlərdir, çünki biz Yaxın Şərqdəki strateji reallığı dəyişirik. Dəyişən güc balansı İsrailin qalib gəlməsi ilə bölgəmizə yeni ittifaqlar ehtimalını da gətirir. Düşmənlərimiz və dostlarımız yenidən İsraili güclü, qətiyyətli, qüdrətli ölkə kimi görürlər”, - deyə Netanyahu bildirib.

İsrail Müdafiə Qüvvələri (IDF) Livanla sərhəd yaxınlığında ölkənin ərazi sularına girən pilotsuz uçuş aparatının vurulduğunu bildirib. Bu barədə IDF-in mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, hava həyəcanı siqnalı protokola uyğun olaraq işə salınmayıb. Hərbçilər əlavə ediblər ki, PUA İsrail Hərbi Dəniz Qüvvələrinin raket korveti tərəfindən vurulub. PUA-nın növü açıqlanmır.

Livandan Qüdsə hücum

“Hizbullah”ın Livandan Qüdsə doğru çoxlu sayda uzaqmənzilli raket atdığı bildirilir. Bu barədə “Times of Israel” məlumat yayıb. Bu, davam edən döyüşlər zamanı “Hizbullah” tərəfindən həyata keçirilən ən uzunmənzilli raket hücumudur. Məlumata görə Livanla sərhəddən təxminən 140 kilometr içəridə yerləşən bölgələrdə siren səsləri eşidilib. Livandan Qüds və onun ətraf ərazilərinə 100-dən çox raket atıldığı bildirilir. Qüdsün ətraf bölgələrində elektrik enerjisinin kəsilməsinin infrastrukturun zədələnməsi səbəbindən baş verdiyi ehtimal olunur.

Gözlər Tehrana dikilib...

Maraqlıdır ki, İran rəhbərliyinin məsələyə muünasibəti olduqca təmkinli şəkildə olub - siyasi ekspertlərin fikrincə, onlar məsələnin nə qədər ciddi olduğunun fərqindədirlər. Qərb nəşrlərinin iddiasına görə, prezident Pezeşkian bunun Netanyahunun müharibəni genişləndirmək üçün qurduğu bir tələ olduğunu düşünür və İranın bu tələyə düşməməli olduğunu bildirir. Adının çəkilməyin istəməyən mənbənin məlumatına görə, İranın ali dini lideri Ayətullah Əli Xamenei yaxın dostu Həsən Nəsrullahın ölümündən çox təsirlənib və yas saxlayır, amma yenə də sakit və praqmatik mövqe tutur. Nəsrullahın ölümündən sonra Xamenei açıqlamasında qəzəbli ritorikadan çox, ölçülü tonda çıxış edib. Analitiklərin fikrincə, Xamenei İsrailə qarşı cavabı İranın yox, Hizbullahın verəcəyini, İranın isə dəstək rolu oynayacağını bildirib.

Livan diplomatik yolu seçir

Livan Baş naziri Nacib Mikati Beyrutda mətbuat konfransında İsraillə böhranın diplomatik həldən başqa yolunun olmadığını bildirib. Baş nazir deyib ki, Livanın cənubunda münaqişənin tərəflərin BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin yerinə yetirilməsinə qayıtmasını qaçılmaz edir. Bu qətnamə 2006-cı ildə müharibəyə son qoyub: “Qan axması davam etməməlidir. Livan üçün böhranın diplomatiyadan başqa həll variantı yoxdur. Biz razılaşmaya gedəcəyik, Livan Ordusu da qarşıya qoyulan missiyasını yerinə yetirməyə hazırdır”.

Mübarizə davam edəcək...

İsrail Hərbi Hava Qüvvələri Livandakı “Hizbullah” hərəkatına qarşı əməliyyatı yekunlaşdırıb. Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, Livanda ümumilikdə 120-yə yaxın müxtəlif hədəf vurulub. İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, onun ölkəsi üçün əlçatmaz yer yoxdur: “İsrail Hərbi Hava Qüvvələrinin nəzarət qülləsini ziyarət etdim, orada Husi terror təşkilatına qarşı zərbəni izlədim. Mesajımız aydındır: heç bir yer bizim üçün çox uzaq deyil”.

Bununla belə, İsrail Livanla sərhədə yüzlərlə ağır texnika gətirib. Bu hazırlıq İsrail ordusunun Livanda quru əməliyyatlarına başlama ehtimallarını artırıb. Bir müddət öncə İsrail Müdafiə Nazirliyindən Livanda quru əməliyyatların 48 saat ərzində başlanılacağı açıqlaması verilmişdi.

İsrailin xarici işlər naziri İsrael Katz isə Təl-Əviv rəhbərliyinin Livanda atəşkəsi qəbul etməyəcəyini açıqlayıb. O bildirib ki, mübarizə Hizbullah silahsızlaşdırılana qədər davam edəcək.

“Hizbullah”ın maliyyə direktoru İsrailə qaçdı...

Bir maraqlı nüans isə Livanın bombalanmasının ardından Hizbullahın rabitə mühəndisi və təşkilatın media və maliyyə direktoru Hüseyn əl-Başanın məxfi sənədlər, həssas xəritələr və 5 milyon dollarla birlikdə İsrailə qaçması olub. Livan mənbələrinin məlumatına görə, əl-Başa həmçinin İranın İnqilab Keşikçiləri Korpusu ilə bağlı məxfi sənədləri də özü ilə aparıb. Verilən məlumatlara əsasən, əl-Başanın qaçışı Hizbullah və İran üçün ciddi təhlükəsizlik boşluğu kimi qiymətləndirilir. Onun İsrailə qaçması, təşkilatın və İranın strateji planlarına dair kritik məlumatların üzə çıxma riskini artırır.

Hüseyn əl-Başa Hizbullah daxilində əsas fiqur kimi tanınırdı və təşkilatın maliyyə işlərində, eləcə də əlaqələrində mühüm rol oynayırdı. Hələlik Hizbullah və İran rəsmiləri bu hadisə ilə bağlı rəsmi açıqlama verməyiblər.

Hücumdan əvvəl Beyruta gələn son diplomat

Hücumdan bir neçə saat əvvəl Fransanın xarici işlər naziri Jan-Noel Barrot Beyrutda olub. O, Livanın baş naziri Nəcib Mikati ilə görüşmüşdü. Fransalı nazir İsrail hücumları başlayandan bəri Beyruta səfər edən ən yüksək səviyyəli diplomatdır.

SADİQ

phrase_var_article.chosen
83
45
yeniazerbaycan.com

10phrase_var_article.sources