Kanadada yerli xalqlara qarşı aparılan soyqırımı siyasəti...
Qərbin özü üçün “inkişaf mərhələsi” adlandırdığı “tarix” bir çox hallarda amansızlığı ilə seçilib. Hüquqsuzluq, cinayət, özbaşınalıq, hətta bəzi hallarda soyqırımı və kütləvi qırğınlarla müşayiət olunan bu “tarix” bu gün bir çox məqamları ilə cavabdehlik yaradır. Tarix qarşısında özünün məsuliyyətini dərk etməyən Qərb üçün bəlkə də bu hallar adi sayıla bilər - amma insanlıq baxımından, bəşəri dəyərlər nöqteyi-nəzərindən bu addımlar birmənalı şəkildə cinayət sayılır.
Bəşəri cinayətlər...
Məsələn, Fransanın Afrikada törətdiyi soyqırımlar, kütləvi qətllər yüz illər keçdikcə xatırlanacaq. Seneqal, Fil Dişi Sahili və Benin kimi ölkələr o illərdə Fransanın qul ticarəti mərkəzləri kimi istifadə edilib və bölgədəki bütün resurslar istismar olunub, əsrlərlə davam edən müstəmləkəçilik dövründə milyonlarla afrikalı həyatını itirib. Bəşər tarixinin ən böyük soyqırımlarından biri sayılan və 800 min insanın həlak olduğu 1994-cü il Ruanda soyqırımında Fransanın rolu artıq tam etiraf edilib - 2008-ci ildə Ruanda hökuməti Fransanı soyqırıma hazırlıqdan xəbərdar olub hutu dəstələrinə kömək edərək onlara təlim keçməkdə günahlandırmışdı. 1945-ci il mayın 8-i isə Fransanın Əlcəzairdə soyqırımının başladığı tarixdir. Bu soyqırımda 5 milyondan çox müsəlman əlcəzairli həyatını itirib.
Beləliklə, Fransanın timsalında Qərbin əsl üzü, əsl siması ortaya çıxır - təəssüfləndirici haldır ki, Qərb dünyasında Fransanın “davamçıları” da az olmayıb. Həmin ölkələr də başqa rakurslardan insan hüquqlarının istismarı, məhdudlaşdırılması, hətta soyqırımlarına yol açacaq addımları ilə seçiliblər. Məsələn, Kanada kimi...
Fransa müstəmləkəçiliyi...
Kolumba qədərki Amerikada, o cümlədən Kanada ərazisində çoxlu yerli xalqlar yaşayırdılar. Bunların bir çoxunda maddi və mənəvi məsələlərdə oxşarlıqlar da mövcud idi. Əsas fəaliyyət istiqamətləri ovçuluq və əkinçilik, eləcə də sahilboyu ərazilərdə və çay kənarlarında yaşayanların isə daha çox balıqçılıqla məşğul olduğu müasir Kanada çoxmillətliyi ilə seçilirdi. XIX əsrdə Kanada müstəmləkəçiləri onların ov sahələrini ələ keçirmiş, onları rezervasiyalara köçürmüşdülər - bu məsələyə geniş toxunacağıq.
1534-cü ildə fransız kəşfiyyatçısı Jak Kartye Şimali Amerikanın Nyufaundlend hissələrini, Kanadanın Atlantik bölgələrini və Müqəddəs Lavrenti körfəzi hissələrini işğal etdi - həmin ilin 24 iyulunda ərazilərin Fransa torpağı olduğunu bildirən xaç basdırıldı. Cəmisi 100 ildən az müddətdə Kanadada artıq onlarla fransız kaloniyası yaradıldı ki, bu da yerli əhalinin kütləvi şəkildə qırılması, meşələrə sıxışdırılması və istismar edilməsi ilə müşayiət olunurdu. Beləliklə, fransızların Kanadanın tarixi aborigen əhalisi üzərində başlatdıqları kütləvi qırğın, hüquqsuzlaşdırma siyasəti sonrakı dövrlərdə də davam etdi.
Fiziki və emosional zorakılıqla həyatlarını itirən uşaqlar...
Bu siyasət xüsusilə XIX əsrin ikinci yarısında daha da genişləndirildi. Haqlı olaraq 1876-cı ildə yerli xalqların rezervasiyalarda yerləşdirilməsi etnik təmizləmə və mədəni soyqırımı aktı olaraq qiymətləndirilir. Belə ki, yerli xalqlar kənd təsərrüfatı və maldarlıq üçün faydalı olmayan torpaqlarda yerləşdirildi, nəticədə onlar arasında aclıq və müxtəlif xəstəliklər geniş yayılmağa başladı. Hüquqi akt diskriminativ (məs: gender diskriminasiyası) olmasına baxmayaraq, o hələ də qüvvədədir.
Yerli xalqlara qarşı bu münasibət fərqli müstəvilərdə daha açıq şəkildə ortaya qoyulur. Məsələn, 1831-1996-ci illərdə kilsə tərəfindən idarə olunan yerli xalqlar üçün 130 məktəb-internat fəaliyyət göstərirdi. Onlar yerli xalqların assimilyasiyası siyasətini reallaşdırırdı. Bütün fəaliyyət dövründə həmin məktəblərdən 150 minə yaxın tələbə keçib. Ən azı 3200 uşaq soyuq hava, pis qidalanma və xəstəliklər səbəbindən vəfat edib. Eyni zamanda bir çoxları isə fiziki, seksual və emosional zorakılığa məruz qalıb.
Kanada hökuməti yerli xalqlara 2,1 milyard dollar təzminat ödədi...
Bu kimi ayrı-seçkiliyə, hüquqsuzlğa və ayrı - seçkiliyə biganə qalmayanlar da tapılır - 2012-ci ildə yerli xalqların 325 nümayəndəsi Kanada hökumətinə qarşı maddi təzminat tələbi ilə iddia qaldırmışdı. 2015-ci ildə Həqiqətin Tapılması və Barışıq Komissiyası açıqladığı hesabatda həmin internat-məktəblər sistemini mədəni soyqırımı adlandırmışdı. Kanada hökuməti yerli xalqlara 2,1 milyard dollar təzminat ödəməyə razı oldu.
Zorla assimilyasiya...
Kanadada baş verən dəhşətlərlə bağlı ən ağrılı məqamlardan biri isə, 2021-ci ildə Saskaçevan vilayətindən bu tip internat-məktəb həyətinin yanında 751 nəfərə aid məzarlıqların tapılması olub. “The Cowessess First Nation” bəyan edir ki, bu, Kanada ərazisində tapılmış ən böyük məzarlıqdır. Bir müddət sonra Britaniya Kolumbiyasında qazıntılar zamanı bu tip məktəb-internata yaxın 215 yeniyetmənin məzarlığı tapılıb.
3 yaşdan yuxarı olan uşaqlar 1900-1971-ci ildə burada dəfn edilib. Baş nazir Trudo bununla bağlı bildirmişdi ki, bütün bunlara görə Kanada məsuliyyət daşıyır.
2022-ci ilin iyulunda isə Roma Papası kilsənin Kanadada yerli xalqları zorla assimilyasiya etməsini soyqırımı adlandırmışdı.
Köçürmə siyasəti - soyqırımının fərqli üzü...
Bu ölkələrdə soyqırımı yalnız fiziki mənada aparılmayıb - həm də ahiarmiut presedenti müşahidə olunub. Ahiarmiut presedenti isə yerli xalqlarla yalnız mədəni soyqırımın yox, eləcə də real soyqırımın həyata keçirilməsini sübut edir. 1950-ci ildə Kanada hökuməti bir qrup inuitləri öz tarixi torpaqlarından 100 km aralığa köçürməyə qərar verib. Köçürməyə səbəb kimi onların federal işçilərlə ticarətdən olduqca çox asılı olmaları bildirilmişdi. Faktiki onlar izolyasiyada olan adaya köçürüldülər və onlara yaşamaq üçün yemək, infrastruktur və ya tikinti üçün avadanlıq verilmədi. Köçürülmə zamanı isə bir çox insanlar öldü - daha sonra bu qrup 1957-ci ildə yenidən köçürüldü. Bundan sonra daha 3 köçürülmə daha baş verib. Soyqırım? üzrə mütəxəssislər hadisələri Sovet İttifaqında tatarlar və çeçenlərin köçürülməsi ilə müqayisə edirlər. Bu köçürülmə prosesləri zamanı isə icmanın yarısından çoxu məhv oldu. Xatırladaq ki, Kanada 1952-ci ildə Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyasını ratifikasiya etmişdi - amma buna baxmayaraq yerli aborigen əhaliyə qarşı bu tip soyqırımları, köçürmə siyasəti tətbiq olunurdu.
İkinci müstəmləkəçilik...
Yuxarıda qeyd etdiyimiz kimi, Kanadanın əsl yerli xalqlarından biri hesab olunan inuitlər ov etməklə, balıqçılıqla dolanırdı. Kanadada Greenpeace bu proseslə ciddi mübarizə aparmağa başlayanda, inuitlər əsas peşələri olan ovdan məhrum edildilər. Beləliklə yaşıl fəallar faunanı qorumağa çalışsalar da, yerli xalqların həmin ərazilərdə iş və yaşayış hüququnu məhdudlaşdırdılar. Kanada hökuməti isə onlara real alternativ təklif etmədi - İnuit fəalları bu prosesi ikinci müstəmləkəçiliklə müqayisə edirlər. Bu siyasət nəticəsində inuitlər ənənəvi məskunlaşmış bölgələri tərk etmək məcburiyyətində qaldılar.
S.İSMAYILZADƏ