Sülhə, sabitliyə və inkişafa hədəflənən siyasət...
Azərbaycanın qlobal əməkdaşlığa töhfəsi
Azərbaycan dövləti beynəlxalq tərəfdaşlığa yüksək dəyər verir. Bunun nəticəsidir ki, regionda sabitləşdirici faktor qismində çıxış edən ölkəmiz istər digər dövlətlər, istərsə də beynəlxalq təşkilatlar üçün böyük maraq kəsb edir. Xüsusilə, bütün məsələlərə ədalət və hüquq prizmasından yanaşmağımız təqdir olunur - birmənalı şəkildə Azərbaycan sülh, sabitlik və etimad nümunəsi kimi önə çəkilir.
Bu mənada, Azərbaycan dövləti beynəlxalq platformalarda hörmət və ehtiramla qarşılanır - sabitlik və inkişafa hədəflənmiş siyasətimizin ayrı-ayrı ştrixləri maraqla dinlənilir. BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizin yeni çağırışlar və müasir standartlar üzərindən qlobal problemlərin həllindəki təşəbbüskar mövqeyini bir daha dilə gətirib. Bildirilib ki, Azərbaycan bütün sahələr üzrə dünya dövlətlərinin yaxın əməkdaşlığında maraqlıdır...
Ayrı-seçkilik olmadan canlandırılmış və islahatlar aparılmış çoxtərəfli sistemin tərəfdarıyıq
Vurğulandığı kimi, müasir qlobal çağırışları əsas götürərək çoxtərəfli əlaqələrin inkişafını hədəfləyən Azərbaycan qısa zaman kəsiyində mühüm uğurlara imza atıb. Son 20 ildə beynəlxalq münasibətlər sistemində olduqca aktiv mövqe tutmuş ölkəmiz çoxtərəfliliyin təşviqi ilə bağlı mühüm bir yol keçib - yürütdüyü çoxvektorlu xarici siyasət kursu Azərbaycanın bugünki uğurlarının ən mühüm komponentlərindən birinə çevrilib. Yerləşdiyi geocoğrafi məkan siyasi nöqteyi-nəzərdən kataklizmlərin davamlı hal aldığı regiona kimi dəyərləndirilsə də, Azərbaycan Cənubi Qafqaz da daxil olmaqla hətta sərhəddindən kənarda yerləşən ölkələr üçün də sabitləşdirici faktor kimi çıxış edib. Təsadüfi deyil ki, həm sivilizasiyaların, həm də mədəniyyətlərin qovşağı kimi xarakterizə olunan Cənubi Qafqazın aparıcı aktoru olan Azərbaycan bu gərgin situasiyada bütün ölkələr üçün yeni siyasi əməkdaşlıq zəmini formalaşdırıb. Xarici işlər naziri öz çıxışında vurğulayıb ki, çoxtərəfliliyin davamlı eroziyası fonunda Birləşmiş Millətlər Təşkilatının beynəlxalq həmrəyliyi və əməkdaşlığı gücləndirməyi davam etdirməsi çox vacibdir: “Azərbaycan mərkəzində BMT dayanmaqla, beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş norma və prinsiplərinin ciddi riayət olunmasına və ayrı-seçkilik olmadan tətbiq edilməsinə əsaslanan canlandırılmış və islahatlar aparılmış çoxtərəfli sistemin tərəfdarıdır”.
Azərbaycan çoxtərəfliliyin gücləndirilməsində ön sırada yer alıb
Azərbaycanın çoxtərəfliliyə sədaqətinin ən bariz nümunələrindən biri isə Qoşulmama Hərəkatına edilmiş uğurlu sədrlik dönəmidir. 4 il ərzində ölkəmizin BMT-dən sonra ikinci böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrliyi əksər üzv dövlətlər tərəfindən nümunəvi sədrlik olaraq hələ də təqdir edilməkdədir. 2019-cu ilin 25-26 oktyabr tarixlərində keçirilmiş Bakı Sammitindən sonrakı müddətdə Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan üzv ölkələr tərəfindən iki dəfə yekdil fikirlə dəstəklənib - həm sədr seçkisi zamanı, həm də sədrlik müddətimiz uzadılan zaman. Bu platforma Azərbaycanın qlobal müstəvidə oynayan biləcək mühüm rolu bütün dünyaya nümayiş etdirdi - Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə qlobal əhəmiyyətli çox mühüm təşəbbüslər irəli sürüb. Bu təşəbbüslər həm Qoşulmama Hərəkatının imicinin möhkəmlənməsinə, həm də bu beynəlxalq təsisatın müasir dünya siyasətində funksional aktor kimi mövqeyinin güclənməsinə əhəmiyyətli töhfə olub. Ceyhun Bayramov çıxışında vurğulayıb ki, Azərbaycan hər zaman beynəlxalq sülh və təhlükəsizliyin, konfessiyalar və mədəniyyətlərarası dialoqun təşviq edilməsində, Dayanıqlı İnkişaf Gündəliyinə töhfə verilməsində və qlobal həmrəylik və çoxtərəfliliyin gücləndirilməsində ön sırada yer alıb: “2019-2023-cü illər ərzində Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi Hərəkatın yüksələn rolu və beynəlxalq əlaqələrdə əməkdaşlıq ruhuna artan töhfəsi ilə müşayiət olunub. Çoxtərəfliliyin eroziyaya uğradığı bir vaxtda Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyevin uzaqgörən liderliyi altında beynəlxalq həmrəyliyin gücləndirilməsi və qlobal çağırışlara qarşı kollektiv həll yollarının təşviqi istiqamətində qətiyyətli addımlar atılıb. “Heç kəsi geridə qoymamaq” kimi nəcib çağırışı rəhbər tutan Azərbaycan ehtiyacı olan inkişaf etməkdə olan ölkələrə dəstəyini davam etdirir. Biz 2020-ci ildən bəri 140-dan çox ölkəyə 330 milyon ABŞ dolları dəyərində humanitar, iqtisadi və texniki dəstək göstərmişik”.
Ermənistan konstitusiya dəyişikliklərini həyata keçirməklə...
44 günlük Vətən müharibəsi yerləşdiyimiz geocoğrafiyada yeni siyasi-hərbi, iqtisadi-ticari reallıqlar formalaşdırıb. Burada əsas amil kimi təhlükəsizlik arxitekturasının gücləndirilməsi məsələsi dayanır ki, 2023-cü ilin sentyabrında baş tutmuş antiterror tədbirləri burada əhəmiyyətli rola malik olub. Azərbaycan 30 ilə yaxın davam etmiş işğal faktını ortadan qaldırmaqla böyük və strateji bir məkanda yeni münasibətlər sisteminin yaradılması üçün zəmin formalaşdırdı - 2022-ci ildən Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş sülh prosesi bunu faktoloji şəkildə isbatlayır. Azərbaycan bölgədə düşmənçiliyin deyil, əməkdaşlığın və tərəfdaşlığın, normal münasibətlər sisteminin qurulmasının tərəfdarı kimi çıxış edir.
BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrindəki çıxışında Azərbaycanın XİN başçısı onu da deyib ki, Ermənistanla silahlı münaqişənin sona çatması və Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası Cənubi Qafqazda tamamilə yeni şərait yaradıb. Onilliklərdən sonra ilk dəfə bölgədə sabitlik əldə edilib, de-fakto sülh bərqərar olub: “Məhz Azərbaycan hərbi işğala son qoymaqla, hər iki tərəf üçün nəhayət düşmənçilik səhifəsini arxada qoymaq və mehriban qonşuluq münasibətlərinə başlamaq üçün şərait yaradan tərəfdir. Azərbaycan bu prosesə 44 günlük Vətən müharibəsindəki qələbəsindən dərhal sonra başlayıb. Bu təklif münaqişənin onlarla şəhərin, yüzlərlə qəsəbə və kəndin yerlə-yeksan edilməsi, tarixi və mədəni irsin hər bir parçasının dağıdılması və təhqir edilməsi, təbii resursların vəhşicəsinə talan edilməsi formasında indiyədək davam edən sağalmamış yaralarına rəğmən irəli sürülmüşdür. Azərbaycan Ermənistana bərabər şərtlərdə, beynəlxalq hüququn norma və prinsiplərinə tuyğun olaraq, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmət edilməsi əsasında sülh təklif etməklə siyasi müdriklik və iradə nümayiş etdirib”.
C.Bayramov bildirib ki, son bir il ərzində Azərbaycan və Ermənistan birbaşa ikitərəfli danışıqlar yolu ilə normallaşma prosesində, xüsusilə ikitərəfli müqavilənin hazırlanması, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, habelə etimad quruculuğu tədbirlərinin işlənib hazırlanması istiqamətində mühüm irəliləyişə nail olublar. “Azərbaycan təkcə öz milli təhlükəsizliyi və rifahı üçün deyil, bütün regionun daha yaxşı gələcəyi naminə möhkəm məsuliyyət hissi ilə hərəkət edərək bu prosesi irəli aparmağa davam edəcəkdir. Bu prosesi məntiqi sonluğa çatdırmaq xüsusunda bizim sadiqliyimiz və qətiyyətimiz dəyişməz olaraq qalır. Normallaşma prosesinin başa çatdırılması üçün Ermənistan konstitusiya dəyişikliklərini həyata keçirməklə hüquqi müstəvidə Azərbaycana qarşı ərazi iddialarından birdəfəlik imtina etməlidir. Ermənistanın hərbi büdcəsini kəskin artırması, həm ənənəvi, həm də yeni təchizatçılardan külli miqdarda hücum silahları alması, keçmiş münaqişəyə əsaslanan tezisləri və strukturları saxlamaq cəhdləri ilə birlikdə konstitusiya dəyişikliklərinin həyata keçirilməsi xüsusunda səhlənkarlığı normallaşma prosesini xələl gətirir”, - deyən XİN başçısı əlavə edib ki, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınması məsələsi hüquqi boşluqda qaldığı, habelə, daxili hüquqi və ya siyasi ssenarilərdən asılı olduğu təqdirdə, sülh və mehriban qonşuluq münasibətlərinin qurulması dayanıqlı və dönməz ola bilməz. Qonşulara qarşı irredentizm və ərazi iddialarının səbəb olduğu bu qədər ağrı və iztirablardan sonra “yarımçıq sülh” seçim ola bilməz: “Azərbaycan bu kritik məqamda normallaşma prosesinin başa çatdırılması üçün qalan əngəlləri aradan qaldırmağa məqsədilə tam məsuliyyət hissi ilə təcili addımlar atmağa çağırır. Ermənistanın beynəlxalq hüquqdan irəli gələn, habelə sülh prosesində öncədən üzərinə götürdüyü öhdəliklərə əməl etməklə bağlı məsuliyyəti ilə yanaşı, bütün beynəlxalq ictimaiyyət də tərəfləri həqiqi, dayanıqlı və əbədi sülhün bərqərar olmasına təşviq etmək məsuliyyəti daşıyır. Belə bir sülhə nail olunması tərəflərdən birinin digərinə qarşı manipulyasiya edilməsi və ya onlar arasında bölücü xətlərin çəkilməsi yolu ilə əldə edilməsi gözlənilən hər hansı dividentdən üstün tutulmalıdır. Dünyanın başqa bölgələrində iztirablara səbəb olmuş uğursuz təcrübələrin revanşizmi qızışdırmaq yolu ilə Cənubi Qafqaza sınaqdan keçirmək cəhdlərinə son qoyulmalıdır”.
Qərbi Azərbaycan İcmasının qayıdış hüququndan istifadəetmə çağırışları
Vurğulandığı kimi, Azərbaycan bütün məsələlərə yanaşmasında ədalət və hüquq prizmasından yanaşır - bu mənada, biz digər dövlət və təşkilatların da yanaşmalarının məhz bu kriteriyalara söykənməsini arzulayırıq. 30 il ərazində davam etmiş ədalətsizlik və cəzasızlıq şəraiti artıq bitib - beləliklə, ağır müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə bağlı ədalətin təmin edilməsi keçmiş münaqişənin yaralarının sağaldılması baxımından müstəsna əhəmiyyət kəsb edir. Nazir Ceyhun Bayramov bildirib ki, cinayətkarların cəzasızlığına son qoyulması qurbanların hüquq və mənafelərinin təmin edilməsinə xidmət etməklə yanaşı, həmçinin münaqişədən sonrakı həqiqi normallaşma və barışığa aparan yolda əsas ilkin şərtlərdir: “Bu baxımdan münaqişə nəticəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu problemin həlli təkcə cavabdehlik, qurbanların və onların ailələrinin hüquqları baxımından deyil, həm də münaqişədən sonrakı barışıq və normallaşma üçün vacibdir”.
Paralel olaraq Ermənistandan qovulmuş 300 minə yaxın azərbaycanlı, beynəlxalq hüquq normaları kobud şəkildə pozulmaqla, öz ata-baba yurdlarından məhrum qalmaqda davam edir. Nazir vurğulayıb ki, Qərbi Azərbaycan İcmasının dialoqa başlamaq və vətənə təhlükəsiz və ləyaqətli qayıdışı təmin etmək üçün dəfələrlə çağırışlarına baxmayaraq, Ermənistan hökuməti onların Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktda, Qaçqınların Statusu Haqqında Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş qayıdış hüququndan istifadə etmələrini rədd edir.
Minalar ərazilərimizin bərpasını ləngidir
Beləliklə, yaşadığımız region özünün yeni inkişaf mərhələsinə qədəm qoyur. Azərbaycan işğaldan azad etdiyi torpaqların dirçəldilməsi, həmin ərazilərin sakinlərinin böyük qayıdışı üçün genişmiqyaslı fəaliyyət ortaya qoyur. Artıq bir sıra ərazilərin sakinlərinin öz doğma yurd-yuvalarında yaşamaq hüququ bərpa olunub. Azərbaycan dövləti ermənilər tərəfirndən dağıdılmış ərazilərin tam bərpası üçün əlindən gələni əsirgəmir. Amma burada bəzi maneələr hələ də qalmaqdadır - belə ki, Ermənistan 30 ilə yaxın işğal altında saxladığı ərazilərimizin böyük hissəsini minalayıb ki, bu da həmin ərazilərin bərpasını xeyli ləngidir.
Xarici işlər naziri Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan ölkə daxilində genişmiqyaslı münaqişədən sonrakı bərpa və yenidənqurma işlərinə başlayıb. Bu, yüz minlərlə azərbaycanlının öz evlərinə təhlükəsiz və ləyaqətli qayıtması kimi pozulmuş hüquqlarından istifadə haqqını təmin etmək məqsədi daşıyır: “Hökumətin yorulmaz səyləri sayəsində hərbi işğal zamanı misli görünməmiş dağıntıların şahidi olmuş ərazilərə yenidən həyat qayıdır. Təəssüf ki, Azərbaycan ərazilərinin mina və digər partlayıcı qurğularla kütləvi şəkildə çirkləndirilməsi bərpa və yenidənqurma işlərinin rəvan gedişatına ciddi maneə olaraq qalır. 2020-ci ildə münaqişə bitəndən bəri 377 nəfər, o cümlədən mülki şəxslər minaların qurbanı olub. Bunu nəzərə alaraq, Azərbaycan DİM18, mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətlər üzrə milli məqsədi təqdim edib. Problemin miqyasını nəzərə alaraq, Azərbaycanın humanitar minatəmizləmə potensialının gücləndirilməsi üçün beynəlxalq dəstəyin artırılmasına təcili ehtiyac vardır”.
Ceyhun Bayramov Quterreş ilə görüşüb...
Yeri gəlmişkən, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində BMT-nin baş katibi Antonio Quterreş ilə də görüşüb. Görüşdə Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyi, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına hazırlıq işləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanın BMT, onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığı yüksək qiymətləndirildiyini bildirib. Xüsusilə, COP29 Sədrliyimiz çərçivəsində aktiv əməkdaşlığımızın sədrliyin uğurla həyata keçirilməsində mühüm rol oynadığı diqqətə çatdırılıb.
COP29 Sədrliyimiz çərçivəsində prioritet istiqamətlər və sədrlik təşəbbüsləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov COP29 çərçivəsində, xüsusilə İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinin razılaşdırılması istiqamətində aktiv fəaliyyət aparıldığını bildirib.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, keçmiş məcburi köçkünlərin öz evlərinə ləyaqətli qayıdışının təmininə istiqamətlənən bərpa və quruculuq işləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi, ikitərəfli danışıqlar, habelə sülh müqaviləsinin imzalanmasının qarşısında duran əsas çağırışlar barədə ətraflı məlumat verilib.
İkitərəfli danışıqlar prosesi çərçivəsində əldə olunan bir sıra irəliləyişlərə baxmayaraq, Ermənistan konstitusiyası, habelə digər qanunvericilik aktlarında ölkəmizə qarşı ərazi iddialarının sülh qarşısında əsas maneə olduğu vurğulanıb.
Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
P.SADAYOĞLU