AZ

“Goldman Sacs”ın baş proqram mühəndisi, Nyu-Cersi Universitetinin professoru - Müsahibə

2015-ci ildə 29 yaşı var idi və Azərbaycanda işləyirdi. Həmin dövrdə düşünür ki, gələcəklə bağlı nə isə edəcəksə, qarşıdakı 10 ildə olacaq. 

Düşüncəsinin ardınca hərəkətə keçir və ABŞ-da doktorantura təhsili üçün ilk addımı atır. 30 yaşını artıq ABŞ-da qeyd edir. Söhbət ABŞ-ın Nyu-Cersi Texnologiya İnstitutunun professoru, süni intellekt və maşın öyrənmə üzrə mühəndis Xalid Baxşəliyevdən gedir.

X.Baxşəliyev təhsil və iş həyatı ilə bağlı Valyuta.az-ın suallarını cavablandırdı.

Qeyd edək ki, X.Baxşəliyev Qafqaz Universitetində (İndiki Bakı Mühəndislik Universiteti) kompüter mühəndisliyi üzrə bakalavr və magistr, ABŞ-ın Nevada Universitetində kompüter elmləri üzrə doktorantura təhsili alıb.

- Xalid bəy, Zəngilanda doğulmusunuz, 6 yaşınız olanda məcburi köçkün olmusunuz. O dövrü necə xatırlayırsınız?

- Zəngilandan çıxandan sonra Şirvan rayonunda musiqi məktəbində yaşamışıq. Musiqi məktəbinin balaca bir otağında qalırdıq. Bizimlə bərabər nə qədər ailə orada yaşayırdı. Şərait yox idi. 2 ildən çox orda qaldıq. 1996-cı ildə Sumqayıta köçdük. 2 otaqlı təmirsiz ev idi. Atam özü yavaş-yavaş təmir etdi. Atamın da iş problemləri oldu. Dəmir yolunda işləyirdi, ixtisara düşdü, bir ilə yaxın işsiz qaldı. Ailənin məcburi köçkün olandan sonrakı dövrü çox çətin keçdi. O zamana qədər ki, biz övladlar da işləməyə başladıq. 

 

“İnternetimiz olmasa da, kompüterimiz var idi

 

- Bakalavr, magistr, sonra doktorantura təhsili almısınız. Təhsilə sizdə maraq yaradan ailə mühiti idi?

- Valideynlərim ikisi də ali təhsillidir, amma anam təhsilə daha çox önəm verir. Biz Sumqayıta köçəndə mən 5-ci sinifdə oxuyurdum. Sumqayıtda ev axtararkən anam yaxşı təhsil verən məktəbə yaxın ev almağımızı istəyirdi. 28 Nömrəli məktəbdə təhsilin yaxşı olduğunu öyrəndi, ora yaxın evlərə baxdıq. 2 il orda oxudum. Həmin vaxt türk liseyindən gəlib buroşür paylayırdılar. Mən onu evə gətirdim, valideynlərim dedilər imtahan ver.

İmtahandan keçdim. Ödənişli olduğu üçün bizim ailəyə çətin idi. Anam məktəblə danışdı, bir az endirim etdirə bildi. O problemlərlə məni liseyə qoydular. Yəni təməli belə oldu.

- Kompüter elmləri sahəsində təhsil almaq qərarını liseydə verdiniz?

- Liseydə kompüter olimpiadasına qoşuldum. Düzdür, yarışda xüsusi yer tutmasam da, ən azından proqramlaşdırmanı öyrəndim. Orada həvəs yarandı. Həvəsim olduğu üçün atam 2000-ci ildə evə kompüter aldı. 4-5 il internetimiz olmasa da, kompüterimiz var idi. Məşğul olduqca kompüterə həvəsim daha da artdı. Amma liseyi bitirəndən sonra İqtisad Universitetinə qəbul oldum. Atam deyirdi ki, dövlət universiteti olsun, o vaxt özəl universitetlərin bağlanması ilə bağlı narahatlıq çox idi. Bir il iqtisadi kibernetika oxudum, amma sonra gördüm ki, mənlik deyil. Sonra Qafqaz Universitetinə köçürmə etdik. Orda elə birinci kursdan başlamış kimi oldum. Kompüter mühəndisliyi üzrə təhsil aldım. 2008-ci ildə məzun oldum və magistr təhsilinə başladım.

- Həmin il iş həyatına da başlamısınız.

- Bəli, “Sinam” şirkətində təcrübə keçdim. Proqramçı olaraq Daşınmaz Əmlakın Dövlət Resyeteri xidmətində 6 aya yaxın işlədim. 2010-cu ildə Baş Prokurorluqda İnformasiya texnologiyaları tətbiqi xidməti yaranırdı. 6 il orda işlədim, sonra artıq ölkə xaricinə gəldim.

 

“Dedim nəsə edəcəmsə, 10 ilin içində olacaq”

 

- Ölkə daxilində iş yeri dəyişikliyinə də gedə bilərdiniz. Niyə Amerikaya getdiniz?

- Mən Baş Prokurorluqda işə başlayanda həmin xidmət və komanda yeni qurulurdu, ona görə iş çox maraqlı idi. Zamanla hər şey quruldu və artıq yenilik o qədər də olmurdu. Mən də yeniliklərə ac biriyəm. Həmin ərəfədə Qafqaz Universitetində bizim sahə ilə bağlı bir konfransa qatıldım. Ora ölkədə yenilikləri tətbiq edən böyük yerli şirkətlərin texnoloji komandaları təmsil olunurdu. Bir neçəsinə sual verdim ki, dünyada bu gün istifadə olunan filan texnologiyaları istifadə edirsiniz? Dedilər ki, edirik, amma test mərhələsindədir. Gördüm ki, ən son texnologiyalarla işləmək üçün ölkə xaricinə getməliyəm (Gülür). Amerikada doktoranturanı araşdırmağa başladım. 2015-ci ilin mayı idi, devalvasiya olmuşdu, bir devalvasiya da gözlənilirdi. Bulvarda gəzirdim, dedim nəsə edəcəmsə, 10 ilin içində olacaq. 40 yaşdan sonra həyatımı dəyişəcək nələrsə çətin edə bilim. Xaricdə doktorantura təhsili üçün TOEFL, GRE imtahanı verməliydim. Özümə vaxt qoydum, həmin tarixlər üçüm imtahan günü aldım, o vaxta artıq hazırlaşamağa məcbur idim.

- Həmin vaxt üçün hazır idiniz?

- Bəli. Hətta hədəf ballarımı da müəyyənləşdirmişdim. Demişdim ki, GRE-dən 310-dan çox bal toplamalıyam, az olsa, bir də imtahan verəcəm. 309 topladım. TOEFL-da isə 100-ü keçməyi hədəfləyirdim, aşağı olsa, təkrar imtahan demişdim. Ordan isə 98 yığdım (Gülür).

- Təkrar imtahan verdiniz?

- Yox (Gülür). Bir-iki bala görə ehtiyac görmədim.

“75 faiz PHD tələbələri depressiyaya görə terapiyaya müraciət edirlər”

- Doktorantura təhsiliniz təqaüdlü idi?

- Bəli. 3 universitetdən qəbul aldım, ilk qəbul gələni seçdim. Digərlərinin qəbulu çox gec idi.

- ABŞ-da təhsil dövrünüz necə keçdi?

- Mən doktoranturaya qəbul olanda professorum sual verdi ki, doktoranturanın nə olduğunu bilirsən? Dedim bəli, çünki ətrafımda doktorantura təhsili alanlar var idi. Amma doktorantura təhsilinin bu qədər depressiv olduğunu bilmirdim (Gülür). Çox işləyirsən, maaşı yüksək deyil, otaq yoldaşı ilə qalmağa məcbursan. Ən sonda elmi iş müdafiəmdə problem yarandı. Götürdüyüm işi təklif etdiyim metodla bir yerə gətirə bilmədik. Bu, adamı depressiyaya salan məsələdir.

- Doktorantura təhsilini yarımçıq qoyanlar da az olmur.

- “The Guardian”ın bir məqaləsinə deyilir ki, 75 faiz PHD tələbələri depressiyaya görə terapiyaya müraciət edirlər. Təhsili yarımçıq qoymalar da az olmur. Sonra baxdım ki, bu problem tək mənim başıma gəlməyib, həqiqətən depressiv işdir. Professorum mənim bir mentorum kimi idi. O, mənə məsləhətlər verdi və o yolla getdim. İş də tapdım, təhsilimi də başa vurdum.

- Əvvəldən akademik yolda getmək planılarınız var idi?

- Əvvəldən elmə marağım var idi. Azərbaycanda iş yoldaşlarım da deyirdilər ki, sənin yerin elmi sektordur. İstənilən işin elmi yönünü düşünməyə maraqlıyam. Amma müəllim kimi öyrətmək sektorunda özümü davamlı gördüyümü deməzdim.

- ABŞ-da iş tapmağınız necə oldu?

- Burda iş tapmaq üçün ilk olaraq zamana ehtiyac var. Bəzən 200 yerə müraciət edirsən, 1-5 faizi ancaq geriyə dönüş edir. Bu səbəbdən, netvörkinqinin olması lazımdır. 2019-cu ilin fevralında müsahibələrə hazırlığa başladım. “Facebook”, “Amazon”, RBNB, “Netflix” və s. şirkətlərə müraciət etdim. İlk müsahibəm “Facebook”la oldu, amma bərbad keçdi. Çünki çox həyəcanlı idim. Bu şəkildə onlarla uğursuz müsahibə oldu və nəhayət sentyabrda “Goldman Sacs”a işə qəbul oldum.

- Artıq müsahibə cəhətdən də təcrübə qazanmışdınız?

- Bəli, çox müsahibədə iştirak etmişdim. Həm də “Goldman Sacs”a məni müsahibəyə dəvət edəndə otel təşkilatçılıqları məsələsində sıxıntı olmuşdu, özüm otel tapmalı oldum. Bu, bir az xoşuma gəlmədi. Müsahibədə həyəcanlanmadım, yaxşı keçdi, direktorla da görüşdürdülər. 

Təşkilatçılıqdan sonra bir az xəyal qırıqlığı yaşamışdım. Direktora dedim ki, başqa şirkətlərlə də müsahibəm var, niyə sizi seçim? 2-ci gün müsahibə oldu, 1-ci gün təklif göndərdilər ki, başqa yerə getmə. Sonra qəbul etdim və 3 il orda baş proqram mühəndisi oldum. Sonra 3400 nəfər ixtisar edildi, mən də onlardan biri oldum.

“Burda insanlar 8 saatlıq iş saatının 90 faizini işə həsr edirlər”

- Niyə növbəti iş yeriniz qlobal şirkətlər olmadı?

- İxtisardan əvvəl məndə artıq maşın öyrənməyə maraq yaranmışdı. Çünki məlumdur ki, proqramçılığın ömrü çox olmayacaq. Uzunmüddətli dövr üçün maşın öyrənmə və süni zəkaya yönəlməliyik. Həm də bu mövzuların arxasındakı riyaziyyat çox xoşuma gəlirdi. Proqramçılıq dönəmində riyazi biliklərimi istədiyim qədər istifadə etməmişdim. Riyaziyyat hissəsi, elmi tərəfləri məni həyəcanlandırırdı. Ona görə yönümü dəyişib maşın öyrənməyə keçmək istəyirdim.

İşdən ayrılanda, qarşımda iki seçim var idi. Ya proqram işlərinə baxacaqdım, ya da maşınöyrənməyə yönələcəkdim. Proqram yönündə bir-iki müsahibəyə hazırlaşdım, amma baxdım ki, o istiqamətdə bir həvəsim yoxdur. Maşın öyrənmə təcrübəm isə o qədər çox deyildi deyə, o istiqamətdə işlərə qəbul alınmırdı. Çünki təcrübə istəyirdilər. Sonra indiki universitetdə baş müəllim olmaq təklifi gəldi. Maşınöyrənmə sahəsində tədris olduğu üçün qəbul etdim. “Ən yaxşı öyrənmək üsulu öyrətməkdir” – deyirlər. Mövzuları özüm dibinə qədər öyrənməliyəm ki, tələbələrin qarşısına çıxım. Artıq 3-cü semesterdir ki, burdayam. Burda qrantlar, araşdırmalar var və bunlar mənə maraqlıdır. Bugünkü fəaliyyətim gələcəyim üçün investisiyadır.

- Müəllim olmaq necədir?

- Bəlkə də 1-2-ci dərsdə həyəcanlanırdım, amma indi rahatam. Məqsədim gənclərin yeniliklər gətirməsidir. Tələbələrə deyirəm ki, kim mənə çətin sual versə, balını artıracam. Bu, həm onların özlərinin araşdırması üçün yaxşıdır, həm də mən çətinlikləri öyrənməyə çalışıram.
Ümumiyyətlə, maliyyə sektorundakı qlobal şirkətlərdə iş-həyat balansı o qədər də yaxşı deyil. Axşam 10-11-ə qədər hər gün işləyirlər. “Goldman Sacs”da da tam iş saatında işlədiyimizi deyə bilmərəm. Çox stressli iş idi. O baxımdan indi keyfim çox yerindədir.

- Azərbaycan və ABŞ-ın iş mühitinizi müqayisə etsək, nələrdə fərq gördünüz?

- Bura gələndə, ilk diqqətimi çəkən insanların çalışması oldu. Axşam saat 11-12-də universitetdə kitabxanada tələbələr görürdüm. Azərbaycanda bunu çox görməmişəm, Tibb Universitetinin tələbələri ilə bağlı bu hallar olardı. Orda fərqinə vardım ki, Amerikanı Amerika edən səbəblərdən biri budur, insanlar çalışırlar.

İkinci diqqətimi çəkən odur ki, insanlar fərdi çalışmağa meyillidirlər. Azərbaycanda biz imtahandan əvvəl uşaqlarla yığışıb bir evdə oxuyurduq. Bu, bizim üçün effektiv olurdu. Amerikada kitabxanalarda bəzi qrupların yığışıb nə isə üzərində işlədiklərini görürəm, amma onlar daha çox fərdi olaraq çalışırlar. Tapşırıq vermişəm, yerli tələbələr – ABŞ-da böyüyənlər tapşırığı verəndən 2 gün sonra hazır edirlər. Halbuki 14 gün vaxt vermişdim. Son günə saxlamırlar. Bunu iş ortamında da görürsən.

Burda insanlar 8 saatlıq iş saatının 90 faizini işə həsr edirlər. İşə gələn kimi işə başlaya bilirlər. Azərbaycanda işə başlama rutini bir az fərqlidir.

ABŞ-da hər gün səhər 15 dəqiqəlik iclas olur. Menecer bu gün hansı işi gördüyünü işçidən soruşur. Nə iş görürsən? Problem nədir? Hər kəsə 1-2 dəqiqə ayrılır. Bu ona səbəb olur ki, bir işin üstündə çox qala bilmirsən. Sabah eynisini desən, deməli, sən problemi həll edə bilməmisən. İclas 09:15-də olur, o vaxt yeni nəsə demək üçün axşam oturub işləyirsən ki, problemi həll edəsən, sabah yeni nəsə deyəsən. Nəticədə komanda böyük iş ortaya qoymuş olur. Bir az stresslidir, amma inkişafa gətirir. “Goldman Sacs”da belə idi. Silikon Vadisində elə şirkətlər var idi ki, iş-həyat balansına riayət edirdilər, bildiyim qədərilə pandemiyadan, iqtisadi böhrandan sonra onlar da sarsılmağa başlayıb. İnsanlar çox işləyənləri seçirlər.

- Hazırda müəllim kimi fəaliyyət göstərirsiniz, amma anlaşılan qədər gələcəklə bağlı planda əsas hədəf bu deyil.

- Bundan sonrakı məqsədim qlobal şirkətlərin araşdırma yönünə getməkdir. Maşın öyrənmə sahəsində də işlər ola bilər.

“Goldman Sacs”da öyrəndiyim məsələlərdən biri o oldu ki, sevmədiyin işi görəndə, stress yaşayırsan. Pul hər şey demək deyil. Normal şirkətdə işləyib ABŞ-da normal yaşaya bilirsən. Bunun iqtisadi misalları da var. İllik 300 min dollar maaşı olan şəxslə 450 min dollar qazananın həyat tərzində ciddi dəyişiklik olmur. 500 min dollarla 800 min dollar qazananın yaşayışı da çox fərqlənmir. 800 min dollarla 1 milyon qazancı olanlar arasında da eynidir. Ona görə 50 min artıq verən şirkətə getmərəm. Məsələn, indiki işimdə mən kitab oxuya bilirəm, yeni şeylər öyrənirəm. Onlar da qazancdır. Pul onları vermir.

Aygün Asimqızı

Seçilən
45
3
valyuta.az

2Mənbələr