AZ

Ermənistan Azərbaycana kompensasiya ödəməlidir - AÇIQLAMA

Vaxtı ilə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edib, onun torpaqlarını 30 ildən çox işğal altında saxlayıb və ərazilərinə külli miqdarda zərər vurub.

Beynəlxalq hüququn tələblərinə görə Ermənistan etdiyi qeyri-qanuni əməllərə görə Azərbaycana təzminat ödəməlidir. Bu isə hüquqi məsuliyyətin əsas tərkib hissəsini təşkil edir. 44 Günlük Vətən müharibəsində məğlub olan Ermənistana sübut olundu ki, onlar Azərbaycan torpaqlarını qeyri-qanuni işğal edib və Azərbaycana vurduğu ziyanlara görə təzminat ödəməyə məcburdur.

Hesablamalara görə, Ermənistanın Azərbaycan təbii resurslarına vurduğu zərərin təqribi dəyəri 50 milyard ABŞ dolları təşkil edir. Məhv edilmiş şəhər və kəndləri, dağıdılmış infrastrukturu, talan edilən təbii sərvətləri nəzərə alsaq, Ermənistanın Azərbaycana vurduğu ümumi zərər təqribən 800 milyard ABŞ dollarına qədər qiymətləndirilir.

Bəs Ermənistan Azərbaycana vurduğu zərəri ödəyəcəkmi?

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən iqtisadçı ekspert Faiq İsmayılovun sözlərinə görə, Ermənistan Azərbaycana qarşı hüquqa zidd əməllər törədib.

“2014-2018-ci illərdə Nazirlər Kabineti yanında yaradılan İtki və Tələfatların Qiymətləndirilməsi üzrə işçi qrupunun qiyabi hesablamalarına görə Ermənistanın Azərbaycana vurduğu ziyan 819 milyard manat həcmində olub. Beynəlxalq Konvensiya və qanunlara görə hüquqazidd əməllər nəticəsində vurulan zərər, zərərvuran tərəfindən mütləq ödənilməlidir”.

Ekspert deyir ki, bu kompensasiya şəkilində ola bilər (yəni Ermənistan bundan sonra 100 il Azərbaycana kompensasiya ödəmək məcburiyyətində qala bilər), ya öz ərazisinin bir hissəsini, ya da ölkəsinin sənaye subyektlərinin bir hissəsini Azərbaycana verməklə ödəyə bilər.

Digər müsahibimiz iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycan Ermənistan arasında rəsmi müharibə olmadığı üçün qarşı tərəfin məsuliyyətə cəlb edilməsi çətin olacaq.

“Çünki Ermənistan tərəfi deyir ki, bütün bu əməlləri separatçı rejim edib və onlar da məhv olub. İqtisadı baxımdan isə onlar Azərbaycana heçnə verməyəcək. Məncə onlara qarşı bu mövzuda iddia qaldıra bilməyəcəyik. Çünki onların iddiasına görə Azərbaycan vurulan ziyanı qondarma separatçı rejim edib. Əlavə olaraq, Azərbaycan-Ermənistan arasında rəsmi müharibə olmadığı və rəsmi müharibə sistemi işə düşmədiyinə görə biz Ermənistana belə iddialar qaldıra bilmirik” - deyə ekspert sonda qeyd etdi.

Seçilən
5
operativmm.az

1Mənbələr