AZ

Dəyişmək xatirinə dəyişim, yoxsa zərurət? - RƏYLƏR

“İnsanlarda geyim tərzinin, saç və göz rənginin seçilməsi dəb psixologiyası ilə bağlıdır. İnsanlar fərqlənmək, seçilmək, qarşı tərəfə daha fərqli və maraqlı görünmək üçün özlərinə fərqli tərzlər seçirlər. Həmçinin insanlar başqalarında görüb bəyəndiklərini də öz üzərlərində tətbiq etməyə maraqlı olurlar”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

O bildirib ki, adətən uşaqlıqdan dəblə bağlı qarşısına qadağa qoyulan insanlar sərbəstlik əldə edən, ətrafdakı mikromühitin tənqidlərindən qurtulan kimi insanlar yeni tərzlər sınamağa başlayırlar: “Lakin bu da hər zaman uğurla alınmır.
İnsanlar özlərinin daxili fəlsəfəsi, mahiyyətlərinin onları unikal etdiyini anlamalıdırlar. Həmçinin insanlar məhz bu xüsusiyyətləri ilə qarşı tərəf üçün maraqlı olmalıdırlar. Yəni, xarici görünüşdən daha çox dünyagörüşləri ilə diqqət çəkmək, ünsiyyət qurmaq daha məqsədəuyğundur. Hərçənd ki, dəb də ünsiyyət üsuludur, lakin bu daha çox təqlidə əsaslanır. Buna görə də insanlar çalışmalıdırlar ki, daxili dünyalarını zənginləşdirib, dünyagörüşlərini artırsınlar. Hər bir insan özünəməxsus özəllikləri ilə doğulub. Buna görə də kimisə təqlid etmədən, cəmiyyətdə fərqli çalarlı insanların olması daha gözəl abu-hava yaradır və insanlar bu mühitdən bezmir”.

Mövzu ilə bağlı psixoloq Vüsalə Əmiraslanova fikirlərini bölüşüb: “Son zamanlar estetik dəyişimlər olduqca əlçatandır. Bu cür dəyişimlərə səbəb xanımın ruh halı və ya rəqabət hissi ola bilər. Bunun nəticəsində isə həqiqətən də fərqinə varmadan xanımlar eyniləşir, özünəməxsusluqları qalmır. Hər bir insanda müəyyən dəyişiklər ola bilər, amma bunu daimi deyil, müvəqqəti edə bilər. Çünki birdəfəlik dəyişim zamanı özümüzdən imtina etmiş oluruq. Hətta zaman-zaman dəyişimimizi belə bəyənməyə bilərik. Buna görə də çalışmaq lazımdır ki, əsl gözəlliyi elə özümüzdə tapa bilək”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
55
sia.az

1Mənbələr