AZ

“Döyüş meydanında artıq qisas almağın zamanı gəlib dedim”- Qazi Gündüz Əhmədov

Onlar dünyaya sağlam göz açır, sağlam böyüyürlər. Ancaq yaranan bir zərurət onların həyat planlarının və sağlamlıqlarının üzərindən xətt çəkir. O zərurət Vətəni düşməndən qorumaq və onu öz sahibinə qaytarmaqdı. Bu yolda sağlamlığından keçən igidlərimizdən biri kapitan Gündüz Əhmədovdur. 20 yanvarda anadan olduğundan bu günə kimi qəhrəmanımız heç vaxt doğum gününü qeyd etməyib. Hətta televizyaya verdiyi müsahibələrinin birində düşmənə duyduğu nifrətin elə o gündən başladığını deyib.
Uşaq vaxtından hərbiçi olmaq istəyən Gündüz Əhmmədov, böyüdüyü zaman bu arzusunu reallaşdırıb. Heydər Əliyev adı Azərbaycan Ali Hərbi məktəbinin Yer üstü artillerya ixtisasına qəbul olub. Azərbaycanın bir neçə hərbi hissəsində ixtisaslı hərbiçi kimi fəaliyyət göstərib. 2020-ci il sentyabrın 27-də o da digər yoldaşları kimi Vətən torpaqlarını qaniçən quldurlardan təmizləmək üçün döyüşə qatılıb. Və ağır döyüşlərin birində ayağından yaralanıb. Qospitalda döyüşə qatılacağı günü səbirsizliklə gözlərkən Azərbaycan Ordusunun düşmən üzərində qələbə qazandığı xəbərini alıb.
Qeyd edək ki, Gündüz Əhmədov “Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal”, “Su qovuşanın azad olunmasına görə medal”, “Döyüşdə fərqlənməyə görə medal” və digər mükafatların sahibidir.
Biz də bu igid qazimizlə söhbət etdik. Ona suallarımızı ünvanladıq.
–Müharibə başlayanda çağırış kağızını əlinizə aldığınızda keçirdiyiniz hissləri xatırlayırsız?
-Həmin an çox qürurlandım. Müharibə olacağına inanmırdım. Düşünürdüm təlimdi, hazırlaşırıq. Döyüş meydanına girəndə bildim ki, artıq hər şey ciddidir. Qisas almağın zamanı gəlib.
–Müharibəyə hazırlıqlar, döyüş təlimləri necə gedirdi?
-Müharibəyə hazır idik. Çünki təlimlərimiz yetəri qədər güclü aparılmışdı. Gələn avtomobillər də silah-sursat və təchizatdan ibarət idi. Hər birimiz düşmən üzərinə əzmlə və təlimlər zamanı öz işini yaxşı öyrənən zabitlər, əsgərlər olaraq getdik.
–Müharibədən sizə qalan ən dəhşətli xatirə haqqında danışmağınızı isterdim.
-Döyüş gedirdi. Bizdən arxada bir qurup vardı. Ermənilər biz olan ərazini vururdular. Ərazi sıldırım qayalıqlardan ibarətdi. Bir nəfərin 300 metr dərinliyi olan qayadan yıxıldığını gördüm. Həmin sıldırımdan düşənin aşağından yardım edin deməyini eşitdim. Bir təhər həmin sıldırımdan aşağı düşüdüm. Ərazi minalı olduğundan sürətlə gedə bilmirdim. Axırda həmin yaralını tapdım. Sol əli qırılmışdı. Üstünə sıldırım qayalıqların torpağı düşmüşdü. Təmizlədim. Silahı düşmüşdü, tapdım. Sıldırımdan kürəyimə alıb çıxardım. Haqqında danışdığım bu şəxs tank əleyhinə tağımın komandiri baş leytenant Quliyev Rauf idi. Könüllü gəlmişdi. İndi sağdı, evində xoşbəxt yaşayır.
–Ən ağır döyüşlər hansı ərazilərdə gedirdi və iştirak edirdinizmi?
-Bildiyiniz kim müxtəlif bölgərədə ağır döyüşlər gedib. Qəhrəman əsgərimiz qanı, canı bahasına torpağımızı düşməndən alıb. Mən isə döyüşlərin ən qızğın nöqtəsi, ən çox şəhidimizin olduğu Suqovuşan döyüşlərində olmuşam. Bütün əməliyyatlarda iştirak edib, yaralandığım günə qədər vuruşmuşam.
–Müharibə dəhşətləri döyüş əsnasında səndə tərəddüd yaratdımı?
-Xeyir, tərəddüt yaratmadı. Biz haqlı davamızda qalib gələk deyə vuruşurduq.
–Ən böyük cəsarət qorxaqlıqdan başlayır. 44 gün ərzində çox qorxduğunuz an oldumu?
-Kimsə deyirsə müharibədə qorxmadım, bu tamamı ilə yalandı. Qorxduğum anlar olub ama bu fikiri başımdan çıxarmışam. Özüm-özümə hər dəqiqə hər şey yaxşı olacaq deyirdim. Elə də oldu.
–Müharibənin dəhşətləri və problemləri var. Sizcə dəhşət nədə idi, problem nədə?
Müharibənin dəhşəti neçə-neçə igid zabitlərimizi, əsgərlərimizi itirməyimizdir. Ən böyük problem ərazini tanımamağımız idi. Bu da ərazidə sürətlə hərəkətimizi ləngidirdi.
–Müharibə hər zaman qorxunc və dəhşətli olub. Siz o dəhşətin arasında bu qədər həyat eşqini hardan aldınız?
-Müharibə dəhşətlidir, düzdür. Mənim bir oğlum var. Adı Elaydır. Sağ qalsam gəlib onu görəcəm fikiri məni hər zaman ruhlandırıb. Oğlumun gülüşünü xatırlamaq mənə həyat eşqi bəxş edib.
–Bu gün dövlətimiz qazilərimizi diqqətdə saxlayır. Bu baxımdan xalqımızdan və dövlətimizdən qazandığınız ən böyük imtiyazınız nə olub?
-Mən dövlətimin mənə qarşı diqqətindən, qayğısından razıyam. Bir qazi olaraq dövlət məni nə ilə təmin etməli idisə, hər birini edib. Buna görə də bir vətəndaş kimi həm xalqımın, həm də dövlətimin ixtiyarındayam. Ali Baş Komandanımız Cənab İlham Əliyəvə təşəkkür etmək istəyirəm ki, bizə qələbə qazanmaq, torpaqlarımızı azad etmək kimi qüruru yaşamaq şansı verdi. Sualınıza gəlincəsə, ən böyük imtiyazım xalqımın mənə olan sevgisi və hörmətidir.
Nuray Nəzərova

Seçilən
95
arantv.az

1Mənbələr