AZ

Hər gün rüşvət alır, amma dili bir qarışdır... 

Azərbaycanda ən təmənnasız jurnalistlərdən biri mənəm. Buna baxmayaraq, bu il Milli Mətbuat Günü ərəfəsində üç dəbədəbəli ziyafətdə iştirak etdim. Üstəlik, qatıldığım müsabiqədən qalib ayrıldığım üçün Təhsilin İnkişafı Fondu tərəfindən mükafatlandırıldım. 

Elə həmkarlarım var ki, başları bir həftə yeyib-içməkdən açılmadı...

Jurnalistlərin peşə bayramı hər il yüksək səviyyədə qeyd olunur. Ayrı-ayrı dövlət qurumları, idarə və müəssisələr, özəl təşkilatlar, tanınmış şirkətlər media əhlini bayram süfrəsi arxasına toplayır. Hər kəs olanından-qalanından masaya düzür. Bəzən məclis yekunlaşanda jurnalistləri pay-püşklə yola salırlar. Mən demirəm, qələm əhli üçün Qubadan alma, Göyçaydan nar, Lənkərandan ləvəngi gətirdirlər. Qələm-dəftərdən, bloknotdan, ortabab qiyməti olan hidəıyyələrdən - təşkilatçıların əlinə keçəndən, gücləri çatandan bir bağlama düzəldib yola salırlar. Həmkarlarım, dostlarım, qohumlarım bilir, mən heç vaxt maddi dəyəri yüksək olan hədiyyə qəbul etməmişəm. Təkcə ona görə yox ki, bunun peşə əxlaqına zidd olduğunu bilirəm. Həm də ona görə ki, mənə maddi dəyəri yüksək olan hədiyyə verən yoxdur. Siz olsanız, səhərdən-axşama kimi yüksək rütbəli məmurları tənqid edən, əli qələm tutandan neqativ hallardan yazan, güclüyə savaş açan, gücsüzə qucaq açan bir jurnalistə bahalı hədiyyə verərsiniz?  azal vakansiya

Hər kəs ürəyində bu suala cavab verə bilər... 

Söhbətə uzaqdan başlamağımıza baxmayın, mövzu yaxın günlərə aiddir. Üç-dörd gündür hamı 5 oktyabr Müəllimlər Günündən danışır. Danışa bilməyənlər sosial şəbəkələrdə yazır. Təkcə övladları orta məktəbə gedənlər deyil, məktəblə yaxından-uzaqdan əlaqəsi olmayanlar da deyinir, gileylənir: “Yenə pul yığacaqlar...” 

Vəziyyət o həddə çatıb ki, bu gün Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi də valideynlərə çağırış edib. Ki, Müəllimlər Günü münasibəti ilə pul yığılması yolverilməzdir. 

Biz hər il oktyabr ayı başlayanda bu söhbətlərin şahidi oluruq. İlk baxışda burada qeyri-adi, pis heç nə yoxdur. Məktəb dövlətə tabe olan müəssisədir, orada rüşvət almaq, rüşvət vermək qadağandır. 

Məni ən çox yandıran bilirsiniz nədir? 

Hə, düz oxudunuz. Bu məqam məni odsuz-alovsuz yandırır...

Sosial şəbəkələrdəki müzakirələrdə müəllimlərə hədiyyə verilməsinə qarşı çıxan adamlardan birini şəxsən tanıyıram. Həkimdir. Pulu verməsən, adama adi qarın ağrısı dərmanı da yazmaz. Mən hələ əməliyyat zamanı necə bazar açmağından danışmıram...

“Şəffaf cəmiyyət” uğrunda mübarizə aparan adamlardan biri isə, əlində bapbalaca səlahiyyəti olan məmurdur. Ən azı 3 manat almasa, arayış verməz. 

Günümüzə bax, ölmüş adamın ifadəsini əsas götürüb, günahsız vətəndaşı məhbəsə göndərən hakim də məktəblərdə pul yığılmasına qarşı çıxır. Deyir ki, qanunsuzdur. 

Bu günlərdə dürüstlük damarı qabaran adamların arasında çoxlu sayda gömrük məmuru, vergi müfəttişi, DYP əməkdaşı da var. Hətta, əsgərin valideynindən kontur istəyən zabit də rüşvət və korrupsiyaya qarşı “savaş” açıb. 

Qəbir yerini pulla satan dələduz bələdiyyə sədri də müəllimləri bir dəstə çiçəklə təbrik etməyin əleyhinədir: "Qanunsuzdur". 

“Kurtlar Vadisi” serialında maraqlı bir səhnə var; yol polisləri Çakırı saxlayanda belə deyir: “Bir gecədə hüquq dövləti olduq”. 

Nədənsə hər dəfə Müəllimlər Günü yaxınlaşanda, Azərbaycanda hamı qanunpərəst olur. Əvvəli 99, axırı 999-la bitən maşın nömrəsi üçün 50 min “şirinlik” verən adam belə 10 manat verib müəllimə gül almağa qıymır... 

Sovet dövründə də belə idi; prokurora, məhkəməyə söz deyə bilməyənlər müəllimə dil uzadırdılar... 

Seymur VERDİZADƏ 


Telegram kanalımız
Seçilən
63
1
yenisabah.az

2Mənbələr