“Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə əsasən, ali təhsil müəssisəsində diplom əldə etmək üçün əlavə ödəniş tələb olunmur. Qanunvericiliyə görə, diplom almaq ali təhsil prosesinin bir hissəsi hesab olunur və bu sənədin təqdim edilməsi üçün təhsil alanlardan ödəniş tələb etmək qanunsuzdur”.
Musavat.com bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert qeyd edib ki, ali təhsil müəssisəsi tələbələrdən diplom üçün ödəniş tələb edərsə, bu, qanunvericiliyin pozulması hesab olunur və buna qarşı hüquqi tədbirlər görülməlidir:
“Azərbaycan Respublikasının Təhsil Qanununun müvafiq maddələrinə (Təhsil müəssisələrinin vəzifələri) əsasən, təhsil müəssisələri tələbələrin təhsilini qanunvericiliyə uyğun olaraq təşkil etmək və təhsil aldıqlarına dair sənədləri – diplom, sertifikat və s. – vermək vəzifəsinə malikdirlər. Təhsil müəssisələri bu xidmətlər üçün əlavə ödəniş tələb edə bilməzlər.
Bundan əlavə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, qanunvericiliklə müəyyən olunmuş hüquq və vəzifələrdən kənar tələbələrin hüquqlarının pozulması inzibati məsuliyyət yarada bilər. Yəni ali təhsil müəssisəsi tələbələrdən diplom üçün ödəniş tələb edərsə, bu, qanunvericiliyin pozulması hesab olunur və buna qarşı hüquqi tədbirlər görülməlidir”.
Xatırladaq ki, sosial şəbəkələrdə Gəncə Dövlət Universitetinin tələbələrindən diplomlarını götürmələri üçün pul tələb edilməsi ilə bağlı görüntülər yayılıb.
Universitet görüntülərlə bağlı açıqlama yayıb.
Açıqlamada bildirilib ki, görüntülərdə tələbələrdən pul tələb edən şəxs cəzalandırılıb:
“Gəncə Dövlət Universitetinin Tələbələrin Qeydiyyatı və Dövlət Nümunəli Sənədlərlə İş Sektorunun müdiri Qüdrət İlyas oğlu Verdiyev işində verdiyi ciddi nöqsanlara görə 30 sentyabr 2024-cü il tarixdə tutduğu vəzifədən azad olunub”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta