AZ

Fəsil dəyişdi, havalar soyuyur: mövsümi xəstəliklərdən necə qorunaq?

Fəsil dəyişikliyi və havaların soyuması ilə əlaqədar olaraq, uşaqlar arasında soyuqdəymə, öskürək, qızdırma və burun axması kimi hallar müşahidə olunur. Adətən, havalar soyuduqca mövsümi xəstəliklər də özünü göstərməyə başlayır. Mütəxəssislərin fikrincə, havanın dəyişməsi immun sistemini zəiflədə və virusların yayılma riskini artıra biləcəyindən vaxtında lazımi tədbirlərin görülməsi vacibdir. Bəs mövsümi xəstəliklərlə necə mübarizə aparaq?

Tibb elmləri doktoru, professor Adil Qeybulla İqtisadiyyat.az-a açıqlamasında deyib ki, bütün profilaktik vasitələrə əməl olunsa da, havaların soyuq keçdiyi dövrdə yoluxucu xəstəliklərdən, tənəffüs yolunun kəskin respirator virus infeksiyalarından (KRVİ) qorunmaq həmişə müşkül məsələ olub.

Onun sözlərinə görə, belə infeksiyaların çox asanlıqla insanlara yoluxması onlara qarşı mübarizəni də çətinləşdirir: “Bu infeksiyalar hava-damcı yolu ilə yayılır. Ona görə də adi təmaslar onların yoluxması üçün kifayətdir. Bir nəfərin soyuqdəyməsi zamanı onun yuxarı tənəffüs yollarında fəallaşan infeksiya artıq bir ailənin xəstələnməsi deməkdir. Çünki həmin şəxs istər-istəməz ailənin digər üzvləri ilə təmasda olur və bu xəstəlik də yayılır. Eyni zamanda xəstə olan kəs işə gedirsə, orada da xəstəliyi digər şəxslərə keçirir”.

A.Qeybulla mövsümi xəstəliklərə qarşı mübarizə yollarından da danışıb. O, özündə mövsümi xəstəliyin simptomlarını müşahidə edən şəxslərə işə getməməyi, özünütəcrid rejiminə keçməyi və bununl da həm özlərini, həm də ətrafdakıları qorumağı tövsiyə edib: “Eyni zamanda, bu xəstəliyi olanlar qoruyucu maskalardan istifadə etməli və digər şəxslərlə məsafə saxlamalıdırlar. Pandemiya təcrübəsi göstərdi ki, nə qədər qorunsan və virusun yükü nə qədər az olsa, xəstəliyin də geniş yayılmasının qarşısı bir o qədər alınmış olar. Çox təəssüflər olsun ki, insanlar bəzən bu məsələləri ciddiyə almırlar. Amma bununla yanaşı geyimə də xüsusi diqqət etmək vacibdir. Geyim rejimi havaya görə seçilməlidir. Artıq sərinlər düşür, xüsusilə də axşamlar havalar daha da soyuyur. Çox adam bəzən müəyyən yerlərdə nazik geyimdə əyləşdikdə, bu, soyuqdəyməyə səbəb olur. Bir sözlə, geyim rejiminə diqqət etmək, sağlam qidalanmaq, immun sistemini möhkəmləndirmək, vitamin D qidalarından -meyvə-tərəvəzlərdən daha çox istifadə etmək, immun sistemini möhkəmləndirmək və fiziki aktiviyi yüksəltmək çox vacibdir”.

Tibbi ekspert Rasif Bağırov isə İqtisadiyyat.az-a açıqlamasında deyib ki, havaların soyuması ilə əlaqədar yavaş-yavaş bəzi xəstəliklər artmağa başlayır. O, eyni zamanda payız mövsümünün insan orqanizmində müəyyən mineral və vitaminlərə ehtiyac duyulan fəsil olduğunu söyləyib:

“Çünki həmin aylarda müəyyən vitamin minerallarının çatışmazlığı nəticəsində orqanizmin müqaviməti aşağı düşür. Ona görə də payız mövsümündə müəyyən qədər xəstəliklərdən qorunmaqdan ötrü müəyyən qüvvətləndirici və gücləndirici dərmanlardan istifadə etmək mütləq lazımdır”.

R.Bağırov valideynləri övladlarını xəstə uşaqlarla təmasdan qorumağa çağırıb: “Eyni zamanda havanın temperaturunun dəyişməsinə uyğun olaraq bədən temperaturunun stabil saxlanmasına imkan yaratmaq və uşaqların qidalanmasına, eləcə də istirahətinə ciddi diqqət yetirmək tövsiyə olunur. Bütün bu tədbirlərə riayət etdikdə bədən müqaviməti yüksək olur və uşaqların orqanizminin xəstəliklərə qarşı mübarizəsi yaxşı gedir”.

 

Sadiq Cavadov

Seçilən
42
10
iqtisadiyyat.az

10Mənbələr