AZ

“Azərbaycan Futbol Hakimləri” İB-nin iclası keçirildi

Ötən gün “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin ənənəvi Ümumi Yığıncağının iclası baş tutub. 

Fanat.Az xəbər verir ki, görüşdə Birliyin üzvləri olan veteran və aktiv hakimlər iştirak ediblər.
 
İclası giriş sözü ilə açan qurumun sədr Gülağa Cabarov iştirakçıları salamlayıb və bu il ərzindəki fəaliyyətləri barədə məlumat verib, keçirilən görüşlər və seminarlar haqqında danışıb. Sabiq komitə sədri futbol hakimliyimizdə olan müsbət məqamları qeyd edib və ədalət təmsilçilərimizin beynəlxalq arenada daha çox təyinat almalarını xüsusi vurğulayıb. 

Daha sonra qarşıdakı dövr üçün fəaliyyət planı üzərində fikir mübadiləsi aparılıb. İştirakçılar Birlik tərəfindən hakimliyin təbliği üçün tədbirlərin artırılması, əlamətdar hadisələrin qeyd edilməsi və azarkeşlər arasında futbol oyun qaydaları ilə bağlı maarifləndirmənin aparılmasına ehtiyac olduğunu səsləndiriblər.

Sonda Birliyin üzvlüyünə müraciət etmiş yeni şəxslərin üzvlüyü təsdiq olunub. 

Qeyd edək ki, “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyi 2003-cü ildən fəaliyyət göstərir və AFFA-nın üzv təşkilatıdır. Təşkilatın məqsədi futbol hakimliyinin və futbol oyun qaydalarının bütün üsul və vasitələrlə təbliği və inkişafına kömək etməkdən ibarətdir. 

Seçilən
82
5
fanat.az

6Mənbələr