Xəbər verdiyimiz kimi, Azərbaycanın Rusiyaya yeni səfiri təyin edilib. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Sənədə əsasən, Rəhman Sahib oğlu Mustafayev Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Digər sərəncamla isə R.Mustafayev Azərbaycanın Niderlanddakı səfiri vəzifəsindən geri çağırılıb.
ARANTV.AZ Rəhman Mustafayevin dosyesini təqdim edir:
Rəhman Sahib oğlu Mustafayev 26 sentyabr 1963-cü ildə Bakı şəhərində anadan olub. 1980–1985-ci illərdə Moskva Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil alıb. 1985–1987-ci illərdə hərbi xidmətdə olub.
1993–1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya-analiz xidmətinin baş məsləhətçisi işləyib. 1994–1997-cı illərdə isə Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinin əvvəlcə üçüncü, sonra ikinci, ardınca birinci katibi vəzifəsində çalışıb.
1997–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri olub. 2000–2006-cı illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində müşavir, 2006-cı ilin may-noyabr aylarında isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktor müavini olub. 2006-cı ilin noyabrından 2009-cu ilədək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktoru kimi fəaliyyət göstərib.
Rəhman Mustafayevin diplomatik fəaliyyətinə gəlincə, o, Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2017-ci il tarixli Sərəncamı ilə Yunanıstan Respublikasındakı və eyni zamanda Albaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
23 iyun 2017—17 oktyabr 2022 tarixləri arasında Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri, 2022-ci ildən 1 oktyabr 2024-cü il tarixinədək isə Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta