AZ

Prezident Rusiyaya yeni səfir təyin etdi - FOTO + DOSYE

Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Korrespondent.az bildirir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Sərəncama əsasən, Rəhman Sahib oğlu Mustafayev Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçısının digər Sərəncamı ilə Rəhman Mustafayev Azərbaycanın Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycanın Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

1993-cü ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya-analiz xidmətinin baş məsləhətçisi işləyib. 1994-1997-cı illərdə Azərbaycanın Rusiyadakı səfirliyinin əvvəlcə üçüncü, sonra ikinci, ardınca birinci katibi olub. 1997-1999-cu illərdə Dövlət Əmlak Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri olub.

2000-2006-cı illərdə Azərbaycanın Rusiyadakı səfirliyində müşavir, 2006-cı ilin may-noyabr aylarında Azərbaycan XİN-in birinci ərazi idarəsinin direktor müavini olub.

2006-cı ilin noyabrından 2009-cu ilədək Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktoru olan R.Mustafayev daha sonra ölkəmizin Yunanıstanda, eyni zamanda Albaniyada, daha sonra isə Fransada fövqəladə və səlahiyyətli səfiri olub.

61 yaşlı R.Mustafayev 2022-ci ilin oktyabrından Azərbaycanın Niderlanddakı səfiri idi.

Onu da qeyd edək ki, ölkəmizin Rusiyadakı əvvəlki səfiri Polad Bülbüloğlu VII Çağırış Milli Məclisin deputatı seçildiyi üçün vəzifəsindən geri çağırılıb.

Seçilən
0
26
korrespondent.az

10Mənbələr