AZ

İsveçin “Aktuell Hållbarhet” qəzetində COP29 haqqında məqalə dərc olunub

İsveçin geniş oxucu kütləsinə malik olan və ətraf mühitin mühafizəsi, iqlim və davamlı inkişaf mövzularını işıqlandıran “Aktuell Hållbarhet” qəzetində Azərbaycan Respublikasının Norveç, İsveç, Finlandiya və Danimarkadakı səfiri Zaur Əhmədovun noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), həmçinin Azərbaycanın Sədrliyinin bu mötəbər tədbirlə bağlı prioritetləri və təşəbbüsləri haqqında məqaləsi dərc olunub.


AZƏRTAC xəbər verir ki, müəllif Azərbaycanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında uçurumu aradan qaldırmaq və bütün sektorlarda iqlim dəyişikliyi ilə mübarizədə iddialı fəaliyyətləri təşviq etmək üzrə qlobal iqlim diplomatiyasının aparıcı rolundan bəhs edir.


Məqalədə diplomat bu yaxınlarda kiçik ada dövlətlərindən daha az inkişaf etmiş ölkələrə qədər iqlim dəyişikliyi ilə mübarizə üzrə ən aktual tədbirlərdə iştirak etmiş Azərbaycanın ekologiya və təbii sərvətlər naziri və COP29-un təyin edilmiş Prezidenti Muxtar Babayevin hərəkətsizliyin dağıdıcı nəticələri barədə xəbərdarlığına, beynəlxalq ictimaiyyətin böhranla mübarizəyə hazır olduğuna dair nikbinliyini ifadə etməsinə istinad edib.


Z.Əhmədov diqqətə çatdırıb ki, COP29-un başlıca mövzusu iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyələşdirmənin artırılması yolu ilə konkret tədbirlərin həyata keçirilməsinin mümkünlüyünü təmin etmək olacaq. Bu, iqlimin maliyyələşdirilməsi üçün yeni kollektiv kəmiyyət məqsədinin işlənib hazırlanmasına əsaslanan və Azərbaycan tərəfindən müəyyən edilmiş əsas prioritetdir.


Səfir vurğulayıb ki, Azərbaycan COP29-dan sülhü təşviq etmək və diqqəti münaqişələrlə ətraf mühitin çirklənməsi arasında əlaqəyə cəlb etmək üçün bir platforma kimi istifadə edəcək.


“Dünya COP29-a hazırlaşarkən, Azərbaycan iqlim böhranı qarşısında birliyə çağırır. Hökumətləri, biznesləri, vətəndaş cəmiyyətlərini və beynəlxalq təşkilatları bir araya gətirməklə, COP29 1,5 dərəcə Selsi hədəfi əldə edilə biləcək sürəti artırmaq və konkret nəticələr əldə etmək məqsədi daşıyır. Bu kontekstdə bizim mesajımız aydındır: indi hərəkət etmək vaxtıdır və daha yaşıl dünya axtarışında hər bir töhfə çox vacibdir”, - deyə Z.Əhmədov fikirlərini yekunlaşdırır.

Seçilən
21
1
ekologiya.az

2Mənbələr