Niderland yığmasının keçmiş futbolçusu Uesli Sneyder məşqçilik karyerasına başlamaq planı barədə söhbət açıb.
Arena.az “Voetbal International” dərgisinə istinadən, keçmiş futboçunun bu barədə fikrini təqdim edir:
“Mənim cəmi 40 yaşım var, vaxtım da çoxdur. Əslində, təlim kursuna hələ başlamamışam, bunların hamısı planlaşdırmadadır. Mən həqiqətən məşqçilik karyerasına başlamağa hazırlaşıram. Amma hələ də bəzi şəxsi işlərim var, əlbəttə, bu, başlanğıca mane olur”, deyə Sneyder bildirib.
Xatırladaq ki, hücumameylli yarımmüdafiəçi mövqeyində çıxış etmiş Sneyder özünün futbolçu karyerasına 2019-cu ilin avqustunda xitam verib.
Sneyder karyerası ərzində “Ayaks”, “Real”, “İnter”, “Qalatasaray”, “Nitsa” və Qətərin “Əl-Ğarafa” komandalarında çıxış edib.
Uesli Sneyder 2003-cü ilin aprelində debüt etdiyi Niderland yığmasının heyətində 134 oyun keçirib, 31 qol və 32 məhsuldar ötürmə ilə fərqlənib.