AZ

Macarıstan “İslam dövləti” əleyhinə koalisiyaya sadiqdir

Macarıstan

Budapeşt, 1 oktyabr, AZƏRTAC

“İslam dövləti”nə qarşı beynəlxalq koalisiyanın ABŞ Dövlət Departamentində keçirilən iclasından sonra Macarıstan hökumətinin nümayəndəsi terrorizm və nəzarətsiz miqrasiya ilə mübarizədə İraq və regionun digər ölkələrinə dəstək verilməsinin vacibliyini bəyan edib.

AZƏRTAC bu barədə Macarıstan mətbuatına istinadla xəbər verir.

On il əvvəl yaradılan və 87 ölkədən ibarət koalisiya uğurlu əməliyyatlar həyata keçirərək “İslam dövləti”nin sarsıdıb və artıq onun bu gün İraqda güc olmadığı hər kəs tərəfindən qəbul edilir. Bununla belə, Yaxın Şərqin və Şimali Afrikanın daha geniş coğrafi bölgəsində onunla əlaqəli terror qrupları hələ də mövcuddur. Bunu MTI-yə müsahibəsində Macarıstan Xarici İşlər Nazirliyinin təhlükəsizlik və enerji siyasəti üzrə dövlət katibi Peter Staray deyib.

Macarıstan rəsmisi bildirib ki, İraq hökuməti ölkənin hələ də beynəlxalq dəstəyə ehtiyacı olduğunu bəyan edib. Onun sözlərinə görə, koalisiya ölkələri bu köməyi edəcək. Staray deyib: “Macarıstan əsgərləri hələ də İraqdadır. Koalisiya nümayəndə heyətinin liderləri İraq və Suriyada əvvəllər İŞİD-dən azad edilmiş ərazilərin bərpası üçün 394 milyon dollar toplamağa söz veriblər. Artıq 200 milyon dollardan çox vəsait toplanıb. Eyni zamanda, onlar İŞİD-in harada fəaliyyət göstərməsindən asılı olmayaraq, onu məhv etməyə sadiq olduqlarını vurğulayan bəyanat yayıblar”.

Peter Staray qeyd edib ki, Macarıstan təhlükəsizliyin gücləndirilməsi və miqrasiya ilə mübarizə tədbirlərinin həyata keçirilməsinə töhfə vermək üçün Çad ilə, o cümlədən humanitar, iqtisadi və təhlükəsizlik elementləri ilə əməkdaşlığa başlayır. Onun sözlərinə görə, 2015-ci ilin miqrasiya dalğası göstərdi ki, Macarıstanın miqrantların nəzarətsiz axınının Avropa təhlükəsizliyini sarsıdacağı barədə mövqeyi tamamilə haqlıdır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Seçilən
60
azertag.az

1Mənbələr