AZ

Qaxda toxum sərgi-satış yarmarkası keçirilib

Qax rayonunda toxum sərgi-satış yarmakası keçirilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yarmarkada dənli (arpa, buğda), tərəvəz, pambıq bitki sortları və toxumları sərgilənib, həmçinin satışa çıxarılıb.

Toxum sərgi-satış yarmarkasında Şəki-Zaqatala iqtisadi rayonunu əhatə edən Balakən, Qax, Qəbələ, Şəki, Zaqatala, Oğuz rayonlarından toxumçular və bu sahədə fəaliyyət göstərən özəl şirkətlər iştirak ediblər.

Bildirilib ki, yarmarkanın keçirilməsində məqsəd payızlıq əkinlər ərəfəsində fermerlərin sertifikatlaşmış, iqlimə uyğun, keyfiyyətli toxuma əlçatanlığını təmin etmək, toxum bazarını və yerli toxumçuluğu inkişaf etdirməkdir.

Yarmarkalarda əkin materialı kimi sertifikatlı toxumdan istifadənin üstünlükləri, yerli şəraitə və torpaq xüsusiyyətlərinə uyğun toxum seçimi, məhsuldarlığın artırılmasında aqrotexniki qulluğun rolu barədə fermerlərə məlumat verilib.

Qax rayonu Nizami parkının qarşısında keçirilən festivallarda Kənd Təsərrüfatı Nazirliyinin müvafiq strukturları və digər dövlət qurumları öz xidmətləri barədə fermerləri məlumatlandırıblar.

Eyni zamanda, festivalda toxum və toxuma qulluq vasitələri, müasir suvarma sistemləri, müxtəlif kənd təsərrüfatı texnika və aqreqatları, pilotsuz uçuş aparatları, bitki mühafizə vasitələri təqdim olunub.

Kənd təsərrüfatı məhsullarının nümayişi ilə bərabər, festival çərçivəsində Kredit yarmarkası keçirilib. Yarmarkada fermerlərə müxtəlif kredit məhsulları, aqrar təyinatlı kreditlərin verilmə şərtləri və digər məsələlərlə bağlı məlumat verilib.

Qeyd edək ki, cari il ərzində ölkənin 10 müxtəlif rayonunda toxum sərgi-satış yarmarkası təşkil edilib və analoji tədbirlərin Cəlilabad, Şabran, Beyləqan rayonlarında da keçirilməsi nəzərdə tutulur.

Seçilən
159
4
sam.az

5Mənbələr