Bakıda ərzaq sistemləri ilə bağlı "Fəaliyyətə Çağırış" bəyanatı imzalanıb.
FED.az xəbər verir ki, bəyanat Bakı İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsində keçirilən beynəlxalq konfransda imzalanıb.
Sənədi imzalayan tərəflər qlobal ərzaq sisteminin Paris İqlim Sazişi, Kunmin-Monreal Qlobal Biomüxtəliflik Çərçivəsi, 2030-cu ilədək Davamlı İnkişaf Gündəliyi və Şarm əl-Şeyx Adaptasiya Proqramına uyğunlaşdırılması istiqamətində iş aparacaqlar.
Bu razılaşmalar ərzaq təhlükəsizliyi, biomüxtəliflik və iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə davamlı inkişafın dəstəklənməsi məqsədilə konkret tədbirlər görməyi nəzərdə tutur.
Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4 oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.
Bu tədbir, noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlim gündəliyinin əsasını qoyacaq.
İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyət və KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir araya toplayacaq.
Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər və urbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kənd təsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşıl bacarıqlar" olacaq.
Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlət qurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlim həllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm, təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.
İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsində şəhərin müxtəlif guşələrində bir çox tədbirlər təşkil ediləcək. (Trend)