AZ

Azərbaycanda sığorta bazarına yeni düzən gələcək

Bu ilin ilk yarısında yoxlama və nəzarət tədbirləri çərçivəsində maliyyə sektoru iştirakçılarına qarşı 135 min manat cərimə tətbiq edilib. 

Bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə 2024-cü ilin ilin ilk yarım ili üzrə keçirilən Maliyyə Sabitliyi hesabatının təqdimatında deyib. O bildirib ki, cərimələrin əsas səbəbi hesabatlılıq və biznes strategiyasında çatışmazlıqlarla bağlıdır: 

"Bu dövrdə 37 lisenziya ləğv edilib ki, bunun da böyük hissəsi sığorta agentlikləri ilə bağlı olub". 

Həmçinin qeyd edib ki, Azərbaycanda sığorta şirkətləri üzrə kapital tələbi artırıla bilər. O bildirib ki, hazırda Mərkəzi Bank “Solvency ll” standartlarının tətbiqi üzərində iş aparır. 

Yeni standartlar tətbiq edildikdən sonra sığorta şirkətlərinin risk əsaslı kapital tələbi ilə bağlı müəyyən artımlar ola bilər: 

“Yəni, bu, minimal kapital tələbinə aid deyil”. 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a açıqlamasında deyib ki, Azərbaycanda yerli sığorta şirkətləri təkrar sığorta edənlərin yığımları, ödənişləri üzrə öhdəliklərini demək olar yerinə yetirə bilmirlər:

“Nəticə etibarilə təkrar sığorta edənlərin fəaliyyətində maliyyə sabitliyi strategiyası pozulur, əsas sığorta bazarının iştirakçıları arasında hüquqi mübahisələr çoxalır. Buna görə də Mərkəzi Bank mütəmadi olaraq maliyyə nəzarətini həyata keçirir. 

İstər sığorta, istərsə də bank olmayan kredit təşkilatları ilə bağlı intizam tədbirlərini görülür. Əsas maliyyə pozuntularına adətən törəmə və təkrar sığorta edənlər, bank olmayan kredit təşkilatları tərəfindən yol verilir”. 

Ekspert bildirib ki, sığorta agentliklərinin əsas problemi rəqabətli mühitin olmamasıdır:

“Ölkəmizdə daha geniş imkanları olan sığorta şirkətlərinə nisbətən digər sığorta şirkətlərinin bazara çıxış imkanları məhduddur. Buna görə də bazarda yeni sığorta təklifləri yaratmaq çətinləşir. Nəticədə sığorta şirkətləri bazarda duruş gətirə bilmədiklərinə görə Mərkəzi Bank tərəfindən ya lisenziyaları ləğv edilir, ya da özlərini müflis elan edirlər. Yəni, faktiki olaraq bazarda çətinliklər var”. 

O vurğulayıb ki,  “Solvency ll” 2016-cı ilin yanvar ayından Avropa İttifaqı ölkələrində tətbiq edilir:

“Artıq bu ildən etibarən avrozonalarda “Solvency ll”-nin “Solvency lll”-lə əvəz olunması üçün müzakirələri aparılı və süni intellektə rəqəmsal kodlamanın tətbiq edilməsi gözlənilir. Yəni, süni intellekt avtomatik olaraq hesabatları hazırlayaraq mərkəzi bazaya ötürəcək və sığorta şirkətlərinin vəziyyəti ilə bağlı ümumi mənzərə,  konkret individual statistik məlumatlar ortada olacaq”. 

R.Abbasbəyli diqqətə çatdırıb ki, Azərbaycan Avropanın 2016-cı il yanvar ayında qəbul etdiyi proqramı 8 ildən sonra tətbiq etməyə hazırlaşır: 

“Amma nəzərə almaq lazımdır ki, “Solvency ll” proqramı rəqabət mühiti olan sığorta və maliyyə bazarlarında daha effektiv nəticələrə səbəb ola bilir. Çünki “Solvency” daha şəffaf və ictimai hesabatlılığı təmin edən bir proqrama çevrilir”. 

Seçilən
125
cebheinfo.az

1Mənbələr