İsrail silahlı qüvvələrinin İranın proksi qüvvələrinə qarşı hərbi əməliyyatları genişləndirməsi Ermənistanda narahatlıqla qarşılanıb.
Çünki Yaxın Şərqdə baş verən müharibə regionda geosiyasi balansın dəyişməsinə gətirib çıxaracaq. Bu da Cənubi Qafqazdakı proseslərə təsir göstərə bilər. Məhşur politoloq Suren Surenyantsın “Ermənistan ətrafında partlayıcı vəziyyət” başlıqlı məqaləsi İran ətrafında cərəyan edən hadisələrin ermənilər arasında böyük qorxuya səbəb olduğunu göstərir.
Suren Surenyats qeyd edir ki, İsrailin İranı hədəf alması Ermənistanın bir dövlət kimi mövcudluğunu sual altında qoya bilər: “İsrail ordusunun piyada qoşunları Livana daxil olub, artilleriya isə hücumların coğrafiyasını genişləndirir,Livan ərazisi atəşə tutulur.
Bu, çox qorxulu məlumatdır, onun dərin nəticələrini bir çox soydaşlarımız dərk etmir. Beynəlxalq münasibətlərdə güc amili təcavüzkar dövlətlərə göz yuman yeganə həlledici amilə çevrilir və Ermənistan kimi zəif dövlətlər dövlətçiliyi itirmək və ya saxlamaq kimi real dilemma ilə üzləşirlər. Livana müdaxilə edən İsrail rəsmən “Hizbullah”a qarşı müharibə etsə də, əsl hədəfi İrandır.
Bütün bunların nəticəsində ya Ermənistanın ərazi bütövlüyünün təmin edilməsində mühüm amil olan İranın regional təsiri zəifləyəcək, ya da İran böyük müharibəyə cəlb olunacaq ki, bu da ABŞ və İsrail üçün Azərbaycanı strateji rolunu xeyli artıracaq. Qoy, Allah bizə ağıl versin. Allah, Ermənistan Respublikasını qoru”,-politoloq belə yazır.
Suren Surenyantsın təhlili və proqnozları hər iki halda proseslərin Ermənistanın əleyhinə cərəyan etdiyini təsdiqləyir.
Belə ki, Cənubi Qafqaz geopolitik baxımdan Yaxın və Orta Şərqin tərkib hissəsi hesab olunur. Ona görə də İran ətrafında hadisələrin hansı istiqamətdə inkişafından asılı olmayaraq, Ermənistan üçün arzuolunmaz vəziyyət yarana bilər.
Birinci ehtimala görə, İsrail müharibəni genişləndirərək İranın Yaxın Şəqrdəki proksi qüvvələrinin böyük əksəriyyətini məhv edir və öz sərhədlərindən uzaqlaşdırır. Bu halda İranın Yaxın Şərqdə və Cənubi Qafqazda geosiyasi təsiri zəifləyəcək. Zəngəzur dəhlizi məsələsində Azərbaycana, Türkiyəyə və Rusiyaya qarşı son illər müqavimət mərkəzi rolunu oynayan İranın “qırmızı xətti”ni qorumaq imkanları aradan qalxacaq.
Çünki İranın mövqeyi kommunikasiyaların açılmasından yayınmaq üçün Ermənistan hakimiyyəti üçün əlverişli manevr meydançasıdır.
Lakin İranın zəiflədilməsi və başının digər problemlərə qarışması fonunda Zəngəzur dəhlizinin açılmasında maraqlı olan Azərbaycan, Türkiyə və Rusiyanın manipulyasiya imkanları xeyli azalan Ermənistana təsiri artacaq. Erməniləri narahat edən də məhz budur.
İkinci ehtimal İranın müharibəyə cəlb edilməsi variantı ilə bağlıdır. İsrailin bütün proksi qüvvələri məhv etdikdən sonra təhlükənin əsas mənbəyi kimi İranı sıradan çıxarmaq planının olduğunu nəzərə alsaq, bu variantı birmənalı şəkildə inkar etmək olmaz. Netanyahu hökuməti Tehrandan idarə olunan bütün proksi qüvvələri zərərsizləşdirə bilsə, o zaman əməliyyatları sona qədər davam etdirmək və İrana aviazərbələr endirmək qərarı verə bilər.
Bu halda İranın parçalanması istisna edilmir. Prezident Məsud Pezeşkianın Nyu-Yorkda iranlılarla keçirdiyi görüşdə də İran daxilində bir hadisə baş versə, ölkənin Azərbaycan (Güney), kürdlər, əhvazlar, bəluclara bölünəcəyi barədə açıqlaması təsadüfi deyil.
Yəni, İran müharibəyə cəlb olunsa, dağılacaq və bu zaman Ermənistanın cənub sərhədlərində təxminən 286 min kv.km əraziyə malik Güney Azərbaycan dövləti yaranacaq. Ermənistan şərqdən və cənubdan Azərbaycan, qərbdən isə Türkiyənin əhatəsində qalacaq.