Bakıda 2 ay əvvəl baş verən qəzada əzilən maşınlara dəymiş zərər hələ də ödənməyib.
Avqustun 5-də Yasamalda 165 nömrəli avtobusun qəza törətməsi nəticəsində 22 avtomobilə zərər dəymişdi.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı avtomobillərə dəymiş zərərin miqdarının hesablanaraq ödənməsi mövzusu uzun müddət müzakirə edilsə belə, sonradan mövzu gündəmdən düşüb. Sürücülərə dəymiş zərərin ödənib-ödənməməsi məsələsi onları narahat edən əsas problemə çevrilib.
Bununla bağlı redaksıyamıza daxil olan şikayət əsasında sürücülərdən açıqlama almağa çalışsaq da, danışmaq istəmədilər. Aldığımız məlumatlara əsasən, sürücülər məsələdən narahat olsalar belə, aralarında məhkəməyə müraciət edən olmayıb.
Məsələ ilə əlaqədar 165 nömrəli marşrut xəttinin aid olduğu “Çinar Trans” MMC-dən sorğumuza cavab olaraq bildirildi ki, hadisə zamanı əzilmiş, yararsız hala düşmüş avtomobillərə dəyən zərərin miqdarı böyük olduğu üçün məbləğin bir hissəsi ödənilib. Geri qalan hissəsi də ödənilməkdədir.
Hülya