Avstriyada keçirilən parlament seçkilərində ifrat sağçı Azadlıq Partiyası (FPÖ) qalib gəlib. Herbert Kiklin rəhbərlik etdiyi Azadlıq Partiyası 28,8 faiz səs toplayıb. Bu səs təkbaşına hakimiyyətə gəlməyə imkan verməsə də, koalision hökumətin ortaqlarından biri olmağa və nəticələrdə lider olmağa kifayət edir.
Modern.az xəbər verir ki, FPÖ baş katibi Mixael Şnedlitz deyib: “Avstriya kişiləri və qadınları bu gün tarix yazdılar”.
Avropanın ən qədim ifrat sağçı partiyalarından biri olan FPÖ 1956-cı ildə yaradılıb. FPÖ-yə əvvəlcə keçmiş nasist məmuru və SS zabiti rəhbərlik etsə də, siyasi təşkilat 1980-ci illərin ortalarına qədər nisbətən mötədil liberal partiya kimi mövcudluğunu davam etdirirdi. Lakin Yorq Hayderin rəhbərliyə gəlişi ilə partiya radikal sağa keçdi.
FPÖ iki dəfə Avstriya Xalq Partiyası (ÖVP) ilə koalisiya hökumətlərində iştirak edib, 1999-cu ildə 27 faiz, 2017-ci ildə isə 26 faiz səs toplayıb. Lakin hər iki koalisiyanın ömrü qısa olub. Birincisi 2002-ci ildə partiyadaxili fikir ayrılıqlarına görə, ikincisi isə 2019-cu ildə qalmaqal nəticəsində bitib.
Hazırda partiyaya keçmiş daxili işlər naziri Herbert Kikl rəhbərlik edir. FPÖ-nin “Avstriya Azadlıq qalası” adlı seçki proqramı partiyanın xəttini açıq şəkildə ortaya qoyur. Partiya ölkənin hazırkı immiqrasiya siyasətinə qarşıdır və qaçqınlara yardımın minimuma endirilməsinin tərəfdarıdır.
İqtisadiyyatda korporativ vergilərin və əmək xərclərinin azaldılması vədləri var. Xarici siyasətdə FPÖ Aİ-nin Rusiyaya qarşı sanksiyalarına və Ukraynaya daha çox yardıma qarşıdır. FPÖ-nin Vladimir Putinin “Vahid Rusiya” Partiyası ilə əməkdaşlıq müqaviləsi var. Partiya vahid Avropa ideyasına da şübhə ilə yanaşır.
Seçkilərdə iqtisadiyyat mühüm mövzudur. Avstriyada inflyasiya səviyyəsi təxminən iki ildir ki, Aİ-nin orta səviyyəsindən yüksəkdir. Artım tempi orta səviyyədən aşağı qalıb. İmmiqrasiya məsələsi seçkinin taleyini müəyyən edən faktorlardan olub.
Ötən ay Vyana polisi Teylor Sviftin konsertinə hücum etmək planının qarşısını alıb. Bu hadisə ölkədə immiqrasiya narahatlığını yenidən gündəmə gətirib. İqlim məsələsi də son vaxtlar ölkədə populyar gündəm olub. Son zamanlarda Avstriyada 5 nəfərin ölümünə səbəb olan Boris fırtınası və sel fəlakəti iqlim dəyişikliyini də aktual edib.
FPÖ-nün 183 yerlik Milli Şurada mütləq çoxluğu əldə etməsi alınmayıb. Buna görə də seçkidən sonrakı koalisiya danışıqları ölkənin gələcəyini müəyyən edəcək. FPÖ liderinin baş nazir olması üçün ciddi maneələr var. Avstriya Xalq Partiyası (ÖVP) Kiklin rəhbərlik etdiyi hökumətə qoşulmaqdan imtina edir və onu sələflərindən daha radikal olmaqda günahlandırır.
Avstriya prezidenti Aleksander Van der Bellen də Kiklə simpatik yanaşmır. Prezident bildirib ki, FPÖ qalib gəlsə belə, Kikli baş nazir təyin etmək mütləq deyil. FPÖ-nün qələbəsi təkcə Avstriya üçün deyil, bütün Avropa üçün mühüm nəticələr verə bilər.
Belə ki, İfrat sağçı partiyanın avroskeptik münasibəti Aİ daxilində balansa təsir edə bilər. Partiyanın immiqrantlara qarşı sərt mövqeyi Aİ-nin miqrasiya siyasətlərinə təsir edə bilər. Partiyanın Rusiyaya qarşı yaxın mövqeyi Aİ-nin Ukrayna siyasətinə və Rusiyaya qarşı sanksiyalarına təsir edə bilər. İfrat sağın uğuru digər Avropa ölkələrində ekstremist partiyaları cəsarətləndirə bilər.
Seçkinin nəticələrinə görə, ikinci yerdə Mühafizəkar Xalq Partiyası (ÖVP) 26,3 faiz səs toplayıb. Avstriyada keçirilən seçkilərdə ümumilikdə 6,3 milyon seçici səs verib. Seçkilərdə aktivlik 78 faiz olub. 183 yerlik parlamentdə yerlərin bölgüsü belə olacaq:
Azadlıq Partiyası (FPÖ) – 56
Mühafizəkar Xalq Partiyası (ÖVP) – 52
Sosial Demokratlar Partiyası (SPÖ) – 41
Qeyd edək ki, FPÖ 9 iyun 2024-cü ildə keçirilən Avropa Parlamenti seçkilərində də Avstriya üzrə qalib olmuşdu. Həmin vaxt Avstriyada 25,36 faiz səs toplayan FPÖ 24,52 faiz səs toplayan ÖVP və 23,22 faiz səs toplayan SPÖ-nü geridə qoymuşdu. Seçkinin nəticəsinə görə, FPÖ əvvəlki seçkinin keçirildiyi 2019-cu illə müqayisədə səslərini 8,16 faiz artırıb, ÖVP isə 10,03 faiz gücünü itirib.
FPÖ həm də beynəlxalq səviyyədə özünə ideoloji cəhətdən yaxın olan aktyorlarla əməkdaşlıq edir. İyun ayında FPÖ Macarıstanın baş naziri Viktor Orbanın partiyası Fidesz və Çexiyanın ifrat sağçı partiyası ANO bir araya gələrək Avropa Parlamentində “Avropa üçün vətənpərvərlər” adlı yeni parlament fraksiyası yaradacaqlarını açıqlamışdı.
Son seçkilərə gəlincə, kampaniya zamanı Kikl Volkskanzler (Xalq Kansleri) olmaq məqsədini bəyan etmişdi. Bəzi avstriyalılar nasist Almaniyasında Adolf Hitleri təsvir etmək üçün istifadə edilən bu ifadəyə görə onu sərt tənqid ediblər. Heç bir siyasi qüvvə FPÖ ilə koalisiya qurmaq istəmir, bu baxımdan digər partiyaların birləşərək hökumət quracağı və FPÖ-nün kənarda qalacağı ssenarinin reallaşması ehtimalı böyükdür.
Lakin istənilən halda ifrat sağın seçkilərdə birinci yerə çıxması ağrılı tendensiyadan xəbər verir və gələcəkdə səsləri artıracağını istisna etmir. Hansı formula üzrə koalisiyanın qurulacağı yaxın həftələrdə, bəlkə də aylarda bəlli olacaq, çünki ölkədə koalisiyaların yaradılması həmişə uzun bir proses olub.
Qeyd olunmalıdır ki, Avstriya Avropada ifrat sağın yüksəlişdə olduğu yeganə nümunə deyil. Tendensiya qoca qitənin digər ölkələrində də müşahidə olunur. Məsələn, İtaliyada İkinci Dünya Müharibəsindən sonra ilk dəfə olaraq ifrat sağçı qüvvələr hakimiyyətə gəldi.
Fransada Marin Le Penin partiyasının Avropa Parlamentinə seçkilərdə qalib gəlməsi Makronu parlamentin aşağı palatasını buraxmağa və hökuməti dəyişməyə məcbur etdi. Robert Fitso hökumətinin keçən payızda Slovakiyada hakimiyyətə gəlməsi və Niderlandda keçən ilki seçkilərdə Geert Vildersin qələbəsi ifrat sağın yüksəlişinə nümunələrdir.
Almaniyada ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) Partiyası ilk dəfə federal əyalətlərdən birində – Türingiyada qalib gəldi, digər ikisində – Saksoniya və Brandenburqda keçirilən yerli seçkilərdə rekord yüksək nəticələrlə ikinci yeri tutdu...
Modern Təhlil və Araşdırma Qrupu