AZ

Bakı İqlim Həftəsi COP29-un önəmini daha da artıracaq...

Image

Flora Hacıyeva: “Tədbir iqlim dəyişmələri ilə mübarizədə yeni mərhələnin başlanğıcı hesab olunur, eyni zamanda enerji sektoru…”

Bu gün dünyanın əksər ölkəsində ekoloji tarazlığın pozulmasından yaranan problemlərin aradan qaldırılması üçün müxtəlif diskussiyalar, müzakirələr aparılır. İndi Yer kürəsinin hər hansı regionunda baş verən təbii fəlakət təkcə həmin ərazinin deyil, bütün dünyanın problemi sayılır və onu aradan qaldırmağın yolları birgə axtarılır.  

Demək olar ki, artıq dünyanın itirə biləcəyi meşələr, çəmənliklər, bitki örtüyü ilə zəngin sahələri qalmayıb. Odur ki, "qırmızı xətt"i keçmək daha ağır fəlakətlərə yol aça bilər. 

Noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29)   insanların sağlam mühitdə yaşaması və təbii sərvətlərdən rasional istifadə edilməsi, xalqın rifahının yaxşılaşdırılması üçün davamlı tədbirlər  görülməsi haqqında məsələlərin  müzakirəsi ön planda olacaq. Məlumat üçün bildirək ki, bu günlərdə Bakıda İqlim Fəaliyyəti Həftəsi keçirilir. COP29 ərəfəsində Bakıda belə bir həftənin keçirilməsi təqdir olunur. 

“COP29 kimi mötəbər bir tədbirin Bakıda keçirilməsi beynəlxalq aləmdə Azərbaycana böyük hörmət və etimadın göstəricisidir” 

Ekoloq Flora Hacıyeva “Bakı-Xəbər”ə şərhində bildirdi ki, COP29 kimi mötəbər bir tədbirin Bakıda keçirilməsi beynəlxalq aləmdə Azərbaycana böyük hörmət və etimadın göstəricisidir: “COP29 ərəfəsində Bakıda İqlim Həftəsinin keçirilməsi Azərbaycanda iqlim dəyişmələrinə qarşı mübarizəni sürətləndirmək üçün dövlət səviyyəsində aparılan müzakirələrin genişləndirilməsi baxımından mühum əhəmiyyətə malikdir. Bakı İqlim Fəaliyyəti Həftəsi, həmçinin Azərbaycanın iqlim dəyişmələrindən irəli gələn cari problemlərini aradan qaldırmaq və "yaşıl" keçidin təklif etdiyi imkanları araşdırmaq üçün əhəmiyyətli  platforma rolunu oynayacaq. Danılmaz faktdır ki,  Azərbaycan   iqlim dəyişmələri ilə mübarizə aparan və problemin həllinə töhfə verən ölkələr arasındadır. COP29 müddətində dünyanın nəbzi Bakıda döyünəcək, təxminən 70-80 min xarici qonağa qucaq açacaq. Tədbir iqlim dəyişmələri ilə mübarizədə yeni mərhələnin başlanğıcı hesab olunur, eyni zamanda enerji sektoru, miqrasiya sahələrinin inkişafı nöqteyi-nəzərindən müsbət əhəmiyyətə malikdir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, iqlim dəyişikliyi qlobal temperaturun artmasına, buzlaqların əriməsinə, dəniz səviyyəsinin qalxmasına, anomal hava şəraitlərinə və bioloji müxtəlifliyin azalmasına səbəb olur: “İqlim dəyişikliyi, eyni zamanda, qlobal ərzaq təhlükəsizliyini təhdid edir və su resurslarının azalmasına gətirib çıxarır. Əgər həmin proses nəzarətsiz qalarsa, bəşəriyyətin və Yer kürəsinin gələcəyi üçün fəlakətli nəticələr qaçılmaz olacaq. Bakıda keçirilən İqlim Həftəsində qeyd edilən problemlərin həlli ilə bağlı fikirlər, müzakirələr aparılır”.

Günel CƏLİLOVA





Seçilən
24
baki-xeber.com

1Mənbələr